Ankarada Azərbaycanın Zəfər Gününə həsr olunmuş təntənəli tədbir keçirilib
Türkiyənin paytaxtı Ankarada 8 Noyabr - Azərbaycanın Zəfər Gününə həsr olunmuş təntənəli tədbir keçirilib.
Crossmedia.az xəbər verir ki, tədbirdə Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov, Türkiyənin milli müdafiə naziri Yaşar Gülər, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri, millət vəkili Şamil Ayrım, Böyük Birlik Partiyasının (BBP) sədri Mustafa Destici və partiyanın digər üzvləri, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) sabiq sədri Düsen Kaseinov, digər tanınmış simalar, Azərbaycan və Türkiyə ictimaiyyətinin nümayəndələri iştirak edib.
Tədbirdə çıxış edən Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov Vətən Müharibəsində qardaş ölkənin dəstəyini vurğulayıb: "Bu gün dünyada heç bir güc, heç bir ölkə Türkiyə-Azərbaycan dostluğuna, qardaşlığına xələl gətirə bilməz. Buna nə gücü, nə də cəsarəti yetər. Çünki bu dostluq qanla möhürlənib, sınaqlardan keçib, tarixin dərinliklərindən gələn qardaşlıqdır. Bu gün Azərbaycan Türkiyə müttəfiqliyi Qafqazın qəlbi ilə Anadolunu ruhunu birləşdirməklə sadəcə regional əməkdaşlığa deyil, bütün türk dünyasının gələcəyinə, sülhə, sabitliyə ən böyük töhfə verməkdədir".
Yaşar Gülər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycanın Qarabağ zəfəri münasibətilə salam və təbriklərini çatdırıb, şəhidləri rəhmətlə anıb, qazilərə cansağlığı diləyib.
Tədbirin bədii hissəsində Türkiyənin tanınmış mədəniyyət xadimləri, o cümlədən Türkiyədə yaşayan tanınmış pianoçu, Azərbaycanın Əməkdar artisti İslam Manafovun ifaları səsləndirilib.(Report)
21:38 05.11.2025
Oxunuş sayı: 1276