CROSSMEDIA - “Aİ Ermənistanın mövqeyini gücləndirən əməllərindən əl çəkməlidir” -Deputat
Gündəm

“Aİ Ermənistanın mövqeyini gücləndirən əməllərindən əl çəkməlidir” - Deputat

Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono Azərbaycan KİV-nə müsahibə verib. O, regiondakı vəziyyətdən, o cümlədən Azərbaycanla əlaqələrdən danışıb.

O bildirib ki, Aİ regiondakı sülh və sabitliyə sadiqdir.

Aİ ilə rəsmi Bakı arasındakı münasibətlər son zamanlar narahatlıq doğurur. Aİ-nin Azərbaycana qarşı zaman- zaman ortaya qoyduğu qeyri- adekvat münasibət, həmçnin bölgə ilə bağlı Bakının maraqlarına uyğun olmayan planları ikitərəfli münasibətlərin inkişafına töhfə vermir. 

 Avropa İttifaqının Ermənistandakı müşahidə missiyasının (EUMA) uzadılması ilə bağlı Crossmedia.az-a danışan Azərbaycan Milli Məclisinin deputatı Rizvan Nəbiyev söyləyib ki, hazırda Avropa İttifaqına rotasiya qaydasında sədrlik edən Polşa Prezidentinin ötən ilin dekabrında Ermənistan-Azərbaycan şərti dövlət sərhəd bölgəsinə səfər etməsindən sonra bu missiyanın fəaliyyətinin uzadılması gözlənilən idi. EUMA öz missiyasını iki əsas məsələyə yönəltdiyini bəyan edir: müşahidə aparmaq və hesabat vermək. Müşahidə missiya ilə bağlı Ermənistan öz ərazisində yurisdiksiya icra edə bilər, və onun sərhəd xidməti bu vəzifənin öhdəsindən kənar müdaxilə olmadan da gələ bilər. Lakin üzvü olmadığı bir təşkilatı şərti sərhəd bölgəsinə gətirməsi və sonra bu müşahidə missiyasının fəaliyyətinin növbəti dəfə 2 il müddətinə uzadılması ciddi suallar doğurur. İkinci məsələ, EUMA-nın hazırladığı hesabat kimin üçündür, bu hesabat kimlərə və nə məqsədlə təqdim edilir?

Parlamentarinin fikrincə, Cənubi Qafqaz olduqca əhəmiyyətli coğrafi regiondur: Xüsusilə də geostrateji baxımdan bölgənin müstəsna rolu var. Avropa dövlətləri və onların yaratdığı təsisatlar bölgədə təmsil olunmaq, mövqelərini möhkəmləndirmək niyyəti ilə “oyun qaydalarını” diktə etmək üçün müxtəlif vasitələrdən istifadə edirlər. Bu kontekstdə Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi qərəzli qətnamələri qeyd etmək olar, bu qətnamələrin hüquqi məcburiliyi olmasa da, təzyiq vasitəsi kimi davamlı olaraq gündəmə gətirilir”.


Deputat, həmçinin bildirib ki, Azərbaycan və Aİ arasında münasibətlər fərqli istiqamətdə də inkişaf edə bilərdi, bunun üçün kifayət qədər resurslar mövcuddur. Azərbaycan Cənub Qaz Dəhlizi vasitəsi ilə təbii qaz ixracı ilə Avropanın 11 dövlətinin enerji təhlükəsizliyinin təmininə töhfə verir, nəzərə alsaq ki, enerji təhlükəsizliyi milli təhlükəsizliyin əlahiddə komponentlərindəndir, Azərbaycanın etibarlı tərəfdaş funksiyası daha da aydın olur. Və ya Azərbaycan malik olduğu əlverişli coğrafi mövqe, yaratdığı nəqliyyat və loqitstika infrastrukturu ilə Avropa İttifaqının Mərkəzi Asiya və Çinlə iqtisadi-ticari münasibətlərinin inkişafında, qarşılıqlı olaraq bazaralar çıxışın təminində oynadığı rolu daha da gücləndirə bilər. 

“Lakin torpaqlarımız işğal altında olarkən Avropa İttifaqı ədalətli mövqe sərgiləməsinin şahidi olmadıq, onun orqanı olan Avropa Parlamenti isə qərəzli mövqeyi ilə gözümüzdə öz ədalətini itirib. Bir sözlə, Avropa İttifaqı regionda yeni bölücü xəttlərin yaranmasına xidmət edən və Ermənistanın mövqeyini gücləndirən əməllərindən əl çəkməlidir. Aİ-nin müşahidə missiyası, EUMA isə hər hansı "perspektivli gizli gündəlik" sevdasına düşüb missiyasını uzatmaq, genişləndirmək niyyətindən imtina etməlidir. Brüssel qarşılıqlı etimadı, bərabərhüquqlu tərəfdaşlığı təşviq edən, hər iki tərəfi qane edən məramla çıxış etməlidir.”

Fidan Hacızadə

20:44 31.01.2025

Oxunuş sayı: 912

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR