Tibbdə yeni mərhələ: Süni intellektdən uğurlu nəticə
Microsoft şirkətinin apardığı araşdırmada süni intellekt əsaslı tibbi diaqnostika sisteminin mürəkkəb xəstəlik hallarını qiymətləndirərkən həkimlərin əvvəlki nəticələri ilə müqayisədə 2,3 dəfə daha yüksək diaqnostik dəqiqlik göstərdiyi müəyyən edilib.
Crossmedia.az xəbər verir ki, Microsoft bu barədə məlumat yayıb.
Araşdırmada Microsoft tərəfindən hazırlanan “MAI-DxO” adlı süni intellekt əsaslı diaqnostika sisteminin fəaliyyəti qiymətləndirilib. Sistem “The New England Journal of Medicine” jurnalında dərc olunmuş 304 mürəkkəb tibbi hadisə üzrə sınaqdan keçirilib.
Nəticələrə əsasən, “MAI-DxO” açıq mənbələrdən, o cümlədən tibbi kitablardan və internetdən istifadə edən həkimlərlə müqayisədə təxminən 2,3 dəfə, əlavə mənbələrə müraciət etmədən diaqnoz qoyan həkimlərlə müqayisədə isə 3,7 dəfə yüksək nəticə göstərib.
Araşdırmanın nəticələri “Science” jurnalında dərc olunub. Bununla belə, tədqiqat real xəstələr üzərində deyil, əvvəlki tibbi hadisələrin simulyasiya şəraitində qiymətləndirilməsinə əsaslanıb. Müqayisədə real həkimlərin iştirakı təmin edilmədiyindən, nəticələr sistemin gündəlik tibbi praktikada effektivliyini tam təsdiqləmir.
03:30 24.10.2026
Oxunuş sayı: 91