Tramvaylar Bakıya qayıdır?
Bir zamanlar paytaxtın əsas ictimai nəqliyyat vasitələrindən biri olan tramvaylar 2000-ci illərin əvvəlində fəaliyyətini dayandırdı. İndi isə tramvayların yenidən istifadəyə verilməsi mövzusu müzakirə edilir. Bəs tramvayların yenidən Bakıya qayıtması, tıxacların azaldılmasına təsir göstərməsi mümkün ola bilərmi?
Mövzu ilə bağlı hüquqşünas Ərşad Hüseynov Crossmedia.az-a verdiyi açıqlamasında bildirib ki, Azərbaycanda sovet dövründə və müstəqilliyin ilk illərində tramvay var idi və kifayət qədər səmərəli fəaliyyət göstərirdi:
"O vaxt şəbəkə elə qurulmuşdu ki, şəhərin ən çox sərnişin axını olan istiqamətlərində işləyirdi. Universitetlərin, o cümlədən Tibb Universitetinin yaxınlığından keçirdi. Hətta indiki Qara Qarayev prospekti, yəni metronun "Neftçilər" stansiyası və ətraf zonaları əhatə edirdi. Təəssüf ki, şəhərin mərkəzini və rayonları birləşdirən bu tramvay sistemi ləğv edildi. Nəticədə, bu gün həmin qərarın fəsadlarını görürük və külli miqdarda sərmayə qoyaraq tramvay sistemini bərpa etmək zərurəti yaranıb. Tramvayın üstünlükləri çoxdur. Ən əsası, ekoloji cəhətdən təmizdir, tıxaclara düşmür, iri tutumludur və müasir şəhərlərdə hələ də geniş istifadə olunur. Məsələn, iki vaqonlu tramvaylar bir dəfəyə 300 nəfərə qədər sərnişin daşıya bilir. İri tutumlu olduğuna görə tramvaylar ən ciddi sərnişin axını olan yerlərdə təşkil olunmalıdır".
Ekspert tramvaya daha çox ehtiyac olan zonaları da qeyd etdi: "Bugünkü gün, əgər külli miqdarda sərmayə qoyulacaqsa, bu nəqliyyat vasitəsi metroyla və şəhər qatarları ilə əhatə olunmayan zonalarda fəaliyyət göstərməlidir: Məsələn, Bakıda Şimal-Cənub istiqamətində tramvay xətti yaratmaq ehtiyacı var. Bu xətt Binəqədi qəsəbəsindən, Mehdiabaddan, hətta imkan olsa, Novxanı tərəfdən başlayaraq şəhərə doğru hərəkət etməli, Rəsulzadə qəsəbəsindən keçməlidir. Eyni zamanda Şərq-Qərb istiqamətində, indiki "28 May" stansiyası ilə "Xətai" stansiyası arasındakı zonadan başlayaraq Günəşli, Qaraçuxur, Sabunçu istiqamətlərinə qədər uzanan xətlərə ehtiyac var. Bu istiqamətlərdə sərnişin axını çoxdur və buna ciddi ehtiyac duyulur.
Hazırda Bakının baş planında tramvay layihəsinə dair müəyyən istiqamətlər nəzərdə tutulub. Lakin bu, hələ ideya səviyyəsindədir, konkret layihələndirmə və ya icra planı yoxdur".
Elnurə Kərimova
07:44 18.01.2025
Oxunuş sayı: 3370