"L'Oréal" arıqlama dərmanlarının təsirlərinə qarşı məhsullar hazırlayır
Arıqlama dərmanlarının istifadəsinin artması kosmetika və dəriyə qulluq məhsullarının satışına təsir göstərir. Crossmedia.az xəbər verir ki, BBC bu barədə məlumat yayıb.
Dünyanın aparıcı kosmetika şirkətlərindən olan “L’Oréal” sürətli çəki itkisinin dəriyə təsirlərini nəzərə alaraq yeni məhsullar hazırlayır. Şirkətin baş icraçı direktoru Nicolas Hieronimus bildirib ki, qlobal bazardakı çətinliklərə baxmayaraq, gözəllik sektoru dayanıqlılığını qoruyur və GLP-1 qrupuna daxil olan arıqlama dərmanlarının geniş yayılması bazara ciddi təsir göstərir.
Hieronimus investorlarla keçirilən görüşdə bu dərmanların istifadəsinin xüsusilə dəriyə qulluq məhsullarının istehlakına təsir etdiyini vurğulayıb.
“L’Oréal” şirkəti “Maybelline” və “La Roche-Posay” kimi markalara da sahibdir. Şirkət oktyabrın 22-də açıqladığı məlumata əsasən, sentyabrda başa çatan üç ay ərzində satışlarını 7,7 faiz artırıb. Bu göstərici analitiklərin proqnozlarını üstələyib.
Son illərdə diabetin müalicəsi üçün hazırlanmış “Ozempic”, “Wegovy” və “Mounjaro” kimi dərmanlar iştahanı azaltdığına və əhəmiyyətli çəki itkisinə səbəb olduğuna görə geniş yayılıb. GLP-1 qrupuna daxil olan bu preparatlar birbaşa dərinin sallanmasına səbəb olmasa da, sürətli arıqlama bəzi insanlarda, xüsusilə üz nahiyəsində dərinin boşalması ilə nəticələnə bilər.
Hieronimusun sözlərinə görə, şirkətin “SkinCeuticals” və “Kiehl’s” markaları sürətli çəki itkisindən sonra dərinin sallanması və digər dəyişikliklərlə mübarizəyə yönəlmiş məhsullar təqdim edir.
“L’Oréal” klinik estetika sahəsində də fəaliyyətini genişləndirir. Şirkət ötən ilin dekabrında dermatologiya sahəsində fəaliyyət göstərən “Galderma” şirkətindəki payını 20 faizə çatdırıb.
“Reuters”in məlumatına görə, hər iki şirkət sürətli arıqlama nəticəsində dərisinin sallanmasından narahat olan GLP-1 istifadəçiləri üçün məhsulları ayrıca klinik sınaqlarda yoxlayıb.
“Galderma” kollagen istehsalını stimullaşdırmaq məqsədilə istifadə olunan inyeksiya preparatı “Sculptra” və dəri dolğusu “Restylane” kimi estetik məhsullarla tanınır.
Şirkət ötən il GLP-1 preparatlarının istifadəsinin artması və bunun üz görünüşündə yaratdığı dəyişikliklərlə bağlı hesabat da yayımlayıb. Arıqlama dərmanlarından istifadə edən şəxslər arasında keçirilən sorğuda iştirakçıların böyük əksəriyyəti preparatları qəbul etdikdən sonra üz görünüşlərində dəyişikliklər müşahidə etdiklərini bildirib.
06:30 24.10.2026
Oxunuş sayı: 79