CROSSMEDIA - Sülh danışıqları, yoxsa sərt sanksiyalar? -ŞƏRH
Avropa

Sülh danışıqları, yoxsa sərt sanksiyalar? - ŞƏRH

ABŞ-nin prezidenti Donald Tramp Ukrayna münaqişəsinin həlli ilə bağlı fikirlərini bölüşüb. O, Rusiya ilə Ukrayna arasında nizamlanma sazişi imzalamağın vaxtının çatdığını vurğulayıb.

“Mən asan yola üstünlük verirəm. Ukrayna münaqişəsini asan və ya çətin yolla bitirmək olar. Əgər Rusiya Ukrayna ilə razılığa gəlməsə, ABŞ Rusiyanın ixrac etdiyi bütün məhsullara yüksək tariflər və sanksiyalar tətbiq edəcək,” – deyə Tramp bəyan edib. O, rus xalqını sevdiyini və Prezident Vladimir Putinlə hər zaman yaxşı münasibətlərdə olduğunu da əlavə edib. Tramp, Rusiyaya zərər vermək istəmədiyini qeyd etsə də, sanksiyalar məsələsini gündəmdə saxlayır.

Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən siyasi şərhçi Məhəmməd Əsədullazadə bildirib ki, Donald Trampın Ukrayna münaqişəsi ilə bağlı mövqeyi diqqət çəkir:

“ABŞ-nin prezidenti Donald Tramp Rusiya və Ukrayna arasında sülhün əldə edilməsinə və ya atəşkəsin təmin olunmasına çalışır. Onun açıqlamaları daha çox diplomatik müzakirələrə işarə edir və bu prosesdə əsas yükün Rusiyanın üzərində olduğunu vurğulayır. Çünki müharibəni davam etdirən tərəf olaraq, Moskva vəziyyəti dəyişdirmək üçün konkret addımlar atmalıdır”.


Siyasi şərhçinin sözlərinə görə, Trampın Rusiya Prezidenti Vladimir Putinlə görüşərək geniş müzakirələr aparması ehtimal olunur. Bununla yanaşı, o qeyd edir ki, Tramp Rusiyaya qarşı sanksiyalar tətbiq edəcəyini və Ukraynaya hərbi yardımları artıracağını istisna etmir:

“Bu siyasət ABŞ-nin strateji maraqlarına uyğun olaraq davam edə bilər. Lakin bu yanaşma ABŞ-nin ümumi mövqeyində zəifləmələrə və əlavə müzakirələrə səbəb ola bilər. Trampın mövqeyi ilə bağlı Rusiyada müəyyən gözləntilər var idi. Onlar düşünürdü ki, Tramp daha barışıq yönümlü siyasət apararaq Ukraynaya yardımları tamamilə dayandıra bilər. Ancaq onun son açıqlamaları bu gözləntiləri doğrultmur”.

Məhəmməd Əsədullazadə sonda vurğulayıb ki, Tramp həm diplomatik müzakirələri, həm də sanksiya tətbiqi seçimini açıq saxlayır:

“Bu yanaşma həm Ukraynanın dəstəyini qorumağa, həm də Rusiyanı masaya oturtmağa xidmət edə bilər”.


Maral Şahverdili

14:23 23.01.2025

Oxunuş sayı: 1019

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR