CROSSMEDIA - Agentlə aktyor qarşı- qarşıya: "Putin susub, görünmür"
Avropa

Agentlə aktyor qarşı- qarşıya: "Putin susub, görünmür"

Bu gün Rusiya- Ukrayna müharibəsinin üçüncü ili tamam olur. 2022-ci il fevralın 24-də başlayan savaş fərqli hərbi, geosiyasi reallıqlara səbəb olub. Əlbəttə, həmişə olduğu kimi, müharibənin ağırlığı indi də daha çox dövlət başçılarının üzərindədir. Rusiya Prezidenti Vladimir Putin və Ukrayna lider Volodimir Zelenski üç ildir ki, qalib gəlmək uğrunda mübarizə aparırlar. Onlardan biri keçmiş peşəkar agent və polkovnik, digəri isə aktyordur. Müharibəyə qədər gördükləri, arzuları, yaşam tərzləri, idealları, bəlkə də, çox fərqli idi. Amma indi ikisi də "eyni gəmidədir": Putin də, Zelenski də onlara qurulan oyundan sağ çıxmaq istəyir. Bu isə hər iki ölkə liderinin psixologiyasına təsir edir.

Hərbi ekspert, tanınan psixoloq Azad İsazadə Crossmedia.az-a açıqlamasında Putinlə Zelenskinin psixoloji portretlərini cızdı: "2022-ci ildə Rusiya-Ukrayna müharibəsi başlayanda dünya iki  liderin –  Putin və Zelenskinin  böhran vəziyyətində necə davrandığını yaxından izləməyə başladı. Bir tərəfdə siyasi təcrübəsi az olan, amma müharibə zamanı güclü liderlik nümayiş etdirən Zelenski vardı. Digər tərəfdə isə 20 ildən çoxdur hakimiyyətdə olan, lakin böhran anlarında susqunluğu və qeyri-müəyyən reaksiyaları ilə tanınan Putin. Müharibə təkcə döyüş meydanında deyil, həm də informasiya və siyasi arenada davam edirdi. Zelenski 2019-cu ildə böyük reytinqlə prezident seçildi, lakin 2-3 il ərzində onun reytinqi xeyli azaldı. Müharibə başlayana kimi biz onu siyasətçi və müharibə aparan dövlətin lideri kimi görməmişdik. Amma  o, müharibə  başlayan zaman qaçmadı, əksinə, mübarizəyə başladı. Cəmiyyəti səfərbər edə bildi. Göstərdi ki, Ukrayna xalqı mübarizə aparacaq. Zelenski bu baxımdan liderlik qabiliyyətini nümayiş etdirir. Doğrudur, savaşdan sonra ona xeyli suallar veriləcək. Lakin Ukrayna lideri böhran meneceri kimi özünü çox yaxşı göstərdi".

Ekspert Putinin uzun illərdir siyasi səhnədə olduğunu xatırladıb: "O, 1999-cu ildə əvvəlcə baş nazir oldu. Sonra isə prezident postunu tutdu. Rusiya lideri əvvəllər  fərqli situasiyalarda dəfələrlə özünü göstərib. Amma  böhran anlarında Putin özünü itirir, susur, yoxa çıxır. Gözləyir ki, vəziyyət dəyişsin. Şübhəsiz ki, hansısa addımlar atır, amma lider qabaqda olmalı, hamıya yol göstərməlidir. Putin bunu bacarmır. Biz üç il fərqli epizodlarla, o cümlədən "Vaqner"çilərin üsyanında bunu aydın görmüşük. Ümumiyyətlə, son üç ildə Putin faktiki olaraq görünmür. Kiçik nailiyyətlərdən- hansısa qəsəbənin, kəndin tutulmasından danışır və bunu böyük qələbə kimi təqdim etməyə çalışır. Halbuki reallıqda cəbhədə vəziyyət Ukrayna üçün elə də gərgin deyil. Doğrudur, Ukrayna bəzən geri çəkilməli olur. Ancaq heç bir ərazi döyüşsüz təhvil verilmir. Bununla yanaşı, Ukrayna ordusu Rusiyanın Kursk vilayətinin müəyyən hissəsini nəzarətə götürüb. Bu, Ukrayna üçün ciddi nailiyyətdir. Amma Putin bunu dilə gətirmir, əksinə, yalanlar danışır".

Psixoloq siyasi rəhbərlərin bədən dilinə də toxunub: "Putinin bəzi davranışlarına əsasən deyə bilərəm ki, onun mərkəzi sinir sistemində problemlər var. Belə davranışlar bəzi patologiyalarda müşahidə edilir. Zelenskinin bədən dilini oxumaq isə daha çətindir. O, peşəkar aktyordur və mimikalarından ustalıqla istifadə edir. Bəzən aldadıcı mesajlar göndərsə də, bir fakt dəyişməzdir: onun bədən dili ilə səsləndirdiyi sözlər üst-üstə düşür. Hətta yalan danışsa belə, jestləri və bədən dili bunu təsdiqləyir. Yəni Zelenski özünü ələ vermir, ifşa etmir".


Xumar Əhmədova

16:07 24.02.2025

Oxunuş sayı: 1429

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ
metbuat-150-illiyi

SON XƏBƏRLƏR