CROSSMEDIA - Avarlar - qüdrətli türk imperiyası (III yazı)
Araşdırma

Avarlar - qüdrətli türk imperiyası (III yazı)

Avar imperatorluğunun süqutu. Avar imperatorluğunun ağır məğlubiyyəti onun dağılması prosesini sürətləndirdi. Tabe edilmiş tayfalardan ilk olaraq Bogemiya tayfa ittifaqını yaradan qərb slavyanları baş qaldırdılar. Bizans avarlara qarşı slavyanlarla ittifaq bağladıqdan sonra üsyanların miqyası daha da genişləndi. 620-ci illərin əvvəllərində Samo adlı frank tacirin Bizansın təsiri ilə qərb slavyanlarını Avar hakimiyyətinə qarşı qaldırdığını qeyd edə bilərik. “Fredeqar xronikası”nda 623-cü ildə Samonun başçılığı ilə qərb slavyanlarının (venedlər, çexlər, lutiçlər, bodriçlər) üsyanının qalibiyyətlə nəticələndiyi və 630-cu ildə qısa müddətli bir dövlət qurduqları öz əksini tapmışdır. Burada Knyaz Somonun Avar dövlətinin tərki-bində ilk slavyan dövlətinin hakimi olduğu qeyd edilir. 

VII əsrin əvvəllərində slavyanlar İlliriyaya daxil olaraq oradakı avarları qovdular. Həmin ərazilərdə Xorvatiya, Sloveniya, Serbiya, Bosniya və Dalmasiya adları ilə kiçik dövlətlər yaratdılar. Lanqobardlar isə avar vassallığına son qoyub Şimali İtaliyada müstəqil dövlətə çevrildilər. Amma Avar xaqanlığına ən böyük zərbəni Kubratın və ya Qurdun başçılıq etdiyi bolqar-oqur tayfaları vurdu. Baş verən üsyanlar səbəbindən xaqanlığın ərazisi kiçilmiş, avarların əlində yalnız indiki Macarıstan, Karpatlar, Dunay çayının sağ və sol sahilləri qalmışdı. 

Bizansın bir barbarı digər barbar vasitəsilə ortadan qaldırmaq siyasəti bu dəfə onların işinə yaramadı. Avarlara qarşı ərazilərinə dəvət etdiyi slavyanlar Trakiya, İlliriya, hətta bütün Polopennesi ələ keçirdilər. Belə ki, Dunay slavyanlarından başqa sklavinlər də avarların hakimiyyətindən qurtuldular. 

Qərb slavyanlarının ardınca cənub slavyanlarının Dunay ittifaqı da mübarizəyə başladı. Xaqanlığın zəifləməsi, qənimətin tükənməsi və işğalçı müharibələrə ara verilməsi avar əyanları arasındakı narazılığı daha da dərinləşdirdi. 630-cu ildə Bayan xaqanın ölümü bu prosesin sürətlənməsinə təkan verdi. Bayan xaqanın tabeliyində olan 30 minlik süvari qoşun ilə birlikdə Qafqazı, Şərqi və Mərkəzi Avropanı ələ keçirmiş və hunlardan sonra bölgədə ikinci böyük türk dövlətinin əsasını qoymuşdu. Mənbələrdəki məlumatlara əsaslansaq, Bayan xaqan Kostantinopolun mühasirəsindən sonrakı üç ilini slavyan üsyançıları cəzalandırmaqla keçirmiş və 90 yaşında vəfat etmişdir. Onun ölümü Avar xaqanlığının siyasi və iqtisadi cəhətdən zəifləməsinə səbəb oldu.  

Avar taxtına Bayan xaqanın ikinci oğlu keçdi və 600/603-630-cu illərdə hakimiyyəti idarə etdi. Yeni xaqanın seçilməsi zamanı avarlarla bulqar kutriqurları arasında yaranan gərginlik ikincilərin 631-ci ildə Frank torpaqlarına qaçması ilə nəticələndi. M.İ.Artamanov bu barədə yazır: “Frank kralı Daqobert öncə onları Bavariyaya köçürməyə razı olmuş, fəqət ardından təhlükəli qaçqınların qılıncdan keçirilməsini əmr etmişdi”. Fredeqarın verdiyi məlumata görə, 9 min kutriqur-bulqardan sadəcə 700 nəfəri qurtulmuş, əvvəlcə knyaz Altsekin rəhbərliyi ilə öncə slavyanlara sığınmış, daha sonra İtaliyaya lanqobardların yanına getmiş, nəhayət Benevitin hersoqluğunun sərhədləri daxilində məskunlaşdılar. İtalyan tarixçisi Pavel Diokon qeyd edir ki, bu bulqarlar IX əsrdə latın dilində danışsalar da, lakin hələ də öz dillərini unutmamışdılar.

