BDU-da “Zəfərin 44 sütunu” layihəsinin növbəti görüşü: Həqiqətin müdafiə xətti
Bakı Dövlət Universitetində (BDU) “YENİ Klub”un təşkilatçılığı ilə “Zəfərin 44 sütunu” layihəsi çərçivəsində “Həqiqətin müdafiə xətti” adlı tədbir təşkil olunub.
Crossmedia.az xəbər verir ki, tədbir Dövlət himninin səsləndirilməsi və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Giriş sözü ilə çıxış edən “YENİ Klub”un sədri, Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin İdarə Heyətinin üzvü Asif Əliyev layihənin məqsəd və ideyası barədə məlumat verib. O, YAP-ın dövlətçilik ənənələrinin formalaşması və milli-mənəvi dəyərlərin qorunmasındakı rolundan bəhs edərək, gənclərin vətənpərvərlik ruhunda yetişməsi istiqamətində həyata keçirilən təşəbbüsləri diqqətə çatdırıb.
Milli Məclisin üzvü Vüqar Rəhimzadə Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasında və ölkənin ideoloji təhlükəsizliyinin təmin olunmasında milli medianın rolunu vurğulayıb. O, Prezident İlham Əliyevin media sahəsindəki uğurlu strategiyasını qeyd edərək, xaricdən gələn ideoloji təhdidlərin və dezinformasiyaların qarşısının alınmasında mətbuatın üzərinə böyük məsuliyyət düşdüyünü bildirib.
Milli Məclisin üzvü Rizvan Nəbiyev beynəlxalq müstəvidə informasiya mübarizəsinin xüsusiyyətləri və hüquqi aspektlərindən danışıb. O, qlobal münasibətlər sistemində faktların düzgün təqdim edilməsinin vacibliyini qeyd edərək, ölkəmizin haqlı mövqeyinin müdafiəsində beynəlxalq hüquq mexanizmlərindən səmərəli istifadə olunmasının aktuallığını vurğulayıb.
Azərbaycan Mətbuat Şurasının sədri Vüqar Əliyev müasir media alqoritmləri, rəqəmsal platformaların informasiya axınına təsiri və jurnalist məsuliyyəti məsələlərini təhlil edib. Rəqəmsal mühitdə operativliklə yanaşı, məlumatların dəqiqliyi və etibarlılığının qorunmasının da mühüm şərt olduğunu deyən Şura sədri dezinformasiyaya qarşı mübarizədə peşə etikasına riayət edilməsinin əhəmiyyətini diqqətə çatdırıb.
BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin əməkdaşı, YAP Gənclər Birliyinin İdarə Heyətinin üzvü Ələkbər Həsənov gənclərin maarifləndirici layihələrdə fəal iştirakının və rəqəmsal məkanda "informasiya gigiyenası"na əməl etmələrinin vacibliyini qeyd edib.
11:42 22.10.2026
Oxunuş sayı: 57