Trampın Rusiyaya ilə bağlı planı açıqlandı: “Ən uyğun variant...”
- Ukraynanın keçmiş xarici işlər naziri Volodimir Oqrızko bildirib ki, ABŞ-nin prezidenti Donald Tramp artıq Rusiya prezidenti Vladimir Putinə təzyiq göstərməyə başlayıb. Onun sözlərinə görə, hələlik detallı və ətraflı hazırlanmış bir strategiya olmasa da Trampın bu mövzuda addım atması müsbət qiymətləndirilir.
- “Trampın hərəkətləri, ümumilikdə, Putinə qarşı təzyiqi artırır və kimin üstün mövqedə olduğunu göstərir,” – deyə keçmiş nazir vurğulayıb.
- Oqrızko, həmçinin Putinin davranışlarının subordinasiyanın artıq formalaşdığını göstərdiyini bildirib: “Burada aydın bir əlaqə var: liderlik edən tərəf və ona tabe olan tərəf.”
- Sabiq baş diplomatın söylədiklərini Crossmedia.az-a şərh edən politoloq Sultan Zahidov isə bildirib ki, Tramp artıq seçki kampaniyası zamanı Rusiyaya qarşı təzyiqlər göstərəcəyini və onu danışıqlara gətirəcəyini açıqlamışdı.
- “Hazırda da Trampın komandası bunu izah edir. Məqsəd ondan ibarətdir ki, Trampın dövründə bu müharibəyə son qoyulsun. Əgər bu baş verərsə, Tramp adını ölkə tarixinə adını qızıl hərflərlə yazdırmış olacaq. Lakin reallıq bir qədər fərqlidir”, – deyə politoloq bildirib.
- Onun sözlərinə görə, Putin heç bir halda müvəqqəti atəşkəs imzalamaq istəmir: “Kremlin mövqeyi ondan ibarətdir ki, atəşkəs hazırda yalnız Ukraynanın xeyrinədir. Çünki Ukrayna bu atəşkəsdən istifadə edərək cəbhədə möhkəmlənə bilər və bundan sonra Rusiyaya qarşı hücumlar həyata keçirmək niyyətində ola bilər. Buna görə də Putin bildirir ki, Rusiya üçün ən uyğun variant uzunmüddətli sülh sazişinin imzalanmasıdır. Lakin bu sülh sazişi üçün Putinin tələbləri qəbul edilməlidir”.
- Politoloqun sözlərinə görə, Putinin əsas tələbləri Ukraynanın NATO-ya üzvlük iddiasından tamamilə imtina etməsi və işğal olunan torpaqların Rusiyanın ərazisi kimi tanınmasıdır: “Ukrayna bunu müsbət qarşılamayacaq. Buna görə də sülh sazişinin imzalanması dalana dirənib”, – o əlavə edib.
- S.Zahidov qeyd edib ki, Ukrayna tərəfi atəşkəsə razıdır, lakin bunun üçün Avropa hərbi kontingentinin Ukraynada yerləşdirilməsini və Rusiyanın potensial hücumunun qarşısını almasını tələb edir: “Belə olan halda tərəfləri danışıqlar masasına gətirmək çətin bir məsələdir. Trampın bəyan etdiyi plan Putinin maraqlarına tam uyğun gəlmir. Putinin Trampın təzyiqləri qarşısında fundamental mövqe dəyişikliyinə gedəcəyini düşünmürəm. Yalnız müəyyən güzəştlər mümkündür.Lakin ciddi strateji dəyişiklik gözlənilmir”.
- Onun sözlərinə görə, Trampın əsas təzyiq vasitəsi neft bazarına təsir etməkdir: “Tramp hələ 2018-ci ildə bəyan etmişdi ki, Rusiyanı zəiflətməyin yolu neftin qiymətinin ucuzlaşmasına şərait yaratmaqdır. Əgər neftin qiyməti ucuzlaşarsa, Rusiya neftdən lazımi gəliri əldə edə bilməyəcək və bu halda Rusiya iqtisadiyyatı zəifləyəcək. Lakin Tramp və komandası bu planı həyata keçirmək üçün Səudiyyə Ərəbistanını və OPEC üzvlərini razı salmağa çalışmalıdır ki, onlar neft hasilatını artırsınlar və bunun nəticəsində bazarda qiymətlər düşsün. Bu isə kifayət qədər çətin bir missiyadır. Çünki OPEC-də hər kəs ABŞ-nin tərəfində deyil, Səudiyyə Ərəbistanının öz maraqları var. Səudiyyə vəliəhdi Məhəmməd bin Salman ilə Putinin də müəyyən isti münasibətləri mövcuddur”.
- O əlavə edib ki, neft qiymətlərinin ucuzlaşması, ümumiyyətlə, neft hasil edən ölkələrin, xüsusilə Səudiyyə Ərəbistanının maraqlarına uyğun deyil: “Çünki bu halda onlar da neftdən daha az gəlir əldə edəcəklər. Buna görə də bu planın uğurla həyata keçiriləcəyi inandırıcı görünmür”.
- Maral Şahverdili
14:51 29.01.2025
Oxunuş sayı: 1971