İsrail 15 şəhərə basqın edib: Onlarla fələstinli saxlanılıb
İsrail ordusu işğal altındakı İordan çayının qərb sahilində genişmiqyaslı əməliyyat keçirərək onlarla fələstinlini saxlayıb. Əməliyyatlar zamanı yaşayış binası sökülüb, yüzlərlə ailəyə evlərini tərk etmək göstərişi verilib.
Crossmedia.az xəbər verir ki, “Al Jazeera” telekanalı bu barədə məlumat yayıb.
Bildirilib ki, İsrail qüvvələri oktyabrın 24-də İordan çayının qərb sahilinin şimalında ən azı 15 yaşayış məntəqəsinə basqın edib.
Əməliyyatlar Nablus, Cenin, Tubas və Qalqiliya şəhərləri də daxil olmaqla bir sıra əraziləri əhatə edib.
Nablus yaxınlığındakı Cəlud və Qaryut kəndlərində evlərə basqın edilib, Cenin ətrafındakı yaşayış məntəqələrində isə saxlanılmalar qeydə alınıb.
Bundan başqa, İsrail hərbi texnikası Əl-Xəlil (Hebron) şəhərində üçmərtəbəli yaşayış binasını söküb. Binada yaşayan ailələrə əşyalarını götürmək üçün cəmi beş dəqiqə vaxt verildiyi bildirilir.
İsrail qüvvələri şəhərin Eyn Deyr Bəhha bölgəsində və ətraf ərazilərdə yaşayan yüzlərlə fələstinli ailəyə evlərini boşaltmaq göstərişi verib.
Qeyd edək ki, əməliyyatlar oktyabrın 23-də Əl-Xəlil yaxınlığında iki İsrail hərbçisinin öldürüldüyü silahlı hücumdan sonra başlayıb.
İsrailin Baş naziri Benyamin Netanyahu hadisədən sonra İordan çayının qərb sahilinin tam blokadaya alınması barədə göstəriş verib.
Məlumata görə, məhdudiyyətlər çərçivəsində bölgədə təxminən 1000 nəzarət-buraxılış məntəqəsi və keçidin bağlanması nəzərdə tutulur. Bu isə milyonlarla fələstinlinin hərəkət imkanlarına təsir göstərə bilər.
14:03 24.10.2026
Oxunuş sayı: 93