Nərmin Əliyeva: Azərbaycanı xaricdə tanıtmaq hər bir soydaşımızın məsuliyyətidir
Azərbaycanın dünyada tanıdılmasında xaricdə yaşayan soydaşlarımızın fəaliyyəti xüsusi əhəmiyyət daşıyır. Onların müxtəlif peşə və ictimai fəaliyyət sahələrində əldə etdikləri uğurlar Azərbaycanın tarixinin, mədəniyyətinin, milli dəyərlərinin və müasir simasının beynəlxalq ictimaiyyətə çatdırılmasına imkan yaradır. Xüsusilə xaricdə icma quruculuğu ilə məşğul olan azərbaycanlıların fəaliyyəti həm milli kimliyin qorunması, həm də müxtəlif xalqlar arasında mədəni əlaqələrin gücləndirilməsi baxımından diqqət çəkir.
Azərbaycanı Litvada müxtəlif mədəni festivallarda və beynəlxalq tədbirlərdə fəal şəkildə təmsil edən, sosial sahibkarlıq, icma quruculuğu və texnologiya sahələrində fəaliyyət göstərən Nərmin Əliyevanın hekayəsi də bu baxımdan maraq doğurur. 18 yaşında Litvaya köçən və 10 ildən artıqdır bu ölkədə yaşayan Nərmin Əliyeva Azərbaycan mədəniyyətinin tanıdılması ilə yanaşı, insanların yeni cəmiyyətə uyğunlaşmasına və özlərini həmin cəmiyyətin bir hissəsi kimi hiss etməsinə yönələn layihələr həyata keçirir. “Zəfər diasporu” layihəsi çərçivəsində bu dəfə Litvada yaşayan sosial sahibkar, icma qurucusu, tədbir aparıcısı və İT mütəxəssisi Nərmin Əliyeva ilə onun həyat yolu, fəaliyyəti, Azərbaycanı xaricdə təmsil etməsi və qurduğu icmalar barədə söhbətləşirik.
-18 yaşında Azərbaycandan Litvaya köçmüsünüz. Yeni ölkədə ilk illəriniz necə keçdi və bu təcrübə sonradan icma quruculuğu fəaliyyətinizə necə təsir göstərdi?
-Litvaya ilk gəldiyimdə təhsilə bir ay gec başlamışdım. Çünki dövlət proqramı ilə qalib gəlib-gəlmədiyimi gözləyirdim və orada təhsil ala biləcəyim barədə dəqiq məlumatım yox idi. Nəticədə gələndə dərslər artıq başlamışdı və hamı müəyyən qədər öz sisteminə uyğunlaşmışdı.
Mənim üçün isə hər şey tamamilə yeniydi. Bu, Avropaya ilk gəlişim idi və ətrafımda heç bir tanışım, dostum və ya ailə üzvüm yox idi. Hətta çox sadə görünən gündəlik məsələləri belə sıfırdan öyrənirdim. Məsələn, ictimai nəqliyyatdan necə düzgün istifadə etməyi və nəqliyyat kartını necə almağı təxminən altı ay sonra öyrənmişdim. Mağazada qatıq almaq istəyirdim, amma hansı məhsulun qatıq olduğunu bilmirdim, bir neçə dəfə səhv məhsul aldıqdan sonra öyrəndim.
İnsan yeni ölkəyə gələndə təkcə universitetə və ya işə uyğunlaşmır, eyni zamanda bütün gündəlik həyatını yenidən qurur.
Sonradan başa düşdüm ki, belə vəziyyətdə insana təkcə məlumat deyil, insanların dəstəyi və aid ola biləcəyi bir çevrə də lazımdır. Düşünürəm ki, icma quruculuğuna marağımın əsas səbəblərindən biri də məhz bu şəxsi təcrübəmdir.
-Siz həm İT mütəxəssisi, həm sosial sahibkar, həm də icma qurucusu kimi fəaliyyət göstərirsiniz. Texnologiya və insan əlaqələrini birləşdirərək hansı sosial problemləri həll etməyə çalışırsınız?
-Mən həm bakalavr, həm də magistr təhsilimi İT və texnologiya sahəsində almışam. Amma zaman keçdikcə məni daha çox düşündürən məsələ texnologiyanın insanları bir-birindən ayırmaq yox, əksinə, bir-birinə yaxınlaşdırmaq üçün necə istifadə oluna biləcəyidir.
Bu gün texnologiya və sosial media ilk növbədə bizi əlaqədə saxlamaq məqsədi daşısa da, təəssüf ki, bəzən bunun əksini görürük. İnsanlar virtual olaraq daha çox əlaqədədirlər, amma real həyatda tanışlıqların, dostluqların və birlikdə keçirilən vaxtın azaldığını görürük. ÜST-nin məlumatına görə, dünyada təxminən hər 6 nəfərdən biri tənhalıq yaşayır.
Digər tərəfdən, dünya getdikcə daha çox hərəkətdədir. ÜST-nin məlumatına görə, hazırda dünyada 1 milyarddan çox insan, yəni təxminən hər 8 nəfərdən biri, miqrant və ya məcburi köçkün vəziyyətindədir.
Hər dəfə insan yeni şəhərə və ya ölkəyə köçəndə müəyyən mənada həyatını yenidən qurmalı olur. Yeni mühitə uyğunlaşmaq, insanlarla tanış olmaq, cəmiyyətin bir parçası olmaq və özünə yeni çevrə yaratmaq lazım gəlir. Xüsusilə miqrantlar üçün bu proses daha çətin ola bilər.