630-670-ci illərdə II Bayan xaqan tərəfindən idarə olunan xaqanlıqda üsyançı təbəələrin çıxışları geniş vüsət aldı. II Bayan xaqan dövlətin mərkəzi strukturlarını dağılmağa qoymadı. Bu zaman Bizansın diplomatik təzyiqləri Qara dəniz bozqırlarındakı bulqar boylarını da təsirləndirdi. Bulqarlar Bizans imperatoru İrakli ilə yaxın əlaqələr qurmuş Kubrat xanın rəhbərliyi ilə VII əsrin 30-cu illərinin əvvəllərində güclü bir konfederasiya qurdular. Lakin 635-ci ildə bulqar xanı Kubrat avarların hakimiyyətindən xilas olaraq Dnepr və Dnestr çayları arasında Bulqar çarlığının əsasını qoydu. Bu amil Kubrat xanın oğlu Asparux xana cənub slavyanlarının Dunay tayfa ittifaqları ilə bağladığı müqavilə əsasında Bizansa və avarlara qarşı mübarizə aparmağa geniş imkanlar yaratdı. Məhz bu fəaliyyətin nəticəsində avarlar Qara dənizin şimalından və aşağı Dunaydan tamamilə qovuldular. Avarların hakimiyyəti yalnız Pannoniya və ətraf ərazilərlə məhdudlaşdı. 640-cı ildə avarlar xorvatlar tərəfindən daha bir ərazidən–Dalmasiyadan sıxışdırılıb çıxarıldılar.

660-cı ildən etibarən avarlar əvvəlki güclərini bərpa etdilər. Bolqar tayfalarına vurulan ağır zərbələr nəticəsində 9 min bolqar avarlardan qaçaraq Bavariya əyalətinə sığındı.  

VII əsrin 70-ci illərinin əvvəllərində Avar imperatorluğunun zəifləməsini nəzərə alan Bizans verdiyi illik xəracı ödəməkdən boyun qaçırdı və diplomatik əlaqələri kəsdi. Buna cavab olaraq, avarlar Karpat vilayətlərinə hücum edərək, ticarət yollarının əsas məntəqələrini ələ keçirdilər. Xırda qələbələrə baxmayaraq avar ordusunun  hərbi qüdrəti sarsılmış, əsas cəngavər birləşmələri sıradan çıxarılmışdır. 

670-ci ildə II Bayan öldü və yerinə oğlu III Bayan keçdi. Əslində, həmin tarixdən 790-cı ilə qədər avarlara başçılıq edən xaqanların adları məlum deyil. Bizans mənbələri onları, sadəcə, “xaqan” olaraq qeyd edirlər. III Bayan xa¬qan bol¬qar-lar arasında yaranan iğtişaşlardan istifadə edərək 678-ci ildə Bizansa elçi göndərib normal münasibətlər qurmağı təklif etdi. Bəhs olunan dövrdə Sirmiumun avarların əlində olduğu aydın olur. Belə ki, III Bayan xaqan Sirmiumdakı avarların başına Kubratın oğlu Kuveri təyin etmişdi. Amma 680-ci ildə üsyan edən Kuver avarları məğlub edib, başçılıq etdiyi slavyan, bolqar və avar qəbilələri ilə Makedoniyaya köç etdi. Kubratın digər oğlu Asparux isə avarların nəzarətindəki Qara dəniz ilə Balkan dağları arasındakı Dunay bölgəsini ələ keçirdi. 680-ci ildə Bizans ordularını məğlub edən Asparux burada Dunay-Bolqar dövlətinin əsasını qoydu. Beləcə, Avar xaqanlığının nəzarətindəki ərazilər türk tayfları tərəfindən bölüşdürüldü. Buna baxmayaraq, avarlar hələ də Mərkəzi Avropanın ən böyük hərbi-siyasi gücü hesab olunurdu. 

VIII əsrin sonlarında Avar fenomeni artıq Avropa üçün o qədər də qorxulu düşmən deyildi. Avarlar eyni vaxtda Bavariyada franklarla, Şimali İtaliyada Papa dövləti ilə müharibəyə başladılar. Bavariyanın işğalı Avar xaqanlığı ilə Frank dövlətini Avropada üz-üzə gətirdi. Uzun müddət avarların vassalı olan franklar Roma papaları ilə yaratdıqları münasibətlər sayəsində dirçəlmişdilər. 

Lanqobard kralı Liutprandın (712-744) Avar xaqanlığından hərbi yardım istəməsi avarların İtaliyaya müdaxilə etməsi ilə nəticələndi. 729-cu ildə avarlar lanqobardların bələdçiliyi ilə Roma qapılarına qədər gəldilər. Papa II Qriqorun (715-731) Avar və Lanqobard hökmdarları qarşısında yalvarması Romanın hücumdan xilas olması ilə nəticələndi. 733-cü ildə avarlar Roma imperiyasının ikinci paytaxt şəhəri olan Ravennanı ələ keçirdilər. Papa III Qriqor (731-741) şəhəri azad etmək üçün venesiyalılardan kömək istəsə də bir nəticəsi olmadı. Bundan sonra Papa III Qriqor Karolinq hökmdarı Şarl Martelə müraciət etdi. Papa III Qriqor Avar vassallığını qəbul etmək məcburiyyətində qalıb, lanqobardların vasitəçiliyi ilə 20 illik sülh müqaviləsini imzaladı. Müqaviləyə görə, avarlar illik xərac müqabilində Ravennanı latınlara geri qaytardılar. 751-ci ildə Ravennanı təkrar işğal edən avarlar 753-cü ildə Romaya qədər gəldilər. Avar təhlükəsindən Romanı xilas etmək üçün Papa II Stefan (752-757) böyük çətinliklə Frank hökmdarı III Pepinin (751-758) hüzuruna çıxaraq yardım istədi. Papa Pasxa bayramı günü Pepinin oğlanları olan Çarlz ilə Şarlemanı Frank taxtının varisləri elan edib, onların xaç atası oldu. Bu yolla frankların köməyinə bel bağlayan Papa 754-cü ildə böyük bir ordu ilə ölkəsinə geri qayıtdı. 

Bəhs olunan dövrdə avarlar Avropanın feodal münasi¬bətlərində muzdlu döyüşçü kimi iştirak etdiklərindən Frank kralı Böyük Karl (768-814) 787-ci ildə onlardan əmisi oğlu Hersok Tassilo ilə aralarındakı mübarizədə istifadə etdi. Həmin dövrdə avarlar ilə franklar Reyn çayı sahillərində qızğın müharibə aparırdılar. 788-ci ildə Avar ordugahına qədər gələn III Tassilo xoş qarşılandı. Bu, 791-811-ci illər arasında 20 il davam edən Avar-Frank müharibəsinə gətirib çıxardı. Eyni vaxtda Avar xaqanlığının daxilində də siyasi vəziyyət gərgin idi. Frank krallığının annalarında avar-frank müharibələri haqqında qeyd edilir ki, “791-ci ildə Karl özünün çoxsaylı ordusunu avarlara qarşı mübarizəyə yönəltdi, ordunu üç hissəyə böldü, özü Dunay çayının cənub sayilboyu əraziləri ilə hərəkət edərək 52 gün avarların ölkəsini talan etdi. 796-cı ildə Karl oğlu Pepinlə birlikdə avarların Dunay və Qərbi Tissa arasındakı ən mühüm qalalarını fəth etdi”. Bulqar xanı Krum 803-804-cü illərdə avarlara həmlə edərək onların Orta Dunaya qədər olan bütün ərazilərini zəbt etdilər. 

Avar-Frank döyüşlərinin davam etdiyi bir vaxtda Şimali İtaliyada frank ordusunun başçısı Pepin qəflətən Pannoniyadakı avarların qərargahını ələ keçirdi. 797-ci ildə avar səfirləri Böyük Karla sədaqət andı içdilər. Qeyd edək ki, franklara qarşı döyüşləri davam etdirən avarlar onları 797-799-cu illərdə bir neçə dəfə məğlub etdilər. 

Avar xaqanlığının ciddi daxili siyasi böhran keçirdiyi bir vaxtda, 798-ci ildə xaqan xristianlığı rəsmi şəkildə qəbul etdi. Hətta Papa avarlar üçün Zalsburq yepiskopluğu yaratdı. Ə.Nəcəfin fikrincə, xaqanın bu davranışı avarların etirazına səbəb oldu. Özlərini xristian xalqların hakimi sayan məğrur avar bəyləri qullarının dinini qəbul etməkdən imtina etdilər. Hətta 802-ci ildə sülh təklifi ilə ölkələrinə gələn frank elçilərini öldürdülər. Buna baxmayaraq, 805-ci ildə Avar xaqanı xristianlığı rəsmi din elan etdi. Müəllif mənbələrə istinad edərək avarların son üç hökmdarı olan Teodor, Abraham və İsaqın xristian adlar daşıdığını qeyd edir. 

