Elm Fondu alimlərə tədqiqatlarda yeni imkanlar yaratmağa davam edir
Azərbaycan Elm Fondunun dəstəklədiyi mühüm layihələrdən biri olan "Dəyişən kütləli kvant dinamik sistemləri ilə təsvir olunan nanostrukturların və mikroiqtisadi hadisələrin tədqiqi" layihəsi diqqət mərkəzindədir. Layihənin rəhbəri Elçin Cəfərov ilə müsahibədə bu tədqiqatların elm və cəmiyyət üçün əhəmiyyətindən danışdıq. Həmçinin, Azərbaycan Elm Fondunun elmin inkişafı üçün yaratdığı imkanlar və onun tədqiqat fəaliyyətlərinə verdiyi töhfələr haqqında fikirlərini də öyrəndik.
Layihənin rəhbəri, Elm və Təhsil Nazirliyinin Fizika İnstitutunun Kvant informatikası labaratoriyasının rəhbəri, fizika üzrə elmlər doktoru Elçin Cəfərov layihə və onun elm üçün, cəmiyyət üçün əhəmiyyəti barədə Crossmedia.az-ın suallarını cavablandırıb.
- Layihənizin əsas məqsədi və qarşıya qoyulan elmi hədəflər nələrdir?
-Azərbaycan Elm Fondunun dəstəklədiyi "Dəyişən kütləli kvant dinamik sistemləri ilə təsvir olunan nanostrukturların və mikroiqtisadi hadisələrin tədqiqi" layihəsi, Fondun 2022-ci ildə elan etdiyi Əsas Qrant Müsabiqəsinə təqdim edilmişdi. Layihə çərçivəsində Elm və Təhsil Nazirliyinin kvant fizikası sahəsində elmi tədqiqat aparan bir qrup mütəxəssisi, dəyişən kütləli kvant sistemlərin dəqiq həll oluna bilən modellərini qurmağı qarşısına məqsəd qoymuşdur. Həmçinin, bu modellərin köməyi ilə nano-ölçülü konfaynment quruluşların və anomal mikroiqtisadi hadisələrin geniş tədqiqinə nail olmaq əsas hədəflərdən biridir.
Layihə 2023-cü ilin may ayından başlayaraq bir il müddətinə Elm Fondu tərəfindən dəstəklənmişdir. Bu müddət ərzində tədqiqatçılar harmonik ossilator modelini ümumiləşdirərək yeni kvant modelləri hazırlamağı və nano-ölçülü asimmetrik heterostrukturların xarici sahənin təsiri altındakı müxtəlif qeyri-xətti optik xassələrini hesablamağı planlaşdırmışdılar. Eyni zamanda, makroiqtisadi bazarlarda müşahidə olunan və mikroiqtisadi anomaliyalar hesab edilən Giffen məhsullarının yaranma mexanizmlərini tədqiq etmək layihənin əsas prioritetlərindən biridir.
- Layihə hansı real problemlərin həllində tətbiq oluna bilər?
-Dəyişən kütləyə malik məsələlər həmişə kvant fizikasının diqqət mərkəzində olmuşdur. Son zamanlar elm və yüksək texnologiyanın aşağı ölçülü sistemlərdə sürətlə inkişafı, fiziki sistemlərin yeni “gizli” xassələrinin üzə çıxarılmasını zəruri edir. Bu kimi xassələrin araşdırılmasında koordinat və zamandan asılı olaraq dəyişən kütlə parametrləri mühüm rol oynaya bilər.
Digər tərəfdən, texnologiyaların inkişafı qlobal iqtisadiyyatı formalaşdırmaqla yanaşı, cəmiyyətlər üçün təhlükəli "gizli domino" effektini də meydana çıxarmışdır. Məsələn, ABŞ-nin daşınmaz əmlak bazarının çökməsi ilə başlayan 2007-2008-ci illərin məşhur ipoteka böhranı buna bariz nümunədir. Bu böhran səbəbindən, klassik statistika qanunlarının tətbiqi ilə verilən proqnozların əksinə olaraq, növbəti bir il ərzində ən böyük dünya bankları çökməyə və əsas qiymətli kağızlar öz dəyərini kəskin şəkildə itirməyə başlamışdı ki, daha sonra tamamilə nəzarətdən çıxan növbəti dalğa bilavasitə Avropanın qiymətli kağızlar bazarlarına, əmtəə və əmək birjalarına sıçramış, nəticədə dünya ticarəti 10%-dən də çox kiçilmiş, inkişaf etmiş güclü iqtisadiyyata malik ölkələrdə işsizlik 200 milyon nəfər artmışdır.
