İlon Mask Ağ Evdə ofis açmaq istəyindən imtina edib
Amerikalı iş adamı İlon Maskın Ağ Evdə ofis açmaq istəyinə icazə verilməyib.
Crossmedia.az xəbər verir ki, milyarder İlon Mask Ağ Evin mərkəzində bir ofis təmin etmək üçün müraciət edib. Lakin ABŞ administrasiyası onun Hökumət Səmərəliliyi Departamentini Oval Ofisə daha uzaq bir yerdə, Eyzinhauer İcra Ofisi binasında yerləşdirməyi planlaşdırır.
Bu qərar ABŞ Prezidenti Donald Trampın aparat rəhbəri Syuzi Vayls tərəfindən qəbul edilib. O, İlon Maskın Ağ Evin Qərb qanadında daimi ofis əldə etməsi təklifini rədd edib.
Mediada yayılan məlumatlara görə, Vayls müstəqil işləmək və ya ulduz kimi davranmaq istəyən şəxsləri dəstəkləmədiyini açıq şəkildə ifadə edib.
Bundan əlavə, bu həftə jurnalistlərin Maskın Qərb qanadında ofis alıb-almayacağı ilə bağlı sualına cavab verən Tramp belə deyib: "Xeyr. O, bu [qənaət tədbirlərinin] həyata keçirilməsini təmin etmək üçün işə götürəcəyimiz təxminən 20 nəfərlik bir komanda üçün ofis alır".
Nihat Tahirov
17:18 26.01.2025
Oxunuş sayı: 2334