Avarlar - qüdrətli türk imperiyası ( I yazı )

I hissə
Erkən orta əsrlərdə Cənub-Şərqi Avropa çöllərində yaşamış və Qərbi Hun imperiyasının süqutundan sonra ortaya çıxmış qüdrətli türkdilli tayfa birləşməsindən biri avarlardır. Avar və ya abar adı ilk dəfə 463-cü ildə Bizans müəllifi Pani-yalı Priskin əsərində çəkilmişdir. Orada 463-cü ildə saraqurlardan Bizans imperatorunun sarayına gəlmiş elçinin avarların sabirlərə (suvarlara) basqınından bəhs etdiyindən danışılır.
Avarların adına “apar” şəklində Türk kitabələrində, sadəcə, bir dəfə rast gəlinir. Həmin məlumatda avarların göytürklərin müttəfiqləri və vassalları kimi 572-ci ildə Böyük xaqan Muğanın cənazə mərasimində iştirak etdikləri bildirilir. Avarların milli kimliyi haqqında bu günə qədər müxtəlif fərziyyələr mövcuddur. Belə ki, tarixdə həm həqiqi, həm də yalançı avarların olduğu məlumdur. Yalançı avarlardan fərqli olaraq, həqiqi avarların mənşəyi məsələsi bu günə qədər tam araşdırılmamışdır. Qərb tarixşünaslığında da avarlar haqqında əsas mübahisəli məsələ bizanslı müəlliflərdən Simokattanın gündəmə gətirdiyi “saxta avarlar” və “həqiqi avarlar” məsələsidir. VII əsrdə yaşamış müəllif avar adlı iki türk xalqının olduğunu, bunlardan “gerçək” (və ya həqiqi) avarlar”ın Avropaya heç gəlmədiyini, “saxta avarlar”ın isə var-huni adlı bir türk xalqı olduğunu yazır. Macar türkoloq K.Çeqledi də Avropadakı avarların şərqdəki avarlarla eyni kökdən olmadığı qənaətinə gəlmişdir. Onun fikrincə, həqiqi avarlar jujan xalqı idi. Saxta avarlar isə
eftalitlər olmuşdur. Bəsit və epizodik məlumatlara malik həqiqi avarlar barəsində tarixçilərin verdiyi fərziyələrə əsaslanaraq onların aba, yaxud avar tayfalarından yarandığını qeyd edə bilərik. R.Özdəyin yazdığına görə, göytürklərin 552-ci ildə Jujan dövlətini yıxdığı zaman onların bir qismi qərbə çəkilmişdir. Qərbə çəkilən bu kütlə “Apar” adlanırdı və “dirənən, qarşı gələn” mənasını ifadə edirdi. ABŞ tarixçisi P. Qolden isə avarların mənşəyi məsələsinin dolaşıq olduğunu yazır. Onun fikrincə, Bilgə xaqan, Gültigin və Şimali Altaydakı bir abidədə rast gəlinən “apar”-ın abar/avar ilə eyniləşdirilməsi doğudursa o zaman Avropa avarlarının jujan olması ehtimalı da doğrudur. Akad.V.V. Bartold avarları “apar” və ya “aparun” kimi qeyd edir. O.Karatay “Türklərin mənşəyi” əsərində isə apar/avar adının onlara göytürklər tərəfindən verildiyini və monqol mənşəli olmadığını yazır. Ən azından onlarla eyni adı daşıyan Avropadakı saxta avarların monqol olmadıqlarını qəti şəkildə deyə bilirik, çünki dillərindən qalan sözlər türkcədədir. Qeyd edək ki, həmin tayfalar Aral dənizindən Dunaya qədər yol keçmiş və Avropada iki əsr ərzində mövcud olan dövlətlərini yaratmışdılar. 552-ci ildə avarların nümayəndələri Göytürk xaqanı Bumin xaqanın dəfnində iştirak etmişdilər. Göründüyü kimi, hələ o zaman a-ba tayfalarının müstəqil dövləti mövcud olmuşdur.
IV əsrdə Syanbi ordusuna və ona daxil olan mukrinlərə Tarbaqatay bölgəsində sarsıdıcı zərbə vuran avarlar yeni yaranmış Jujan dövlətinin yaratdığı təhlükə qarşısında birləşmək məcburiyyətində qaldılar. Qısa müddət ərzində avarlar Koreyanın şimalından Yuxarı İrtış və Qaşqara qədər olan bütün bozqırlara hakim oldular. Lakin onların bu ərazilərdəki hegemonluğuna tabqaçlar son qoydular. Roux qeyd edir ki, tabqaclar 402-ci ildə onları Ordosdan qovduqları kimi, 425-ci ildə də Monqolustanın şimalına qoşmuşdular. 439-cu ildə Qansuyu alan tabqaclar 458-ci ildə artıq bölgədə avarlardan əsər buraxmadılar. Daha sonra avarların ilk vəzifəsi düşməndən uzaqlaşmaq idi. L.N.Qumilyovun yazdığına görə, həmin dövrdə Mərkəzi Asiyada eftalitlərin fəallaşması və İstəminin diqqətini yayındırmaları (İstəmi deyirdi: “Avarlar quş deyildir ki, havaya uçub türk qılıncından canlarını qurtarsınlar, avarlar balıq deyillər ki, suya baş vurub dənizin dərinliklərində gizlənsinlər. Onlar da başqaları kimi yerin üstündə yaşayırlar.
Eftalitlərlə qurtaran kimi avarların üzərinə gedəcəyəm, onlar əlimdən qaçıb qurtara bilməzlər”) avarlar üçün xilas yoluna çevrildi.
Bir digər məsələ də şərqdəki avarların ağhunlarla əlaqəsidir ki, ikincilərə Avar-Hun da deyilir. Dolayısı ilə şərqdəki avarları hun etnik gələnəyindəki bir toplum olaraq görmək daha doğru olar. Altay bölgəsində yaşayan göytürklər avarların əsarəti altında yaşadıqları zaman üsyan qaldırıb tabe olduqları dövləti süquta uğratmış və dövlətlərini yaratmışdılar. O.Karatay onlardan qaçan avarların Çin və Koreyaya sığındıqlarını yazır. 555-556-cı illərdə türkyutlar tərəfindən əzilən a-baların bir hissəsi İli çayı ətrafında yaşayan mukrinlərin, digər hissəsi isə Qərbi Vey imperiyasında yaşayan tobosların yanına qaçdılar. Sonralar a-baların qalıqları və mukrinlər türkeşləri formalaşdıraraq onları “sarı” (mukrinlər) və “qara” (a-ba) qollarına ayırdılar. Bundan bir neçə il sonra göytürklər ağhunlar üzərinə hücum edib Qərbi Türküstanı ələ keçirdilər (557). O.Karatay Qərbi Türküstandan göytürklərin önündən qaçan bu Ağhun/Avar-Hunlara Avropa tarixində avarlar deyildiyini yazır. 558-ci ildə Qafqazda, 562-ci ildə Macar ovalığında görünən avarlar Mərkəzi Avropanın önəmli bir qismini ələ keçirir, zamanında hunların qovmadığı german tayfalarını İtaliyaya sıxışdırırlar.
Yalançı avarların tarixi də həqiqi avarlar qədər ziddiyyətlidir. Bizans mənbələrində İdil boylarına gələn avarların həqiqi avarlar deyil, yalançı avarlar olduğu qeyd edilmişdir. Həmçinin Bizans qaynaqlarında sabirləri yerindən çıxaran avarların həqiqi avarlar olduqları müəyyən edilmişdir. Türk tarixçisi Kafesoğlu yazır ki, 558-ci ildə Qara dənizin şimalı və Qafqaza ayaq basan avarların etnik adları ilə ta-nınması, Bizans qaynaqlarında, V əsr tarixçisi Priskin əsərində 465-ci il hadisələri ilə əlaqədar avarların Barkol ətrafına gəldikləri məlumdur. Məhz bu məlumatlar 558-ci ildə Avropaya gələn avarların keçmiş jujanlar olduğu fikrini qüvvətləndirməkdədir. Baştav isə yazır ki, göytürklərin avarları təqib etmələri və bu iki tayfa arasındakı düşmənçilik də Avropa avarlarının həqiqi avarlar olduğu fikrini dəstəkləməkdədir. Necəki, Qərbi Türk xaqanı İstəmi 576-cı ildə türk elindən gələn Bizans elçisi Zemarxa avarların türk hakimiyyətindən qaçdıqlarını bildirməklə də avarların mənşəyi haqqında məlumat vermişdir.
Avarların etnik kimliyi ilə bağlı araşdırmalar onu deməyə əsas verir ki, bu xalq hun mənşəlidir. Dil, mədəniyyət, dövlət, cəmiyyət, iqtisadiyyat və ordu quruluşundakı bənzərliklər avarların Mərkəzi Asiya əsilli bir türk tayfası olduğunu və hunlarla əlaqələrinin olduğunu deməyə əsas verir. Türk tarixçisi O.Karatay avarlardan günümzə ğatun, tarğan, tudun kimi ünvan adları ilə yanaşı bayan, kök, solağ kimi türkcə ilə çox rahat bir şəkildə açıqlanabiləcək adların qaldığını qeyd edir.
Antik tarixçi Menandr Mərkəzi və Şərqi Avropaya gələn avarların Mərkəzi Asiyadakı Jujan/Apar (Abar) dövlətinin qaçaq qalıqları olduğu fikri ilə, Qərbi Avrasiyadakı bir göytürk vəliəhdinin onlardan bəhs edərək “hökmdarlarından qaçan kölələrimiz” fikrini ifadə etməsi ilə üst-üstə düşür. Fiofilakt Simokatta həmçinin göytürk xaqanının Bizans imperatoru Maurikosa (582-602) ünvanladığı məktubuna istinad edərək yazır: “xaqan yeddi millətin hökmdarı və yeddi iqlimin əfəndisi döyüşdə abdalların (eftalitlər) hökmdarını əzərək bu xalqın üzərində iqtidarı ələ keçirdi. Üzərinə böyük öhdəliklər götürərək və İstəmi xaqan ilə ittifaq bağlayaraq avar xalqını kölələşdirdi”. Daha sonra F.Simokatta “Avropa və Pannoniyayada məskunlaşan barbarların” həqiqi avarlar olmadığını, “onların gəlişinin imperator Maurikosun dövründən daha əvvəl baş verdiyini yazır. O həmçinin İstrdə (Dunay çayının qədim adı) yerləşən bu barbarların “avarların adına yalandan olaraq sarılmışdılar” fikrini irəli sürür.
M.İ.Artamanov qeyd edir ki, “barseltlər (barsil), unqurlar (on-oqur), sabirlər və onlardan başqa hun qəbilələri uar və hunilərin torpaqlarında vahimə yaratdıqlarını görüncə avarların yurdlarına köç etdiklərini fikirləşdilər. Buna görə də onlara zərər verməmələri üçün gələnlərə qiymətli hədiyyələr verdilər. Uar-hunilər onlara itaət edildiyini görəndə gələn elçilərin səhvindən istifadə edib özlərini avar adlandırmağa başladılar. Göründüyü kimi, göytürklərdən qaçıb Qafqaz və Şimali Qara dəniz bölgəsinə gələn Eftalit-var-hunları Avropa tarix səhnəsində avar adı ilə peydə oldular. Bizanslılar onları əsil avarlardan (abar və ya jujanlardan) ayırmaq üçün “saxta avarlar” adlandırdılar. F.Simokattanın fikirləri ilə razılaşan L.N.Qumilyov VI əsrdə Avropada peydə olmuş avarların (obların) həqiqi çölçü-köçərilər olan avarlara heç bir aidiyyətinin olmadığını yazır. Simokattada Bizans imperatoru Yustinian (527-565) zamanında “əsas qəbilənin kiçik bir parçası yurd əldə etmək üçün Avropaya qaçdı.