Avar imperatorluğuna sonuncu zərbə 805-ci ildə Frank krallığı tərəfindən vuruldu. Avarlar arasındakı çaxnaşmalardan yararlanmağa çalışan Frank kralı Karl 811-ci ildə böyük hərbi yürüşə çıxaraq avar xaqanı İsaqın hərbi düşərgəsinə hücum etdilər. “Zalsburq anonimləri” mətnlərində avarların son dövrlərinə dair qiymətli məlumatlara rast gəlinir. Qeyd olunur ki, 798-ci ildən etibarən Zalsburqda yaradılmış arxiyepiskopluq avarlar arasında xristianlığı təbliğ edirdi. Sonuncu avar xanı 805-ci ildə xristianlığı qəbul etməli oldu. 796-805-ci illər arasında davam edən frank-avar müharibələri nəticəsində franklar avarların qalıqlarını özündən asılı vəziyyətə saldı. Eynqard (IX əsr) Böyük Karlın avarlarla mübarizəsini belə təsvir edir: “Əgər Saksoniya müharibəsi nəzərə alınmazsa, Karlın apardığı bütün müharibələrdən ən böyüyü onun avarlara qarşı etdiyi müharibədir. Pannoniyaya yürüşə şəxsən Karl özü rəhbərlik etmişdi. Taxtı oğlu Pepinə, vilayətlərin idarəsini isə hakimlərə tapşırmışdı. 8 il davam edən müharibə nəticəsində burada nə qədər qan axıdıldığını Pannoniyanın əhalisinin azalması və xaqanın iqamətgahının tamamilə viran edilməsi göstərir. Bu müharibədə bütün hun (avar) əyanları məhv oldu. On-ların şöhrəti yox oldu. Bütün xəzinə və toplanılmış sərvət talan edildi. İnsan yad-daşı bu qədər böyük qənimətin əldə edildiyi başqa bir müharibəni xatırlamır”. Daha sonra müəllif yazır ki, əgər franklar o dövrə kimi, əsasən, yoxsul və dilənçi kökündə idilərsə, indi xaqanın paytaxtında çoxlu qızıl və gümüş tapdılar, döyüşlərdə qiymətli qənimət əldə etdilər. Hunların haqsızlıqla başqa millətlərdən yığdıqları sərvətə franklar haqlı olaraq sahib oldular. Tarixçi İ.Erdeli avarların malik olduğu qızılın miqdarına toxunaraq avarların bir dəfədə 37 min kq qızıl xərac aldıqlarını yazır. Onun fikrincə, 625-ci ildə Bayan xaqan Bizansdan ölkəsinə 25 ton qızıl gətirmişdi. Avarların 150 ildən artıq Avro¬panı idarə etməsini nəzərə alsaq yoxsul frankların necə varlandıqlarını aydın şəkildə görmək mümkündür. 

Bütün bunlara baxmayaraq, Kral avarlara Savariya (Qərbi Macarıstan) ərazisində geniş torpaq sahələri ayırdı. 828-ci ildə Frank dövlətində aparılan islahatlar zamanı onlar kralın təbəələrinə çevrildilər və müstəqil fəaliyyət göstərməyə başladılar. Bunu həmin ilə aid tarixi məlumatlardan da görmək mümkündür. 843-cü ildə imzalanmış Verden müqaviləsinin mətnində “Avar krallığı”nın adı çəkilmişdir. Bütövlükdə, Avar xaqanlığı 889-cu ildə süquta uğradı. Pannoniyadakı Avar paytaxtının franklar tərəfindən zəbt edilməsindən sonra avarların əsas hissəsi Karpat dağları istiqamətinə çəkildilər və Macarıstandakı mövqelərini qorudular. Bunu 821 və 822-ci ildə Avar xaqanı tərəfindən Frank imperatoru Mömin Lüdoviqin (814-840) sarayına göndərilən elçi heyətinin varlığı da təsdiq edir. 

Qeyd edək ki, avarların qalıqları 899-cu ildə Pannoniyanı zəbt edən macarlarla qaynayıb-qarışdılar. Sağ qalan avarlar Qərbi Qara dəniz və Dunayətrafı ərazilərin xalqları ilə qaynayıb qarışaraq onların dilini, adət-ənənələrini mənimsədilər. Mənbələr həmin avarları “azad avarlar” adlandırır. Xüsusilə, xristian dinini qəbul edən avarlar Avropa xalqları arasında sürətlə əridilər. Ə.Nəcəfin fikrincə, Avropa xalqlarının genetikasına, etnik tərkibinə, milli şüuruna, həyat tərzinə avarlar qədər təsir edən ikinci türk xalqı olmayıb. Avar adı günümüzdə Avropada Almaniyanın ən böyük əyaləti olan Bavariyanın, Yunanıstanda Navarinonun, Albaniyada Antivarinin adında qoruyub saxlayır. Müasir dövrdə Qafqazda, o cümlədən Azərbaycanda yaşayan avarlar qədim avarların törəmələridir. Avarların varisi olan azsaylı sekəl xalqı isə bu gün də Karpat bölgəsində yaşayır.

Taleh Cəfərov
ADPU-nun Ümumi tarix və tarixin tədrisi texnologiyasi kafedrasının dosent əvəzi, tarix üzrə fəlsəfə doktoru

16:14 03.02.2025

Oxunuş sayı: 28636

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ
metbuat-150-illiyi

SON XƏBƏRLƏR