CROSSMEDIA - Orban: Ukrayna NATO-ya üzv olmayacaq
Xarici xəbərlər

Orban: Ukrayna NATO-ya üzv olmayacaq

Macarıstanın Baş naziri Viktor Orban Ukraynanın NATO-ya üzv olmayacağını və Rusiya ilə alyans arasında bufer zona olaraq qalacağını bəyan edib. O, bu fikirləri Macarıstan parlamentinin yaz sessiyasının açılışında səsləndirib.

Crossmedia.az TRT Haber-ə istinadla  bildirir ki, ABŞ Prezidenti Donald Trampın yenidən hakimiyyətə gəlməsi ilə bu qərar daha da aydın olub.

“ABŞ-dəki  seçkilərdən sonra Ukraynanın NATO-ya üzv olmayacağına qərar verilib. Ukraynanın və onun ərazilərinin gələcək taleyi Macarıstanın təhlükəsizliyi üçün mühüm əhəmiyyət kəsb edir. Bu məsələ atəşkəs və sülh danışıqları yolu ilə həll edilməlidir”, – deyə Orban bildirib.

Macarıstan Baş naziri əlavə edib ki, bağlanacaq sülh sazişi ölkəsinin və digər NATO üzvlərinin təhlükəsizliyini təmin etməlidir.

“Ukraynanın yenidən bufer zona statusu alması lazımdır və bu məsələ uyğun şəkildə tənzimlənməlidir. Görünən odur ki, bu məsələ təkcə avropalılar tərəfindən və bəlkə də ilk növbədə onlar tərəfindən həll olunmayacaq”, – deyə Orban vurğulayıb.

Qeyd edək ki, Viktor Orban daha əvvəl də Ukraynanın NATO-ya üzvlüyünə qarşı çıxıb və Rusiya ilə sülh müqaviləsinin imzalanmasını təklif edib.

Fidan Xəlilova

20:05 24.02.2025

Oxunuş sayı: 1174

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ
metbuat-150-illiyi

SON XƏBƏRLƏR