Bu (xalq) özlərini avar adlandıraraq hökmdarlarını xaqan ünvanı ilə parıldatdı” kimi fikirlərə rast gəlmək mümkündür. O, fikirlərini davam etdirərək yazır: “barselitlər, unnuqurlar, savirlər və başqa hun qəbilələri onların torpaqlarına gələn uar və xunniləri görüb qorxuya düşdülər və elə bildilər ki, gələn tayfalar abar-avarlardır. (Bu hun tayfaları V əsrin 60-cı illərinin əvvəllərində Qərbi Sibirdən a-balar, avarlar tərəfindən qovulmuşdular –T.C). Ona görə də öz təhlükəsizliklərini təmin etmək üçün gələn köçkünlərə bahalı hədiyyələr göndərdilər. Uar və xunni çarı hadisələrin onun xeyrinə inkişaf etdiyini görüb, yerli tayfaların yanına öz elçisini göndərdi və özünü avar adlandırdı”.
Macar arxeoloqlarının apardığı araşdırmalar nəticəsində məzarlardan avarlara məxsus kəllə qutuları aşkar edilmiş, onların antropoloji quruluşunda uqor qarışığının olduğu öz təsdiqini tapmışdır. Belə ki, tapılan avar kəllələrinin 80%-i Avropa irqinə, 20%-i isə Qərbi Sibirdə mövcud olmuş qismən monqoloid tipinə məxsus olmuşdur. P.Qolden isə Macarıstandakı məzarlardan tapılan dəlillərə istinad edərək Avropa avarlarının Mərkəzi Asiyanın monqoloid mənşəli çəyirdəkdən formalaşdığı fərziyyəsini irəli sürür. Daha sonra yazır ki, bunlar bəlkə də həqiqi avarlar idi və Pannoniyada yaradılan Avar dövlətinin yüksək zümrəsini təşkil edirdilər. Bu birlik onların şərqdən köçü zamanı qatılmış digər ünsürləri də əhatə edirdi. Bu topluma daha sonra Qərbi Avrasiya bozqırlarından müxtəlif tayfalarla yanaşı, Pannoniyadakı çeşidli toplumlar (bulqar, alman, irani) da qatıldılar. İstəmi xaqan da qovduğu tayfaları avar adlandırırdı.
Avropa avarlarının dili ilə bağlı müxtəlif fərziyyələr mövcuddur. Nemeth Avropa avarlarının ortaq türkcədə danışdıqlarına inanır. O, hətta qəti şəkildə avar birliyi içərisində oğur türkcəsindən geniş şəkildə istifadə olunduğunu iddia edir. Avar kitabələrindən topılıb oxunan oyma yazılar bunu bir daha sübut etməkdədir. L.N.Qumilyov yazır ki, IV əsrin ortalarında Atlantik siklonlar öz istiqamətlərini dəyişməyə, şimalı deyil, cənub təbiətini yumşaltmağa başladılar. Quru çöllü-yü yaşıl otlar bürüdü və buraları asan keçmək üçün şərait yarandı. Elə o zaman da Mərkəzi Asiyada baş verən hadisələrin əks-sədası Şərqi Avropadan gəlməyə başladı. L.N.Qumilyov daha sonra yazır ki, böyük səhra iqliminin optimal dəyişməsi üç etnosa fəlakət gətirdi: akatsirlərə, savirlərə və bulqarlara.
Asiyadan köçüb gələn xalqları soymaq məqsədilə avarlar Qafqaz dağlarının şimal ətəklərinə basqın etdilər. Nəticədə sabirlər və utiqurlardan ibarət sonuncu hun tayfa birlikləri də dağıldı. Utiqurlar 558-ci ilə qədər Şərqi Azov və Don çöllərində hökmranlıq edirdilər. Dağıstanın Xəzərsahili bölgələrində məskunlaşan sabirlər avarlara məğlub olaraq Cənubi Qafqaza köçdülər. Avarların bir hissəsi Dağıstanı tərk edərək qərbə hərəkət etdilər.
Taleh Cəfərov
ADPU-nun Ümumi tarix və tarixin tədrisi texnologiyasi kafedrasının dosent əvəzi, tarix üzrə fəlsəfə doktoru
17:32 21.01.2025
Oxunuş sayı: 62832