CROSSMEDIA - Professor: “Kimsə gözləmirdi ki, Rusiya bunu bacaracaq”-Müsahibə
Çarpaz baxış

Professor: “Kimsə gözləmirdi ki, Rusiya bunu bacaracaq”- Müsahibə

Rusiyanın Baş naziri Mixail Mişustin bəyan edib ki, Rusiya 2026-cı ildə bütün ölkəni və hətta Şimal qütbünü ucuz və sürətli internetlə təmin edəcək peyklər buraxacaq.

"Gördüyünüz kimi, Qərbin sanksiyaları Rusiyanı zəiflətmədi, əksinə, müstəqil texnoloji gücə çevirdi", - o bildirib. 

Əgər, doğrudan da, belədirsə, deməli, rəsmi Moskva böhranı fürsətə çevirməyi bacarır. Hərçənd belə olsa idi,  imperialist Rusiyanın indiki durumu daha yaxşı olardı. Bəlkə də, heç mümkün danışıqlarla bağlı səmimi olub-olmamasından asılı olmayaraq bəyanatlar verilməzdi. 

İqtisad elmləri doktoru, professor, Milli Məclisin dörd çağırış deputatı Rüfət Quliyev sanksiyaların Rusiya iqtisadiyyatına təsiri və mümkün ssenarilərlə bağlı “Crossmedia.az”-ın suallarını cavablandırıb. 


- Rusiyanın baş naziri Mixail Mişustin deyib ki, ölkəsinə qarşı sanksiyalar nəticə vermir. Bəs siz düşünürsünüz?

- Əslində vəziyyət tamam başqa cürdür. Rusiyaya qarşı son üç ildə minə yaxın sanksiya tətbiq edilib. Bu sanksiyalar, əlbəttə, Rusiyaya bu və ya digər formada təsir edib. Rusiyanın texnoloji sahəsi, valyuta ehtiyatları və digər sektorlar sanksiyalardan təsirlənib. İnsanların durumu getdikcə ağırlaşır. Onu da deyim ki, Rusiya iqtisadiyyatə hərbi yönümlüdür. Bu məqamı mütləq nəzərə almaq lazımdır. 

- Hərbi iqtisadiyyatın özəlliyi nədir?

- Yəni ki, ölkə iqtisadiyyatı xeyli dərəcədə hərbi sahənin üzərində qurulub. Hərbi iqtisadiyyatla Ümumdaxili Məhsulu artırmaq, inflyasiyasının qarşısını müəyyən mənada almaq mümkündür. Lakin bu metod uzunmüddətli perspektiv üçün uğurlu deyil. Hərbi xərclər quyuya atılmış maliyyə kimidir. Töhfə vermir. 

- Elə isə çıxış yolu nədir?

- İki yol var. Ya müharibə davam etdirilməlidir, ya da texnikalar xarici ölkələrə ixrac etilməlidir. Rusiya texnikasını xarici ölkələrə satışını artırsa, iqtisadiyyatını dirçəldə bilər. Əks halda isə daha ağır vəziyyət yarananacaq. Bir fakt deyim: 1930-cu ilə kimi Almaniya ən geridə qalmış ölkələrdən idi. 1933-cü ildə, yəni Adolf hitler hakimiyyətə gələndən sonra, müharibələr hesabına ölkə qismən toplarlandı, inkişaf etdi. Amma bu, uzun çəkmədi. Almaniya İkinci dünya müharibəsinin sonunda məğlub. Yəni iqtisadiyyatı zəif ölkə mütləq savaşda məğlub olur. 

- Rusiyaya qarşı iqtisadi sanksiyalar davam edərsə, nəticə nə olacaq?

- Dediyim kimi, məhdudiyyətlər Rusiyanı çox zəiflədib. Vəziyyət gərgindir. Ümumiyyətlə, müharibə Rusiyanı ağır duruma salıb. Hesablamalara görə, bir həftə ərzində Rusiyanın müharibədə qoyduğu xərc ölkənin 20-25 vilayətinin infrastuktur problemini həll edə bilərdi. Yəni döyüşlərin Rusiyaya iqtisadi təsiri bu qədər çoxdur. Həmçinin rus valyutası olan rublla dollar arasında nisbət dəyişib. Bir dollar təxminən yüz rubldur. Əlbəttə, ən çox itirən Rusiya xalqıdır. Embarqolar, yəqin ki, davam edəcək. Amma onu da deyim ki, kimsə Rusiyanın bu qədər sanksiyaya təb gətirə biləcəyini düşünmürdü. Nəzərə almaq lazımdır ki, məhdudiyyətlər təkcə müharibə dövründə tətbiq edilmir. 2012-2013-cü ildən Qərb intensiv olaraq Rusiyanə iqtisadi cəhətdən zəiflətməyə çalışır. Rəsmi Moskva isə sanksiyalardan yayınmağı bacarır. 

- ABŞ Prezidenti Donald Trampın siyasəti mövcud duruma necə təsir edə bilər?

- Polşalı ekspertlərin fikrincə, son 50-60 ildə ABŞ-da prezidentlər verdiyi vədlərin cəmi 40 faizini yerinə yetiriblər.Tramp istisnadır. O, hakimiyyətinin birinci dövründə verdiyi sözlərin təxminən 75 faizini yerinə yetirmişdi. Trampın yenə təxninən belə bir nəticə əldə edəcəyinə dair gözlənti var. ABŞ lideri, bəlkə də, müharibəni bitirə biləcək. 

- Savaşın nəticəsi, sizcə, nə ola bilər?

- Bunu konkret demək çətindir. Onsuz da Ukraynaya da, Rusiyaya da çox ziyan dəyib. Ümumiyyətlə, müharibəyə çoxdan son qoyulmalı idi. Savaşın məqsədi Rusiyanı zəiflətmək olub, amma parçalamaq yox.

- Yəni Qərb Rusiyanın parçalanmasında qorxur?

- Məsələ burasındadır ki, bu ssenari ilə iki təhlükə var. Birincisi, Qərbə miqrant axınıdır. İkincisi isə nüvə silahının tətbiqi ehtimalı. Qərb bunların heç birini istəmir. Onu da deyim ki, bundan sonra Rusiyaya qarşı sanksiyaların mənası yoxdur. 


Kənan Novruzov

15:27 03.02.2025

Oxunuş sayı: 1180

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR