Avar dövlətinin yaranması (II yazı)

Türkyutlardan uzaqlaşan avarların əsas kütləsi özlərinə müttəfiq axtarmaq məqsədilə 557-ci ildə Xəzər-Azov-Qara dənizləri arasındakı ərazilərdə məskunlaşmağa başladılar. 558-ci ildə Qafqazın hakim siyasi gücü olan Sabir xaqanlığını ortadan qaldıran avarlar bölgədəki hun və oqur (oğuz) tayfalarını öz hakimiyyəti altına alıb Macarıstana daxil oldular. Avarlar Qafqaza gəldiklərində Terek çayı ətrafında məskunlaşan alanları bir zərbədə darmadağın etdilər. Avarlar Şimali Qafqaz alanlarının timsalında özlərinə müttəfiq axtarıb tapdılar. Bu vaxt alanların başında Saroziy (Zaros) adlı hökmdar dayanırdı. Onlar Saroziydən Bizansla yaxınlaşmaqda kömək göstərməyi xahiş etdilər. Saroziy avarlara yardım əli uzatmaq qərarına gəldi və Qafqazın Lazik bölgəsindəki Bizans ordusunun komandanı, gələcək imperator Yustinlə əlaqə yaratmağa kömək etdi. İmperator Yustinianın razılığını alan Yustin 558-ci ildə avarlara Konstantinopola getməyə kömək etdi. Konstantinopol əhalisi heyrət içərisində avar səfirlərinə tamaşa edirdilər. Feofan yazır ki, bu ildə (557-558-ci il- T.C) Bizansa avarlar adlanan qəribə tayfa gəldi və bütün şəhər axışıb onlara baxmağa gəldi, belə ki, heç vaxt belə tayfa görməmişdilər. Onların arxadan dəstə halında hörülmüş saçları çox uzun idi. Onların paltarları isə digər hunların paltarları kimi idi. Onlar öz ölkələrindən qaçaraq Skifiya və Miziyaya gəldilər və Yustiniana səfirlər göndərib onları qəbul etməyi xahiş etdilər.
Həmin vaxt Bizans oqurlarla müharibə şəraitində idi. İmperator Yustinianın dövründə 20 ildən çox davam edən müharibələr nəticəsində 534-cü ildə Şimali Afrikada Vandal dövlətinə son qoyulmuş, 534-552-ci illər müharibəsi ilə İtaliyada ostqotlar hakimiyyət altına alınmışdı. Buna baxmayaraq, Bizans şimalda oqur və bolqar tayfalarının hücumlarını dayandırmaqda aciz idi. Avarların bir anda ortaya çıxmasından və Bizansın düşmənləri olan oqur, bolqar, sabir tayfalarını hakimiyyətləri altına almasından qorxan imperator Yustinian elçi Kandixi yüksək səviyyədə qarşıladı. Menandr avar səfiri Kandixin adını çəkərək imperatora etdiyi müraciətin məzmununu verir. Təcrübəli və qətiyyətli diplomat imperatora belə bir məzmunda cavab vermişdir: “Sənin yanına xalqlardan ən böyüyü və güclüsü gəlir: avar tayfası məğlubedilməzdir. O düşmənləri dəf etməyə və məhv etməyə qadirdir. Ona görə də sənə avarları müttəfiq kimi qəbul etmək və onların timsalında yaxşı müdafiəçi əldə etmək məsləhətdir, lakin onlar Roma dövləti ilə o halda dostluq münasibətində olacaqlar ki, səndən hər il qiymətli hədiyyələr və pul alsınlar, sənin tərəfindən münbit torpaqda məskunlaşdırılsınlar”. L.N.Qumilyov yazır ki, lakin Bizans sarayında onu (Kandixi) könülsüz və inamsız qəbul etdilər. VI əsr Bizans tarixçisi Efesli İoan yazır ki, “imperator onların səfirlərini qəbul etdi, onlara qızıl, gümüş, paltar, qızıl kəmərlər və yəhərlər bağışladı. O, (imperator Yustinian -T.C) onların əli ilə özünün düşmənlərini məhv etməyə ümid edirdi”. Türk tarixçisi Kurat “Avarlar” əsərində yüksək səviyyədə qəbul edilən heyətin istədiyinə nail olduqlarını yazır. Buna görə, Bizans avarların Dobrucada (indiki Moldova-Rumıniya) məskunlaşması ilə razılaşacaq və bolqarları sərhədlərindən uzaqlaşdırmaları müqabilində illik xərac ödəyəcəkdi. Digər tərəfdən, Bizans ant və başqa slavyan tayfalarını Dunay çayı ətrafında məskunlaşdıraraq, onlardan canlı sədd yaratmağa çalışdı. Ayrıca burada bolqarlara qarşı yaradılmış Dərbənd qapılarını da bərpa etdirdi. Bizans sərhədlərinin yaxınlığında mövqe tutan avarlar bu ölkədən onların payına düşən hissəni almaq və digər tayfalar kimi imperiyanın torpaqlarından pay qopartmaq istəyirdilər. İmperator isə slavyanların və qotların həmlələrini dəf etmək üçün özünə müttəfiq axtarırdı. Ona görə də o, avarların xahişini qəbul etdi. Ardınca Yustinian avarların tələbini yerinə yetirməyi qərara aldı. Menandr yazır ki, çünki “qətiyyən avarlarla bacarmaq iqtidarında deyildi”. Lakin buna baxmayaraq,Yustinian Valentinin başçılığı ilə cavab elçiliyi göndərdi. Səfir avarlara qiymətli hədiyyələr gətirməklə yanaşı, onlara imperiyanın düşmənlərinə qarşı (o zaman əsas düşmən Sasanilər sayılırdı –T.C) birlikdə mübarizə aparmağı təklif etdi. 558-ci ildə onlar arasında ittifaq müqaviləsi bağlansa da, avarlar Bizansın düşmənləri əvəzinə müttəfiqləri üzərinə hücuma keçdilər. Onların ilk qurbanları sabirlər oldu. Sabirlər yeni “var” xalqını hələ V əsrdə məğlub olduqları həqiqi avarlar (abar) kimi qəbul etdilər. Bu anlaşılmazlıq onların sıralarında başıpozuqluq yaratdı və avarların qələbəsini təmin etdi. L.N.Qumilyov yazır ki, “sabirlərin ardınca Bizans imperiyasının sadiq müttəfiqləri olan utriqurlar və Donun aşağı sol sahillərində yaşayan zallar da avarların əlinin suyunu daddılar. Sonra Donu keçən avarlar antlara basqın edərək onları soyub quru yerdə qoydular”. Onların hakimiyyətini qəbul etməyən bəzi bolqar tayfaları Şimali Volqa istiqamətində hərəkət edib burada öz dövlətlərini təsis etdilər. Avarların hakimiyyətini qəbul etməyən zal (sal) və ya sal-oqur tayfaları Şimali Qafqazdakı yurdlarını tərk edib Azərbaycana köç etdilər. Bunlar mənbələrdə saylandur (haylandur) adı ilə də qeyd edilirlər. Saylandurlar avar hücumları qarşısında Dərbəndi keçib Azərbaycana girdilər və Kür çayı sahilində Muğan bölgəsində məskunlaşdılar.
Avarlar Şərqi Avropada təkbaşına güclü hərbi birliyə çevrilməyin çətin olduğunu görüb əvvəlcə alanların, sonra isə kutriqurların simasında müttəfiqlər tapdılar. Qeyd edək ki, 551-ci ildən 558-ci ilə qədər kutriqurlar Bizans sərhədlərinə yaxınlaşmağa cürət etmirdilər. Avarlar Bizansın istəyi olmadan kutriqur və utiqur tayfalarının çəkişmələrinə qoşuldular. İki bulqar tayfasının qarşıdurmasında avarlar kutriqurların tərəfinə keçdilər. Menandr yazır ki, “avarlar utiqurlarla müharibəyə başladılar” və 559-560-ci illərin sürətli müharibəsi nəticəsində utiqurlar məhv edildilər. Onların başçısı Sandilh öldürüldü. Bununla da utiqurlar tarix səhnəsindən yox oldular. Avarlar utiqurların qalıqlarının bir hissəni Dunaya apardılar, bir hissəsi isə xanları Anageylə bərabər VI əsrin 60-cı illərində türk xaqanlığına daxil oldular. Digər hissə isə Şərqi Azovun bulqar tayfalarına qaynayıb-qarışdılar.
Göründüyü kimi, avarların təzyiqləri nəticəsində Don və Kuban arasında yerləşən bulqarlar daha da şimala çəkildilər. Kutriqurlarla ittifaq bağlayan avarlar zal tayfalarını əzib, antların üzərinə yeridilər. Avarlara müqavimət göstərməyin əhəmiyyətsiz olduğunu görən antlar danışıqlara başladılar. Lakin ant səfirləri olan Mezamir, oğlu İdaziriyev, qardaşı Kelaqastov-avarlarda təkəbbürlülük təəssüratı yaratdığına görə elçi toxunulmazlığına baxmayaraq bütün səfirlər öldürüldü. Nəticədə ant tayfa ittifaqı tamamilə məhv edildi. Avarlar mövqelərini gücləndirmək məqsədilə Dunaydan şimaldakı torpaqlara iddia irəli sürdülər. Bu məqsədlə həmin tarixdə Konstantinopol sarayına böyük bir elçi heyəti göndərdilər. Bizans isə avarların bu dəfəki, tələblərini rədd etdi. 559-cu ildə avar ordusu Dunay çayına qədər irəlilədi. Əslində avarlar 560-cı ildə Dnepr-Dnestr və Dunay sahillərindəki ərazilərə şəriksiz sahib olmuşdular. Avarların burada slavlar üzərinə hücumları daha da artmışdı. Avarlar hətta 562-ci ildə slav-ant ittifaqını pozaraq Dunayın sağ sahilinə keçməyə müvəffəq oldular.
Sebahettin Şimşir yazır ki, “bu tarixdən etibarən avarların lideri Bayan xan adlı enerjili və güclü bir sərkərdə meydana atıldı, Mərkəzi Avropa və Balkanlarda geniş fəthlərə başlanıldı”. Bayan xan 562/563-cü ildə Konstantinopola avarlardan ibarət yeni elçilik heyəti göndərdi və avarların Bizans ərazisində məskunlaşmasını tələb etdi. Peter Qolden yazır ki, “sabir, utiqur, kutriqur və antları tabe edən avarların Kiçik İskityada (indiki Dobruca) toplandığını görən Bizans göytürklərlə diplomatik əlaqələr quraraq əvvəlkindən daha az narahatlıq hissi keçirdi”. S.Şimşir isə yazır ki, “Bizans imperatoru daha əvvəllər vestqotlarla yaşanan olayları və 378-ci ildəki Ədirnə məğlubiyyətini xatırlayaraq xaqanın bu istəyini qəbul etmədi. Avar elçilərinə qarşı xoş davranaraq onları xerullar və lanqobardlar tərəfindən işğal edilmiş Pannoniyaya getmələrini tövsiyə etdi”. Amma avarlar bunu qəbul etmədilər. Çünki həmin bölgə xerulların və lanqobardların nəzarəti altında idi. Avarlar bu bölgəyə yiyələnmək üçün Tissa çayından Pannoniyaya qədər ərazilərdə yaşayan gepid, lanqobard, xerul tayfaları ilə vuruşmaq məcburiyyətində idi. Bizans onları bir-birinə qırdıraraq zəiflətmək istəyirdi. Bununla da 562-ci ildə Bizans-Avar danışıqları kəsilmiş oldu. Avar-Bizans dostluğu bir anda düşmənçiliyə çevrildi. Qeyd edək ki, elçilərə verilən rədd cavabı Bayan xaqanı çox hiddətləndirdi. Göründüyü kimi, Bizans gedişatdan anladı ki, avarlar Dunayı adlayıb bütün gücü ilə Bizansın üzərinə hücuma keçməyə hazırlaşırlar. Mövcud vəziyyət danışıqların kəsilməsinə, səfirlərin silahlarının müsadirəsinə gətirib çıxardı.
Avar-Bizans müharibələri
565-ci ildə imperator II Yustinianın ölümü ilə avarlar yenidən Bizans üzərinə həmlələrini artırmağa başladılar. Elə həmin ildə avarlar yeni imperator II Yustinin (565-578) yanına elçilər göndərək hədiyyələr və vergilər verməsini tələb etdilər. Avar elçiləri illik xəracla yanaşı fərariləri qandallamaq üçün zəncir, kilimlər və digər əşyalar da tələb etmişdi. İmperatordan rədd cavabı alan avarlar nəzərlərini qərbə yönəltdilər. Onlar 565-566-cı illərdə frank kralı Sigizbertlə (Siegebert) ittifaqda Turingiyada yaşayan gepidləri məğlub edəndən sonra nəzərlərini yenidən Pannoniyaya çevirdilər. Frank-Avar ittifaqının pozulmasında maraqlı olan kral Sigizbert 565/566-cı ildə avarlar tərəfindən ələ keçirildi. VI əsr Bizans diplomatı və tarixçisi Menandr Protektor yazır ki, Bayan xaqan əsir krala hörmət göstərdi və onu yaxşı qarşıladı. Avarların məqsədi Frank torpaqlarını ələ keçirmək olmadığından kral Sigizbert sərbəst buraxıldı. O, hər il Avar xaqanlığına qida məhsulları (səbzə, taxıl, qoyun, öküz), pul və ev əşyaları göndərəcəkdi. Bu, avarların həmin illərdə iqtisadi vəziyyətinin çox ağır olduğunu deməyə əsas verir.
566/567-ci ildə avarlar lanqobardlarla ittifaqda gepidləri ağır məğlubiyyətə uğradaraq İtaliyaya qovdular, Pannoniya və ətraf ərazilərə sahib oldular. Nəticədə, kutriqur və oğur-bulqar tayfalarını özlərinə tabe edərək Pannoniyanın tam sahibinə çevrilən avarlar Bayan xaqanın başçılığı ilə Avropanın mərkəzində VI əsrin 60-cı illərinin sonunda Avar xaqanlığını (558-889) yaratmağa və bölgədə 250 il ağalıq etməyə müvəffəq oldular. Qeyd edək ki, Bayan Avar xaqanlığının ilk hökmdarı olmaqla xaqan titulunu daşıyırdı. Güman edilir ki, xaqan titulunu onlar həqiqi avarlardan, göytürklər isə yalançı avarlardan, yəni jujanlardan mənimsəmişdilər. Avar xaqanlığının banisi olan Bayan xaqanın 68 il (558-626) hökmdar olduğu məlumdur. Çox ağıllı və bacarıqlı hökmdar olan Bayan xaqan Avar xaqanlığını formalaşdırmaqla yanaşı, öz dövlətini Avropanın ən qüdrətli imperiyasına çevirdi. Oqur və hun tayfalarını birləşdirib türkləri hakim gücə çevirmiş, slavyan tayfalarını hakimiyyətinə tabe edib onları xaqanlığın əsas təbəəsi elan etmişdi. Slavyanların Mərkəzi Avropa və Balkanlarda yayılmasının səbəbkarı Bayan xaqan olmuşdur. Slavyanlar Bayan xaqanın şəxsiyyətinə hörmətlə yanaşıb onu özlərinin “ulu hökmdarı” elan etmişdilər.
VI əsrin 60-cı illərinin sonlarında avar-lanqobard ittifaqının pozulması ilə avarlar Dunay və Sava çaylarının şimalındakı ərazilərə yiyələnmiş oldular. Artıq avarlar Bizansın təhlükəli qonşusuna çevrilərək ondan əvvəllər kutriqur və utiqurlara verilən hədiyyələrin hər il onlara verilməsini tələb etməyə başladılar. 567-568-ci illərdə Qafqazdan (Elbrus dağları) Volqayadək ərazilərə sahiblənən avarlar artıq Bizansla müharibəyə başladılar. Mənbələr həmin ildə Reyn çayı ətrafındakı ərazilərin də avarlar tərəfindən ələ keçirildiyini qeyd edirlər. Artıq arxeloji materiallardan da göründüyü kimi, bəhs olunan dövrdə Avar xaqanlığı Turla sahillərindən Bohemyaya, Elba boylarına, Baltik dənizi sahillərinə qədər bütün Mərkəzi və Şimal-Şərqi Avropa torpaqlarına qədərki əraziləri əhatə edirdi. L.N.Qumilyov yazır ki, ipək ticarətindəki rəqabətdən əlavə “avar məsələsi” də Bizans-Göytürk münasibətlərinin soyumasına təkan verirdi. 568-ci il müqaviləsinə görə, Bizans avarlarla sülh və ittifaq bağlamaq təəhhüdü götürmüşdü.
570-ci ildə avarlar Don boyuna qədər olan ərazilərə yenidən hərəkətə keçdilər. Ancaq göytürklər bu hücumların qarşısını almaq məqsədilə xaqanlığın sərhədlərini Şimali Qafqazdan irəliləyərək Don çayının qərbinə, Azov dənizi və ətrafına, Krıma qədər genişləndirdilər. Bu zaman Bizans bir tərəfdən Sasani dövlətinin, digər tərəfdən avarların zərbələrinə məruz qaldı. Bu barədə Feofan yazır ki, “bu ildə (573-574) avarlar Dunay vilayətlərinə yaxınlaşdılar. Bu haqda (eşidən) Vasilevs (yəni Bizans imperatoru II Yustin-T.C) onlara qarşı Tiveriyanı göndərdi, avarlarla toqquşub məğlub oldu və çoxlu döyüşçü itirib geri döndü”. Bizans 573-cü ildə avarlarla sülh müqaviləsi bağladı və ildə 80 min solid pul verməyə razı oldu. Tədqiqatçılar yazır ki, Sasanilərlə avarlar arasında Bizansa qarşı gizli ittifaq mövcud olmuşdur. Hətta Sasani-Avar ittifaqından ehtiyatlanan Bizans Göytürk xaqanının yanına ard-arda bir neçə dəfə səfirlik göndərdi. Bütün bunlara baxmayaraq, 573-cü ildə bağlanan müqavilənin ömrü uzun olmadı. Avarlar müntəzəm olaraq Bizansa yürüşlər edərək verginin miqdarının artırılmasını tələb edirdilər. Eyni zamanda, Bizansla avarların münasibətləri türkyutları narazı salırdı. 580-ci ildə Bayan xaqan Qara dənizin şimal sahillərini, Bizans isə digər ərazi və şəhərləri türkyutlardan aldılar. 581-ci ildə slavların Balkan yarımadasına etdikləri dağıdıcı hücumlar nəticəsində Trakya, Hellas və Qrekya şəhərləri yağmalandı. O zaman Bizans perslərlə mübarizə apardığından slavlardan intiqam almaq məqsədilə imperator avarlardan xahiş etdi. Bu xahiş avarlar tərəfindən sevinclə qarşılandı. Hasan Ata Abeşi yazır ki, slavlar daha öncə onlarla danışıqlar aparmaq məqsədilə göndərilmiş avar elçi-sini öldürdüklərindən onsuz da Bayan xaqan onlardan intiqam almağın yollarını arayırdı. Avarlar Bayan xanın rəhbərliyi ilə 60 minlik bir qoşunla slav torpaqlarına hücum edərək bir sıra şəhərlərini, o cümlədən Dakiyanı ələ keçirərək qarət etdi. 582-ci ildə Bayan xaqan Solak adlı elçisini Bizansa göndərərək Savada körpü inşa edildiyini və Sava keçidi qapadılarsa Sirmiuma heç bir şey göndərilməyəcəyini ifadə edərək şəhərin onlara aid olduğunu bildirdi. İmperator Tiberi (578-582) avar elçisinə “Sirmium şəhərini avarlara təslim etməkdənsə, iki qızımdan birini xaqana verməyə hazıram” cavabını verdi. Təklif qəbul edilmədikdə iki tərəf arasında yenidən savaş başladı. Bundan sonra Bayan xaqan hərəkətə keçib Sirmium şəhərini mühasirəyə aldı. Qələbə qazanan Bayan xaqan 582-ci ildə Sirmiumu ələ keçirdi. Şəhər əhalisi illik 280 min qızıl xərac ödəməyi öhdəsinə götürdü. Sirmiumun ələ keçirilməsinin strateji əhəmiyyəti böyük idi.
Şəhərin alınması Balkan yolunun avarlar üçün açılması mənasına gəlirdi. Nəticədə, avarların qüdrəti daha da artmış oldu. Daha sonra avarlar lanqobardların Şimali İtaliyaya köçünü təşviq edərək burada uzun illər avarlara vassallıq edən Lanqobard krallığının (668-774) yaranmasına vəsilə oldular. Beləcə, Yuxarı Pannoniya da avarların əlinə keçdi. Bayan xaqan Şərqi və Mərkəzi Avropanı on il ərzində öz xaqanlığının tərkibinə qatdı. 582-ci il sülhü Bizans üçün daha alçaldıcı oldu. Belə ki, Bizans 80 min solid verməli, hər il həmin məbləği qızıl və gümüşlə işlənmiş bahalı geyimlərlə ödəməli idi. 583-cü ilin mayında Konstantinopola gələn avar elçiləri Bizansdan əlavə olaraq 20 min solid illik vergi tələb etdilər. İmperator Mavrikiy (582-602) bu tələbi rədd etdi. Bayan xaqan yeni müharibəyə başlayaraq Sindiqunu (Belqrad), Dolmatsiya və İlliriyanı (Balkan yarımadasının şimal-qərbində ərazi) zəbt etdi. Konstantinopol təhlükə altına düşmüş oldu. Çıxılmaz vəziyyətə düşən Bizans imperatoru Bayan xaqanla yeni sülh müqaviləsini imzaladı. 584-cü ildə imzalanmış sülh müqaviləsinə əsasən, Bizans avarlara ödədiyi verginin miqdarını 120 min solid məbləğində müəyyənləşdirdi. Bizans onlara itaət edən slavyanları avarlara qarşı yönəltdi. 587-ci ilə qədər baş verən kiçik toqquşmalar nəticəsində Qara dənizin qərb sahillərindəki şəhərlər məhv edildi. Buna baxmayaraq, Bizans bir sıra iri ticarət şəhərlərini qoruya bildi. Avarlar isə 582-ci ildə Konstantinopolun 100 km-nə qədər irəlilədilər. 587-ci ildə avarlar Bizans sərhədi boyunca Balkan torpaqlarını ələ keçirməyə başladılar. Bir sıra strateji şəhərləri ələ keçirdikdən sonra avarların hücumlarını dayandırmaq üçün Bizans Komentiolun başçılıq etdiyi Şərqi Anadoludakı qarahunlardan ibarət 40 minlik ordunu bölgəyə sövq etdi. Bayan xaqan isə Rodop dağlarının cənubundan keçib Trakiyaya soxuldu. Amma tərəflər üz-üzə gəlmədən geri çəkildilər. Nəticədə, 590-cı ildə Bizans artıq Balkanlardakı strateji mövqeyini tamamilə itirmiş oldu.
593-594-cü illərdə sərkərdə Prisk avarlar tərəfdən döyüşən slavyan dəstələrini dağıtdı. Bu zaman Göytürk xaqanlığının davamlı təzyiqləri digər Qərbi Avrasiya bozqır boylarının Avar xaqanlığına sığınmasına yol açdı. Bu səbəbdən onlara Feofilakt Simokattanın qeyd etdiyi tarniak, katzagir və uar-hun mənşəli olduqları məlum olan zabender boyları qatıldı. R.Özdək yazır ki, 597-ci ildə avar hökmdarı Bayan xaqan Don çayından Qalliyaya, Şimali Slav bölgələrindən İtaliyaya qədər böyük bir ərazinin hökmdarı idi. Bu bölgə içində olan müxtəlif slav və alman tayfaları Avar xaqanlığına tabe olmuşdular. Avar imperatorluğu Bayan xaqanın hakimiyyəti illərində ən qüdrətli bir imperiyaya çevrildi. 601-ci ildə Dunay çayını keçən Bizans ordusu Tissa çayında avar dəstələrini məhv etdi. Əsir götürülənlərin əksəriyyəti slavyan və digər barbar xalqların nümayəndələri idi. Avar əsirlər isə girovların yalnız beşdə birini təşkil edirdilər. Bayan xaqan avar tayfa ittifaqını gücləndirmək üçün çoxlu sayda kutriqur tayfalarını buraya cəlb etmişdi. Tarixi mənbələrin verdiyi məlumatlara görə, Bayan xaqan Bizans sərhəddinə 10 min kutriqur döyüşçüsü göndərmişdi. Bundan sonra iki tərəf arasında siyasi sabitlik hökm sürməyə başladı. Lakin buna baxmayaraq, Bizans paytaxtında avarların Konstantinopolu zəbt edəcəyi haqqında şayiələr dolaşırdı. İmperator Mavrikiy paytaxt divarlarının möhkəmləndirilməsi haqqında xüsusi tapşırıq vermişdi. Lakin gözlənilən hücum baş vermədi. Belə ki, taun xəstəliyinin Balkanlarda sürətlə yayılması avarın hərəkətini ləngitdi. Taun xəstəliyi avarlar arasın-da böyük itkilərə səbəb oldu. Bayan xaqanın yeddi oğlu qara ölümün qurbanı oldu. Mənbələrdə yeddi oğlunu itirən Bayan xaqanın psixi sarsıntı keçirdiyi və günlərlə yas tutduğu qeyd edilir.
602-ci ildə Asparux (Aspukun) başçılığı altında avar ordusu qarşısına çıxan Bizans ordularını əzərək Trakyaya qədər soxuldu. Bizans müəllifləri Avar xaqanının məqsədinin Konstantinopolu zəbt etmək olduğunu qeyd edirlər. Tarixçi Ə.Nəcəfin fikrincə, sürətli işğallar nəticəsində ələ keçirdiyi torpaqlarla Avar xaqanlığı Atillanın Hun imperiyasından sonra Avropaya sahib olan ikinci böyük türk dövlətinə çevrildi. Bu dövrdə Avar xaqanlığının torpaqlarının şimalda Baltik dənizindən cənubda Peleponnesə, qərbdə Şərqi və Mərkəzi Almaniyadan Şərqi Tirola, şərqdə isə Don çayına və buradan da Azərbaycana qadər uzandığı qeyd olunur. Atillanın Hun xaqanlığı bir növ hun-german federasiyasına oxşayırdısa, Bayan xaqanın dövləti avar-slavyan ittifaqına əsaslanırdı. Bayan xaqan Avropada türk əhalisinin sayının az olması ucbatından slavyanlara geniş imkanlar verərək, onları öz dövlətinin tərkibinə daxil etmişdi. Bu siyasət slavyanların bir xalq kimi tarix səhnəsinə çıxmasına səbəb oldu. Macar türkoloq L.Rasonyinin fikrincə, meşəlik ərazilərdə məskunlaşan və bəsit həyat tərzinə sahib olan slavyan qəbilələrinə əkinçiliyi qotlar, heyvandarlığı isə oqur türkləri öyrətdilər. Həmçinin slavyanları bir güc kimi Avropadakı siyasi hadisələrə təhrik edən türklər oldular. 603-cü ildə Avar xaqanının əmri ilə lanqobardlar və bəzi slav qrupları Bizansa aid İstriya bölgəsinə hücum etdilər. İmperator təcili elçi göndərib xaqana sülh təklif etdi. Sülhün şərtləri Bizans üçün son dərəcə ağır idi. Bayan xaqan Bizansdan alınan illik 120 minlik qızıl pulu 2 milyona çıxartdı. Bu, Bizans xəzinəsinin üçdə birinin avarlara xərac olaraq verilməsi mənasına gəlirdi. 619-cu Bizans üzərinə yürüş edən Avar-Sasani qüvvələri bu sabitliyi pozdu. Geraklen şəhəri yaxınlığında avarlar hətta imperatoru əsir götürməyə yaxın olsalar da, son anda qaçıb canını qurtara bildi. 600-610-cu illər arasında Avar xaqanlığı ilə Sasani sarayı arasında intensivləşən elçilik mübadiləsinin əsas məqsədi Bizansı məhv etmək üçün dağıdıcı hücum planları hazırlamaq idi. Plana görə, avarlar şimal-qərbdən, sasanilər isə cənub-şərqdən Bizansa hücum edəcəkdilər. 610-619-cu illərdə Qərbi Türk xaqanlığının işğalçılıq planlarında avarlar əsas rol oynadılar. Avarlarla mübarizəni davam etdirən imperator İrakli (610-641) eyni zamanda Sasani ordusu ilə də mübarizə aparırdı. Bir tərəfdən, Sasani ordusunun həmlələrini dəf etməkdə olan Bizans, digər tərəfdən də avarların Konstantinopolu ələ keçirməyə yönəlik ilk cəhdinin (619) qarşısını ala bildi. İrakli sasanilərlə mübarizə aparmaq məqsədilə yeni bir ordu hazırladı. Tərkibində muzdlu türk süvarilərinin də olduğu qoşun avar ordu sisteminə uyğun yaradılmışdı. Sasanilərlə qanlı döyüşlərin davam etdiyi 610-617-ci illərdə imperator İrakli bir tərəfdən də Bayan xaqana illik xərac ödəyirdi. Həmçinin, bəhs olunan dövrdə bir-biri ilə mübarizə aparan iki koalisiya mövcud idi. Birinci koalisiyanın tərkibinə Çin, Bizans və Qər-bi Türk xaqanlığı qoşulmuşdursa, ikinci koalisiyanın tərkibində də Sasani, Avar imperatorluqları ilə yanaşı Şərqi Türk xaqanlığı mübarizə aparırdı. 617-618-ci illərdə Avar süvari dəstələrinin Bizansın şimal müdafiə sistemlərini darmadağın etdiyi, həmçinin Bayan xaqanın Konstantinopolun divarlarına qədər gəldiyi haqqında məlumatlar qeyd edilir. Tarixçi Ə.Nəcəf yazır ki, qorxuya düşən imperator İrakli avar xaqanına təcili elçilər göndərib, hətta onunla görüşmək arzusunda olduğunu dilə gətirmişdir. VII əsrin 20-ci illərində Sasanilər Bizansa qarşı avarların hərbi dəstəyinə ümid bəslədiyi halda, Bizans da sasanilərə qarşı yenicə təşəkkül etməkdə olan Xəzər xaqanlığının yardımına bel bağlamışdı. Həmin dövrdə Qafqazda siyasi hakimiyyət xəzərlərin əlinə keçmişdi. Xəzərlərin köməyi ilə İrakli sasaniləri Mədainə qədər qovmuşdu.
625-ci ildə Bizans mövqelərini gücləndirmək məqsədilə xəzərlərlə ittifaq bağladı. Türk tarixçisi Hasan Ata Abeşinin fikrincə, Bayan xan birdən-birə Bizansla olan dostluq münasibətlərini pozaraq Konstantinopolu mühasirəyə aldı. Bu zaman Avar xaqanına çatan bir məlumat Bayan xaqanı Bizansa verdiyi sözü tutmamasına səbəb oldu. Belə ki, Avar xaqanına üsyan edən Bolqar xanı Qurdun (və ya Kubrat) oğlu ilə 619-cu ildə Konstantinopola gəldiyi, Bizans tərəfindən yüksək səviyyədə qarşılanıb xristianlığı qəbul etdiyi və qiymətli hədiyyələrlə yola salındığı xəbəri Bayan xaqana çatdırıldı. Bu, avarların Konstantinopola hərbi yürüş təşkil etməsinə yol açdı. Althaymın yazdığına görə, Kadıköy sahillərində ordugah salan sasani ordusunun baş komandanı Sərvazar da Bayan xaqanın səfərə çıxması üçün yalvarırdı. Amma avarların Konstantinopola hücumu gecikdi. Buna səbəb frankların şirnikləndirici vədlərinə aldanaraq indiki Çexiya, Slovakiya və Sloveniya torpaqlarında məskunlaşan slavyanların Samo adlı şəxsin başçılığı altında üsyan etməsi oldu. Avarlar “üsyan edən qullarına” divan tutdular. Xorvat və slavyanların bir hissəsi avarlardan xilas olmaq üçün Bizans torpaqlarına qaçdılar. Onlar Bizansdan aldıqları hərbi köməklə avarları məğlub etdilər. Bu iki hadisə Bayan xaqanı Bizansla sülhü pozub Konstantinopola hücum etməsinə bəhanə oldu.
Avarlar şəhərə hücum etməzdən əvvəl Bizans əsilli elçini Konstantinopol sarayına göndərərək bir sıra şərtlərini – gecikmiş xəracın ödənilməsindən başqa şəhərin bütün xəzinəsinin ona verilməsini, şəhərin boşaldılmasını və təslim edilməsini irəli sürdü. Şəhərin müdafiəsini təşkil edən patriki Von şərtlərin qəbuledilməz olduğunu bildirdi. Nəticədə, ilk böyük hücum 29 iyun 626-cı ildə baş verdi. Bizans müəlliflərindən Psidiyalı George (VII əsr), Sinkellos Teodor (IX əsr), “Oratio Historica” əsərinin müəllifi Teophanes (760-818) və Rahib Nikotor bu hücuma görə Bayan xaqanı sərt şəkildə tənqid edərək onu “lənətlənmiş xain”, “qərbli donuz”, “şeytani ilan”, “canavar”, “saqqallı it” adlandırmışdılar. 626-cı il avqustun 26-da Sasani və Avar imperatorluqları birgə hərbi ittifaqda Konstantinopolu ələ keçirmək məqsədilə digər bir hücum planı həyata keçirdilər. Onlara bu hücumda slavyanlar da dəstək verirdilər. Belə ki, qoşunlar iki hissəyə bölünərək qurudan və dənizdən paytaxta hücuma hazırlaşdılar. Bayan xaqan ordusunun ön cərgəsinə slavyanları qoymuş, şəhər divarlarına gedən, yolları kəsən xəndəkləri slavyan cəsədləri ilə doldurmağı planlamışdı. Üstəlik, avarların əlində divarları yıxmaq üçün mancanaqlar da vardı. Bu zaman imperator İrakli paytaxtın müdafiəsini kiçik yaşlı oğluna, rahib Patrik Sergiusa və şəhərin hərbi rəisi Patrik Vona tapşırmışdı. Bu zaman Bayan xaqan ordusuna divarlara hücum əmri verdi. Lakin bizanslılar xəzərlərdən aldıqları və Bakıdan gətirilən, romalıların “pers”, perslərin isə “xəzər atəşi” adını verdiyi neftdən düzəldilmiş yanan çəlləkləri avar ordularının üzərinə yağdırması Bayan xaqanın planlarını pozdu. Mənbələrin verdiyi məlumata görə, gəmilər və avarların 12 qülləsi yanaraq külə döndü. Bu zaman bizanslılar Avar xaqanı Bayanın yanına elçi göndərib illik xəracı ödəmək müqabilində mühasirəyə son qoyulmasını xahiş etdilər. Amma Bayan xaqan şərtlərini sona qədər diktə etdi və hücumun səmtini ayrı istiqamətə dəyişdi. R.Özdək yazır ki, bu ikinci mühasirədə Sasani ordusu Anadolunu keçib Fələstin və Suriyanı ələ keçirdi. Lakin Bizans ordusu Sasani ordusunun Bosfor körfəzini keçib Avropaya daxil olmasının qarşısını aldı və onları Suriyaya qədər qovdu. Avar birlikləri isə Balkanları və Trakyanı aşaraq Konstantinopol ətrafında dayanmışdı.
Patriarx Nikifor yazır ki, “avarlar şəhərətrafı yerləri yandırdılar. Onlar slavinlərin hərbi gücündən istifadə edirdilər. Plana görə, slavinlər Vlaheri divarında tonqal işarəsi görünən kimi qayıqlarla hərəkətə başlamalı, donanma ilə birlikdə şəhəri təşvişə salmalı idilər ki, (avarlar) özləri şəhərin daxilinə soxulmaq imkanı əldə etsinlər”. Şəhərə hücum edən avarların bütün cəhdləri dəniz donanması olmadığı üçün nəticəsiz qaldı. Hər tərəfdən su ilə əhatələnmiş şəhərin ələ keçirilməsi üçün mütləq donanmaya ehtiyac var idi. Avar ordusu ağır vəziyyətə düşdüyündən geri çəkilmək məcburiyyətində qaldı. Slavyanlar pusquya düşərək məhv oldular. Bayan xaqan məğlubiyyətə səbəb olan sərkərdələrin edam edilməsi haqqında əmr verdi. Bundan narazı olan slavyanlar xaqanın qərargahını özbaşına tərk etməli oldular. Hasan Ata Abeşinin fikrincə, slavyanların xəyanəti ilə qarşılaşma saydılar, avarlar böyük bir ehtimalla şəhəri ələ keçirəcəkdilər. Məğlub olan Bayan xaqan da mövqeyini tərk edərək şimala qaçdı. Müharibə avarların məğlubiyyəti ilə nəticələndi. Rahib Nikiforun qeydlərinə görə, Bayan xaqanın uğursuzluğuna səbəb bizanslıların avarların planından xəbər tutması olmuşdu. Bayan xaqanın planına görə, gəmilərdə gözləyən slavyanlar avarların Konstantinopol bürcünü ələ keçirdikləri barədə işarət gəldikdən sonra iki tərəfdən hücum edəcəkdilər. Bizanslılar öz gəmilərini əlverişli şəraitə gətirib, slavyanları aldatmış və işarə vermişdilər. Həmin işarənin Avar xaqanından gəldiyini zənn edən slavyanlar bizanslıların tələsinə düşmüşdülər. Müəllif həmçinin avar gəmilərində öldürülən slavyanlar arasında xeyli sayda “qadın döyüşçü” (amazon) olduğunu da qeyd edir. Althaymın fikrincə, bö-yük ehtimalla Bayan xaqanın planını avar ordusundakı slavyan casusları xəbər ver-mişdi. Bundan sonra Bayan xaqan mühasirənin əhəmiyyətsiz olduğunu görüb 7 avqust tarixində ordusunu şəhər qapılarından çəkərək ölkəsinə qayıtdı. Göründüyü kimi, müharibə avarların düşmən sayını artırmaqdan başqa bir şeyə yaramadı. Əksinə Avar imperatorluğunun etibarı sarsıldı. Tabe edilmiş tayfalar baş qaldırmağa və dağılmağa başladılar. Erol Güngörün qeyd etdiyi kimi, 630-cu ildə xaqanın ölümü ilə bu proses daha da sürətləndi.
Taleh Cəfərov
ADPU-nun Ümumi tarix və tarixin tədrisi texnologiyasi kafedrasının dosent əvəzi, tarix üzrə fəlsəfə doktoru
09:00 29.01.2025
Oxunuş sayı: 59559