Qubada 44 ölkənin iştirakı ilə beynəlxalq forum keçirilir
Qubada 44 ölkədən gənc liderlərin iştirakı ilə Beynəlxalq Gənclər Forumunun açılış mərasimi keçirilib.
Crossmedia.az Nazirliyə istinadən xəbər verir ki, tədbir 24–26 oktyabr tarixlərində VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ərəfəsində təşkil olunub.
Açılış mərasimində Quba Rayon İcra Hakimiyyəti başçısının müavini Səidə Abbasova, gənclər və idman nazirinin müavini İndira Hacıyeva, mədəniyyət nazirinin müavini Fərid Cəfərov və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) sədri Rafael Hacıbəyli çıxış ediblər.
Çıxışlarda gənclərin mədəniyyətlərarası dialoqun təşviqində, qarşılıqlı anlaşmanın gücləndirilməsində və xalqlar arasında əməkdaşlığın inkişafında mühüm rol oynadığı vurğulanıb.
Bildirilib ki, forum gənc liderlərin fikir və təcrübə mübadiləsi aparmasına, eləcə də yeni beynəlxalq əməkdaşlıq imkanlarının yaradılmasına şərait yaradır.
Tədbirdə BMT-nin Sivilizasiyalar Alyansının (BMTSA) gənclər şəbəkəsinin üzvləri də iştirak edirlər.
Forum çərçivəsində müxtəlif müzakirələrin və fəaliyyətlərin keçirilməsi nəzərdə tutulub. Bu təşəbbüslər gənclər arasında dialoqun, həmrəyliyin və mədəniyyətlərarası əlaqələrin möhkəmləndirilməsinə xidmət edəcək.
15:07 24.10.2026
Oxunuş sayı: 58