Qazaxıstan nəşri 20 Yanvar faciəsindən yazıb
“Egemen Qazaxıstan” respublika qəzetində 1990-cı il yanvarın 20-də Azərbaycanda baş vermiş faciəli hadisələrə həsr olunmuş məqalə dərc edilib.
Nəşrdə sovet qoşunlarının Bakıya hərbi müdaxiləsi zamanı həmin faciəli gecənin hadisələri ətraflı işıqlandırılır. Faciə nəticəsində 147 mülki şəxsin həlak olduğu, 700-dən çox insanın yaralandığı bildirilir.
Məqalədə deyilir: “Bu qanlı cinayət insanların azadlıq sevgisini söndürə bilmədi”.
Yazıda Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin mövqeyinə geniş yer ayrılıb. Qeyd olunub ki, dahi şəxsiyyət Azərbaycanın Moskvadakı nümayəndəliyində tarixi mətbuat konfransındakı çıxışında bu cinayəti qəti şəkildə pisləyib və baş verənlərə siyasi qiymət verilməsini tələb edib.
Qəzet yazıb: “Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra faciə qurbanlarının xatirəsinin əbədiləşdirilməsi istiqamətində genişmiqyaslı işlərə başlanıldı. Bu dövrdə yanvar hadisələrindən zərər çəkmiş vətəndaşlara sosial dəstək tədbirləri xeyli gücləndirilib”.
Məqalədə qeyd edilib ki, bu siyasəti davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev şəhid ailələrinə və 20 Yanvar hadisələri əlillərinə xüsusi diqqət yetirir.
Qazaxıstan nəşri bu faciənin Azərbaycan xalqının müstəqillik uğrunda mübarizəsində dönüş nöqtəsi olduğunu vurğulayır. Məqalədə deyilir: “Bu dəhşətli hadisədən neçə il keçsə də, heç bir vətəndaş bu faciəni unutmayacaq”.
Həmçinin bildirilir ki, 20 Yanvar Azərbaycan Respublikasında Ümumxalq Hüzn Günüdür və hər il yüz minlərlə insan şəhidlərin xatirəsini ehtiramla yad etmək üçün Şəhidlər xiyabanını ziyarət edir. (Azərtac)
20:40 20.01.2025
Oxunuş sayı: 669