Kim Çen In gözlənilmədən Çinə səfər edib
Şimali Koreya lideri Kim Çen In iki ölkəni birləşdirən yeni körpüdən keçərək Çinin sərhəd şəhəri Danduna səfər edib.
Crossmedia.az xəbər verir ki, Cənubi Koreyanın “Yonhap” agentliyi bu barədə hökumətdəki mənbəyə istinadən məlumat yayıb.
Bildirilib ki, Kim Çen In Şimali Koreya ilə Çin arasında Yalutszyan çayı üzərində inşa edilmiş yeni körpüdən istifadə edərək Danduna gəlib.
Uzunluğu 3 026 metr olan dördzolaqlı körpünün tikintisi 2014-cü ildə başa çatsa da, istifadəyə verilməsi 12 il gecikib. Buna səbəb Şimali Koreya tərəfində giriş yollarının və gömrük infrastrukturunun hazır olmaması göstərilib.
Təxminən 310 milyon dollara başa gələn körpünün iki ölkə arasında ticarət və iqtisadi əlaqələri gücləndirəcəyi gözlənilir.
Məlumata görə, Kim Çen In Dandunda Çinin Baş naziri Li Tsyan tərəfindən qarşılanıb. Şimali Koreya liderinin səfərinin qısamüddətli olacağı və həmin gün ölkəsinə qayıdacağı ehtimal edilir.
Qeyd edək ki, Çin Şimali Koreyanın ən böyük ticarət tərəfdaşı və əsas iqtisadi-siyasi dəstəkçilərindən biridir.
Son illərdə Pxenyan Rusiya ilə də əlaqələrini genişləndirib. Şimali Koreya Ukraynadakı müharibədə Moskvaya hərbi dəstək göstərib.
Kim Çen Inın səfəri Koreya yarımadasında gərginliyin davam etdiyi dövrə təsadüf edir. Cənubi Koreya sərhəd xəttinin dəqiqləşdirilməsi və hərbi kommunikasiya kanallarının bərpası məqsədilə Pxenyana danışıqlar təklif edib.
Buna səbəb demilitarizasiya zonasında baş verən partlayış nəticəsində Cənubi Koreya hərbçilərinin yaralanması olub. Seul hadisəyə Şimali Koreya minalarının səbəb olduğunu bildirsə də, Pxenyan ittihamları rədd edib.
16:20 24.10.2026
Oxunuş sayı: 49