Filippində iki hərbi təyyarə toqquşub: 4 pilot həlak olub
Filippində təlim uçuşu zamanı Hərbi Hava Qüvvələrinə məxsus iki təyyarənin toqquşması nəticəsində 4 pilot həyatını itirib.
Crossmedia.az xəbər verir ki, hadisə paytaxt Manilanın cənubunda yerləşən Fernando hərbi hava bazasında baş verib.
Bildirilib ki, oktyabrın 23-də təlim uçuşu həyata keçirən iki ədəd SF-260 tipli təyyarə havada toqquşaraq yerə çırpılıb.
Qəza nəticəsində hər iki təyyarədə olan ümumilikdə 4 pilot həlak olub.
Filippin Hərbi Hava Qüvvələri hadisənin səbəblərinin müəyyənləşdirilməsi üçün araşdırmalara başlayıb.
Araşdırmalar başa çatanadək SF-260 tipli digər hərbi təyyarələrin uçuşları müvəqqəti dayandırılıb.
Məlumata görə, qəza yerli vaxtla saat 15:51-də Batanqas əyalətinin Lipa şəhərindəki hərbi bazanın ərazisində qeydə alınıb. Təyyarələrin hər ikisi bazanın daxilinə düşüb. Yerdə olan şəxslər arasında xəsarət alan olmayıb.
Filippin Hərbi Hava Qüvvələri həlak olan pilotların ailələrinə başsağlığı verib və onlara lazımi yardımın göstəriləcəyini açıqlayıb.
Qeyd edək ki, may ayında da Filippində SF-260 tipli təlim təyyarəsinin qəzaya uğraması nəticəsində iki pilot həlak olmuşdu.
14:09 24.10.2026
Oxunuş sayı: 55