Eyni zamanda, dünyada hər il təxminən 1 milyard insanın kifayət qədər qidalana bilməməsi və daha 1 milyard insanın ac qalmasına baxmayaraq, hər il 1.3 milyard ton ərzaq israf olunur. Son otuz ildə artıq belə bir tendensiya yaranmışdır ki, həm makro, həm də mikro iqtisadiyyatda baş verən və bəzən də gözlənilmədən çox böyük fəlakətlərə aparıb çıxaran kvazi-gizli təsirlər, klassik paylanma qanunları ilə proqnozlaşdırıla bilmirsə, o zaman, kvant fizikasının ehtimal nəzəriyyəsinə daxil etdiyi qabaqcıl kvant paylanma funksiyalarının və ya müxtəlif dəqiq həllərə malik kvant sistemlərinin dalğa funksiyalarından tərtib olunmuş qeyri-stasionar dalğa paketlərinin tətbiq edilməsi ilə izah etmək daha dəqiq proqnozlara gətirib çıxara bilər. Bazarlardakı qəfil həyəcanlanmaların və onların daha sonra “gizli domino” effekti ilə ümumi iqtisadi vəziyyətə vurduğu zərbələrin bu yanaşmalar ilə tədqiq edilməsi doğrudan da məntiqlidir.
Məsələn, Giffen məhsulları fenomeni. Bu məhsullar adi məhsullardan fərqli olaraq bahalandıqca daha çox tələbat görür və növbəti mərhələdə iqtisadi böhranlara səbəb olur. Layihəmiz bu cür problemlərin həlli üçün kvant fizikasının qanunlarından istifadə edərək daha etibarlı modellər təqdim etməyi hədəfləyir. Azərbaycanda bu sahə hələ yeni olsa da, biz bu istiqamətdə innovativ nəticələr əldə etməyə çalışırıq.
- Elm Fondunun dəstəyinin layihənin həyata keçirilməsinə təsiri necə olub?
- Elm Fondu yaradıldıqdan sonra, bu bir illik maddi və mənəvi dəstək, qrup üzvlərinə imkan verdi ki, bu gün cəmiyyətimizdə alim kimi özlərini digər peşə sahiblərindən daha aşağı səviyyəli insanlar kimi hiss etməsinlər. Bu dəstək sayəsində tədqiqat qrupumuz nüfuzlu xarici jurnallarda 7 elmi məqalə çap etdirdi. Həmçinin Bolqarıstan Elmlər Akademiyasının təşkil etdiyi nüfuzlu elmi konfransda, İtaliyanın Triest şəhərindəki Beynəlxalq Nəzəri Fizika Mərkəzinin seminarında və Özbəkistan Fizika Cəmiyyətinin Daşkənddə təşkil etdiyi plenar elmi iclasda dəvətli çıxışlar etdik. Bundan əlavə, Belçika Krallığının Gent Universitetinə elmi ezamiyyətimiz də Elm Fondunun dəstəyi ilə həyata keçirildi. Layihə çərçivəsində qrupumuzdan bir üzv dissertasiya işini bitirərək uğurla müdafiə etdi, daha iki üzv isə bu il ərzində dissertasiyalarını müdafiə edəcək. Bu nailiyyətlər, heç şübhəsiz, Elm Fondunun dəstəyi olmadan mümkün olmazdı.
- Ümumiyyətlə, Elm Fondunun Azərbaycanda elmin inkişafına töhfələrini necə qiymətləndirirsiniz?
-Bu layihə mənim Elm Fondu tərəfindən dəstəklənən ilk layihəm deyil. Digər altı qrup üzvümüzdən üçü də daha əvvəl fondun layihələrində iştirak etmişdir. Şəxsən mən 2015-ci ildə doktorluq dissertasiyamı Elm Fondunun dəstəyi çərçivəsində yerinə yetirmişəm. Bu fondun təxminən on beş il əvvəl yaradılması, biz alimlər üçün dəyəri ölçülməz bir hadisə idi.
Hazırda fərdi kompüterimdən tutmuş printerimə və digər informasiya daşıyıcılarına qədər, işimdə istifadə etdiyim bir çox vasitələrin üzərində Elm Fondunun adı var. 2013-cü ildən bu yana dünyanın nüfuzlu jurnallarında çap etdiyim 18 elmi məqalədə Elm Fonduna təşəkkür qeyd etmişəm. Bu, o deməkdir ki, həmin məqalələrdə əldə etdiyim elmi nəticələrə görə ilk növbədə Elm Fonduna minnətdaram. Bu dəstək olmasaydı, institutdakı iş yerimdə oturub normal iş şəraitində bu mühüm nəticələri əldə edə bilməzdim.
Mən əminəm ki, son on beş ildə Elm Fondundan bu cür dəstək görən alimlərimizin sayı yüzlərlədir. Məhz bu dəstəklər sayəsində həmin alimlər elmi tərk etməyib fəaliyyətlərini davam etdirirlər. Mən inanıram ki, bu sözləri oxuyan həmin alimlər də fikirlərimi təsdiqləyəcəklər. Elm Fondunun verdiyi imkanlar elmi fəaliyyətin gələcəkdə də yüksək səviyyədə davam etdirilməsinə böyük töhfə verir.
Nihat Tahirov
16:43 23.01.2025
Oxunuş sayı: 1016