Nigeriyada terrora zərbə: IPOB təşkilatının 6 üzvü zərərsizləşdirildi

Nigeriyanın cənubundakı İmo ştatında keçirilən əməliyyatda terror təşkilatı Biafra Yerli Xalqları (IPOB) üzvü olan 6 nəfər zərərsizləşdirilib. İmo Ştatı Polisinin sözçüsü Henri Okoye yazılı açıqlamasında, ştatın Okigve bölgəsindəki meşədə polis ilə IPOB üzvləri arasında qarşıdurma yaşandığını bildirib.Crossmedia.az xəbər verir ki, Okoye əməliyyat zamanı 6 IPOB üzvünün zərərsizləşdirildiyini, bəzi terrorçuların isə yaralı halda qaçdıqlarını qeyd edib.
Nigeriyada silahlı dəstələrlə yanaşı, terror təşkilatları olan IPOB, Boko Haram və İŞİD-in Qərbi Afrika qolu (ISWAP) vaxtaşırı hücumlar həyata keçirir. Digər tərəfdən, Kaduna ştatına bağlı Kitanda və Kusheka bölgələrində silahlı şəxslər fidyə məqsədilə 22 nəfəri qaçırıblar. Ölkədə adam oğurluğu cinayətlərinə ölüm cəzası tətbiq edilsə də, fidyə üçün qaçırma halları tez-tez baş verir. Silahlı şəxslər, adətən, ölkənin şimalındakı kəndləri, məktəbləri və sərnişinləri hədəf alaraq fidyə tələb edirlər.
Maral Şahverdili
23:26 25.01.2025
Oxunuş sayı: 3918