Ermənistan Rusiyadan uzaqlaşsa nə itirəcək? - Hesabat
Rusiya Elmlər Akademiyasının Dünya İqtisadiyyatı və Beynəlxalq Münasibətlər İnstitutu (İMƏMO RAN) “Ermənistanın xarici siyasəti yolayrıcında: çoxvektorluluq böhranı” adlı hesabatında Rusiyanın Ermənistan üçün əsas iqtisadi tərəfdaş olduğunu vurğulayıb.
Crossmedia.az-ın xəbərinə görə, hesabatda qeyd olunur ki, Ermənistanın ərzaq təhlükəsizliyi böyük ölçüdə Rusiya ilə ticarət əlaqələrindən asılıdır.
Ermənistan bu ölkədən buğda, buğda unu, günəbaxan yağı və digər taxıl məhsullarının 98%-ni, kənd təsərrüfatı məhsullarının 35%-ni, quş ətinin 39%-ni və gübrələrin təxminən 40%-ni idxal edir. Bu əlaqələrin kəsilməsi Ermənistanın ərzaq təhlükəsizliyində sistemli böhrana səbəb ola bilər.
Eyni zamanda, Ermənistanın enerji ehtiyaclarının 92%-i Rusiyadan təmin olunur. Bu da ölkədə aşağı inflyasiya səviyyəsini qorumağa kömək edir.
Rusiya, həmçinin Ermənistan iqtisadiyyatının aparıcı investoru olaraq qalır. 2024-cü ilin oktyabr ayına olan məlumata görə, Rusiyanın Ermənistan iqtisadiyyatına yatırdığı sərmayənin həcmi 4 milyard dollar təşkil edir.
Hesabatda vurğulanır ki, Ermənistanın xarici ticarət dövriyyəsinin artması əsasən Rusiyaya və oradan üçüncü ölkələrə re-eksport hesabına baş verir. Xüsusilə, Ermənistanın Rusiya mənşəli qiymətli metalların və daşların re-eksport sisteminə qoşulması Avrasiya İqtisadi İttifaqı (Aİİ) çərçivəsində güzəştli ticarət rejimi sayəsində mümkün olub.
İMƏMO RAN-ın hesabatında qeyd edilir ki, Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxması və Rusiya qoşunlarının ölkədən çıxarılması halında yaxın illərdə Türkiyə və Azərbaycanın İrəvana qarşı güc tətbiq etməsi üçün şərait yarana bilər.
Gültac Mehdizadə
23:53 31.01.2025
Oxunuş sayı: 3471