Vitse-spiker: Sülh müqaviləsinin imzalanmaması Ermənistanın manipulyasiyalarının nəticəsidir

Sülh müqaviləsinin imzalanmaması Ermənistanın manipulyasiyalarının nəticəsidir.
Crossmedia.az xəbər verir ki, bunu Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov “Yüksəliş” müsabiqəsi tərəfindən keçirilən “Gələcəyə baxış: Yeni reallıqlar şəraitində suverenliyin möhkəmləndirilməsi” forumunda iştirakçıların suallarını cavablandırarkən deyib.
Onun sözlərinə görə, rəsmi İrəvan ilk əvvəllər "5 baza prinsipi"ni qəbul etmişdi:
“Amma sonra cığallıq etməyə başladılar. Ermənistan müstəqil, suveren dövlət olmadığından Bayden administrasiyasının təzyiqi ilə sülh müqaviləsini ertələdi. Artıq 17 bəndlik müqavilənin 15 bəndi razılaşdırılıb. Onlardan biri Zəngəzur dəhlizinin açılmasıdır. Ermənistan bunun baş tutmamasını gah İran, gah Fransa, gah da ABŞ-nin üstünə atdı".
Z.Əsgərov əlavə edib ki, razılaşdırılmamış digər bənd Ermənistan konstitusiyasındakı ərazi iddiaları məsələsidir:
"Onların Müstəqillik Bəyannaməsində göstərilib ki, “Dağlıq Qarabağ” Ermənistan ərazisidir. Artıq Ermənistan rəsmiləri bəyan ediblər ki, yeni konstitusiya layihəsi hazırlanır. Nikol Paşinyan da dedi ki, ondan əvvəl edilən dəyişikliklər legitim sayıla bilməz. Biz isə müqaviləni baş nazirlə deyil, Ermənistan dövləti ilə imzalamaq istəyirik".
15:25 21.02.2025
Oxunuş sayı: 6060