Məzahir Əfəndiyev: Gəncə terroruna tam və obyektiv hüquqi-siyasi qiymət verilməyib
2020-ci ilin oktyabrında Gəncə şəhərinə endirilən raket zərbələri Azərbaycanın müasir tarixində dinc əhaliyə qarşı törədilmiş ən qanlı terror aktlarından biri kimi yadda qalıb. Cəbhədən uzaqda yerləşən şəhərin gecə saatlarında hədəfə alınması, günahsız insanların öz evlərində həyatını itirməsi müharibənin yalnız döyüş meydanında deyil, mülki əhali üzərində də ağır izlər buraxdığını göstərdi. Dağılan evlər, yarımçıq qalan ömürlər və valideynlərini itirən uşaqlar bu faciənin ağrısını bu gün də yaşadır. Gəncə terroru təkcə Azərbaycanın deyil, beynəlxalq hüququn və humanitar prinsiplərin də sınağa çəkildiyi bir hadisə oldu. Aradan illər keçsə də, həmin gecənin ağrısı unudulmur, şəhidlərin xatirəsi ehtiramla yad edilir, ədalət tələbi isə aktuallığını qoruyur. Bəs Gəncə terrorunun tarixi və hüquqi-siyasi əhəmiyyəti nədən ibarətdir, bu faciə Azərbaycanın yaddaşında hansı izləri buraxıb?
Mövzu ilə bağlı Milli Məclisin deputatı Məzahir Əfəndiyev Crossmedia.az-a açıqlama verib:
“Gəncə terroru 44 günlük Vətən Müharibəsi dövründə Ermənistanın Azərbaycanın dinc əhalisinə və mülki infrastruktura qarşı törətdiyi ən ağır hərbi cinayətlərdən biridir. Hələ İkinci Qarabağ-Vətən Müharibəsinə qədər olan dövrdə beynəlxalq aləmin ikili standartları və havadarları erməni tərəfini daha da arxayınlaşdırmış və azğınlaşdırmışdı, Ermənistanın uzun illər davam edən işğalçılıq siyasəti və beynəlxalq hüququn tələblərinə məhəl qoymaması regionda gərginliyin artmasına və humanitar fəsadların dərinləşməsinə zəmin yaratmışdı.
Məhz bu arxayınlığın nəticəsi idi ki, cəbhə xəttindən yüzlərlə kilometr aralıda yerləşən Gəncə şəhəri, eləcə də digər dinc yaşayış məntəqələri qadağan olunmuş ballistik raketlərlə və ağır artilleriya ilə hədəfə alındı. Evlərinin dağıntıları altında qalan dinc sakinlərin, xüsusilə körpə uşaqların və qadınların qətliamı təkcə Azərbaycana deyil, bütün bəşəriyyətə və beynəlxalq hüquqa qarşı törədilmiş vəhşilik idi. Lakin, bu amansız terror aktları xalqımızın iradəsini qıra bilmədi.
Gəncə sakinləri və bütün Azərbaycan xalqı Ali Baş Komandan, Böyük Sərkərdə, Prezident İlham Əliuevoşin ətrafında "Dəmir yumruq" kimi birləşərək sarsılmaz qətiyyət nümayiş etdirdi.
Ermənistanın törətdiyi bu cinayətlərlə bağlı aidiyyəti dövlət qurumları tərəfindən dərhal cinayət işləri qaldırılmış, faktlar sənədləşdirilərək beynəlxalq təşkilatların diqqətinə çatdırılmışdır. Buna baxmayaraq, xaricdəki müəyyən dairələrin və beynəlxalq qurumların Azərbaycana qarşı nümayiş etdirdiyi ikili standartlar səbəbindən bu faciəyə hələ də tam və obyektiv hüquqi-siyasi qiymət verilməmişdir.
Qeyd edim ki, bu hücumlar nəticəsində 26 mülki şəxs həyatını itirib, o cümlədən ən kiçiyi 2019-cu il təvəllüdlü olmaqla 6 azyaşlı uşaq, eyni zaçamda 175 nəfər dinc sakin yaralanıb. Mülki şəhidlərin xatirəsini əbədiləşdirmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə Gəncə şəhərində xüsusi Memorial Kompleks inşa edilib. Gəncə Memorial Kompleksinin açılışı 2026-cı il sentyabrın 27-də – Anım Günündə Prezident İlham Əliyevin iştirakı ilə baş tutub. Bu Memorial Kompleks Azərbaycanın mülki əhaliyə qarşı törədilmiş terrora cavabını, şəhidlərin əziz xatirəsinə dərin ehtiramı və gələcək nəsillərə sülhün, ədalətin əhəmiyyətini göstərən rəmzdir.
Beləliklə, Azərbaycan döyüş meydanında düşməni zərərsizləşdirərək, ərazi bütövlüyü və suverenliyini tam bərpa edərək bu günə qədər həlak olmuş istər dinc sakin, istərsə də əsgər və zabitlərimizin qanını yerdə qoymadı.
Qədirbilən xalqımız müharibə cinayətlərində həlak olan dinc sakinlərimizin, bütün şəhidlərimizin xatirəsini hər zaman uca tutacaq və bu cinayətləri törədənlərin beynəlxalq hüquq qarşısında tam cavab verməsi üçün siyasi-hüquqi mübarizəsini qətiyyətlə davam edəcəkdir”.
Nigar Xəlilli
17:32 17.10.2026
Oxunuş sayı: 79