Qarın nahiyəsindəki piylər hansı təhlükə yarada bilər?
Rusiyalı həkim və teleaparıcı Yelena Malışeva piylənmənin sağlam formasının mövcud olmadığını bildirib. O, artıq çəkinin sağlamlıq üçün yaratdığı risklərə diqqət çəkərək piylənmənin 13 xərçəng növü ilə əlaqəli olduğunu vurğulayıb.
Crossmedia.az xəbər verir ki, “Lenta.ru” nəşrinin məlumatına görə, Malışeva bu barədə “Telegram” kanalında yayımlanan videoda danışıb.
Həkimin sözlərinə görə, qarın nahiyəsində toplanan piylər davamlı olaraq kanserogen maddələr ifraz edir. O qeyd edib ki, gənc yaşlarda orqanizm müəyyən müddət bu təsirlərlə mübarizə apara bilsə də, zaman keçdikcə bu imkanlar zəifləyə bilər.
Malışeva statistik məlumatlara əsasən, piylənmənin 13 xərçəng növü ilə əlaqəli olduğunu bildirib və artıq çəkisi olan insanları arıqlamağa çağırıb.
Qeyd edək ki, həkim daha əvvəl arıqlamaq üçün dərman preparatlarından istifadə edən insanlara bu səbəbdən utanmamağı tövsiyə edib. Sentyabr ayında isə C vitamini ilə zəngin məhsullardan danışaraq sarı bolqar bibərini də həmin qidalar sırasına daxil edib.
00:30 20.10.2026
Oxunuş sayı: 67