Vəkillər Kollegiyası Rəyasət Heyətinin iclasında bir sıra qərarlar qəbul edilib
Noyabrın 5-də Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (VK) Rəyasət Heyətinin növbəti iclası keçirilib.
Bu barədə Crossmedia.az-a VK-dan bildirilib.
Kollegiyanın sədri Anar Bağırov Rəyasət Heyətinin cari fəaliyyəti, görülən işlər, habelə qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib.
İclasın gündəliyinə uyğun olaraq vəkilliyə qəbul məsələsinə baxılıb. İxtisas imtahanlarının yazılı və şifahi mərhələlərini, eləcə də icbari təlim proqramını uğurla başa vuran namizədin andiçmə mərasimi keçirilib. Namizəd vəkil etikası prinsiplərinə və peşə borcuna sadiq qalacağına dair and içərək Kollegiyanın sıralarına qəbul olunub. Ona vəsiqə təqdim edilib.
Həmçinin iclasda Bakıda fərdi qaydada fəaliyyət göstərən vəkilin yeni kabinetdə fəaliyyətə başlaması, bəzi vəkillərin digər vəkil qurumlarına keçməsi, o cümlədən təhsillə əlaqədar üzvlük haqqlarından azad olunma ilə bağlı müraciətlər müzakirə edilərək müvafiq qərarlar qəbul edilib.
Bundan əlavə, “Qanunçuluq” Vəkil Bürosunda aparılan monitorinqin nəticələri elan olunub. Bildirilib ki, yoxlamalar zamanı müəyyən nöqsanlar aşkarlanıb və onların qısa müddətdə aradan qaldırılması ilə bağlı müvafiq tapşırıqlar verilib. Eyni zamanda, gələcəkdə monitorinq mexanizmlərinin daha da təkmilləşdirilməsi qərara alınıb.
Eyni zamanda, iclasda “Qalib Azərbaycan” IV Vəkil bədii yaradıcılıq müsabiqəsinin nəticələri də müzakirə olunub. Qeyd edilib ki, Vəkil Klubu tərəfindən Vətən müharibəsinin beşinci ildönümünə həsr olunmuş müsabiqəyə təqdim olunan əsərlər arasında üç nəfər qalib seçilib.
Bundan başqa, Ədliyyə Nazirliyindən daxil olmuş Xüsusi İcra Məmurlarının Müsabiqə və İntizam Komissiyalarının tərkiblərinə üzvlərin təyin olunmasına dair məktub müzakirə olunub. Rəyasət Heyətinin qərarına əsasən, Kollegiya tərəfindən Xüsusi İcra Məmurlarının Müsabiqə Komissiyasına VK Rəyasət Heyətinin üzvü Lalə Nağıyeva, Xüsusi İcra Məmurlarının İntizam Komissiyasına isə Vəkillərin İntizam Komissiyasının sədri Cavid Alıyev təyin edilib.
Sonda Kollegiyanın fəaliyyətinə dair digər cari və əhəmiyyətli məsələlərə də baxılıb, müvafiq tapşırıqlar və qərarlar qəbul edilib.
19:56 05.11.2025
Oxunuş sayı: 1591