Vaşinqtonda “Tramp Marşrutu” müzakirə olundu: Azərbaycan və Ermənistan nümayəndələri bir arada
Vaşinqtonda Ermənistan, Azərbaycan və ABŞ-dən olan şirkət və təşkilat nümayəndələrinin iştirakı ilə “Tramp Marşrutu” adlanan nəqliyyat və iqtisadi əməkdaşlıq təşəbbüsünə dair müzakirələr aparılıb.
“İşlərin yerlərdə nə vaxt başlayacağını dəqiq bilmirəm, amma bu gün Vaşinqtonda Ermənistan, ABŞ, Azərbaycan və digər maraqlı təşkilatların nümayəndələrinin iştirak etdiyi görüş keçirilib. Görüşdə proqram çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub”,-deyə Amerikanın Xarici Siyasət Şurası nəzdində Mərkəzi Asiya və Qafqaz İnstitutunun proqram direktoru Laura Linderman bildirib.
Crossmedia.az xəbər verir ki, müzakirələrin həm Ermənistan, həm də Azərbaycanla aparıldığına dair qeyd olunanda, Linderman belə cavab verib:
“Vaşinqtondan olan maraqlı şirkətlər, Amerika şirkətləri Azərbaycan və Ermənistanın biznes sektoru nümayəndələri ilə görüşür”.
“Tramp Marşrutu”nun digər regional nəqliyyat təşəbbüsləri, məsələn, Çinin “Bir kəmər, bir yol” təşəbbüsü ilə necə uzlaşacağı barədə suala cavabında o qeyd edib:
“Qafqazı Mərkəzi Asiya və Avropa ilə, həmçinin şimalı cənubla birləşdirən tranzit dəhlizlərinin sayının artması daha yaxşıdır. Bu, Ermənistan üçün daha çox iqtisadi inteqrasiya deməkdir və ümid edirəm ki, bu, Ermənistanda daha çox iş yeri və daha yaxşı gələcək demək olacaq. Mən əlavə dəhlizlər yaradılması məsələsinə çox müsbət yanaşıram”.
“Tramp Marşrutu”nun Cənubi Qafqazdakı vəziyyəti necə dəyişə biləcəyi barədə suala cavabında isə Linderman bildirib ki, bu, gələcəkdə Cənubi Qafqaza böyük fayda verə bilər:
“Cənubi Qafqaz nə qədər çox əməkdaşlıq edə bilsə, bir o qədər güclü olacaq. Bu, regionun iqtisadi inteqrasiya imkanlarını və ərazi boyunca güclü marşrutlara sahib olma potensialını artırır”.
“Tramp Marşrutu”nun fəaliyyətini hansı şirkətin koordinasiya edəcəyi barədə suala isə o belə cavab verib:
“Bildiyim qədərilə Avropa, Mərkəzi Asiya və ABŞ-dən müxtəlif beynəlxalq şirkətlərlə danışıqlar aparılır. Ona görə hesab edirəm ki, ‘Tramp Marşrutu’ üzərində müxtəlif şirkətlər çalışacaq”.
Rusiyanın bu prosesə hansı formada inteqrasiya olunacağı barədə suala Linderman cavablandırıb:
“Düşünmürəm ki, Rusiya ümumiyyətlə bu dəhliz prosesinə daxil olacaq. Amma ola bilər ki, onların Ermənistanla birlikdə işlədikləri başqa dəhlizləri var, məsələn, Şimal–Cənub dəhlizi kimi”.
Türkanə Məşədiyeva
19:43 05.11.2025
Oxunuş sayı: 1687