Məhz buna görə mən texnologiyadan istifadə edərək insanları real həyatda bir araya gətirən platformalar və icmalar qurmağa çalışıram. Burada məqsəd təkcə yeni gələn insanlara kömək etmək deyil. Eyni zamanda şəhərdə artıq yaşayan yerli insanları da yeni gələnlərlə bir araya gətirməkdir.
əsas məsələ miqrantların cəmiyyətdən təcrid olunması deyil, əksinə, onların cəmiyyətin bir hissəsinə çevrilməsi və hər iki tərəfin bir-birindən öyrənə bilməsidir. Texnologiyanı da məhz bu real insan əlaqələrini yaratmaq üçün bir vasitə kimi görürəm.
-Litvada Azərbaycanı və Azərbaycan mədəniyyətini müxtəlif tədbirlərdə təmsil edirsiniz. Xaricdə yaşayan azərbaycanlıların ölkəmizin tanıdılmasında rolunu necə qiymətləndirirsiniz?
-Litvada yaşadığım müddətdə həm keçirdiyim tədbirlər, həm sosial fəaliyyətlərim, həm də yerli və mədəni təşkilatlarla qurduğum əlaqələr nəticəsində artıq bir çox yerli mədəniyyət təşkilatları, institutlar və bələdiyyə nümayəndələri məni tanıyırlar. Hər hansı festival və ya tədbir keçiriləndə Azərbaycanı da təmsil etmək üçün bizi iştirakçı kimi dəvət edirlər.
Biz də çalışırıq ki, Azərbaycanı bu tədbirlərdə layiqincə təmsil edək. Eyni zamanda xüsusi günlərdə tədbirlər təşkil edir, Azərbaycan mədəniyyətini insanlara tanıtmağa çalışırıq.

Amma təəssüf ki, xaricdə yaşayan azərbaycanlılar arasında belə təşəbbüslərə qoşulmağa hazır olan insanların sayı gözlədiyim qədər çox olmur. Bəzən insanlar tədbirə sadəcə iştirakçı kimi gəlməyə hazır olurlar, amma təşkilati prosesin özünü - resurs tapmağı, hazırlıq görməyi, məsuliyyəti öz üzərinə götürmək istəmirler.
Bəzən mən də öz-özümə sual verirəm ki, niyə bu qədər vaxt sərf edib ölkəmi tanıtmağa çalışıram? Mənim üçün əsas səbəblərdən biri Azərbaycanın xaricdə düzgün tanınmasıdır.
Çünki hər festivalda, hər tədbirdə Azərbaycanı təmsil etdikcə yerli sakinlər və başqa millətlərin nümayəndələri bizimlə tanış olur, söhbət edir, Azərbaycan haqqında nəsə öyrənirlər və birbaşa ünsiyyət vasitəsilə azərbaycanlılar haqqında öz təsəvvürlərini formalaşdırırlar.
Mən bunu bir növ ölkənin brendinqi kimi görürəm. İnsanların Azərbaycan haqqında eşitdikləri ilə Azərbaycanı təmsil edən konkret insanla tanış olduqdan sonra formalaşan təsəvvür arasında böyük fərq ola bilər. Xaricdə yaşayan hər bir azərbaycanlı müəyyən mənada ölkəsinin qeyri-rəsmi nümayəndəsidir. Bizim davranışımız, münasibətimiz və qurduğumuz əlaqələr Azərbaycan haqqında insanların yaddaşında bir obraz yaradır.
Və gələcəkdə kimsə əməkdaşlıq etmək istəyəndə, bu müsbət təcrübələrin də həmin qərarda müəyyən rolu olur.
-Zəfərdən sonra Azərbaycan diasporunun fəaliyyətində hansı dəyişiklikləri müşahidə edirsiniz? Sizcə, yeni mərhələdə diaspor təşkilatlarının əsas istiqamətləri nələr olmalıdır?
-Zəfərə qədər Azərbaycanın xaricdəki imicinin formalaşdırılmasında əsas mesajlardan biri daha çox qurban obrazı üzərindən qurulurdu. Biz ölkəmizin işğal altında olduğunu, baş verən hadisələri və yaşadığımız faciələri dünyaya çatdırmağa çalışırdıq. Təbii ki, bunun da öz əhəmiyyəti var idi. Amma insanlara yalnız başqasının yaşadığı ağrını anlatmaq hər zaman asan deyil, xüsusilə də həmin ölkə və onun insanları haqqında əvvəlcədən kifayət qədər məlumatları yoxdursa.
Zəfərdən sonra isə qarşıda başqa bir imkan yaranıb. Bu ab-havadan istifadə edərək insanları daha çox maraqlandıran işlər təşkil edilməlidir. Yəni məqsədimiz sadəcə Azərbaycan haqqında bir mesaj vermək yox, insanları həmin mesajla əlaqələndirmək olmalıdır.
Burada ən vacib məsələlərdən biri də auditoriyanı tanımaqdır. Azərbaycanda keçirdiyimiz tədbirin eyni formatını başqa ölkədə təşkil edib eyni reaksiyanı gözləyə bilmərik. Hər ölkənin öz xüsusiyyətləri, insanların fərqli maraqları və dünyagörüşü var. Ona görə də həmin cəmiyyəti, kimlərə çatmaq istədiyimizi və onların nəyə maraq göstərdiyini əvvəlcədən anlamaq lazımdır.
Sadəcə tədbir xatirinə tədbir keçirmək bir mena dashimir. Hər tədbirdən əvvəl özümüzə sual verməliyik: Biz bununla nəyə nail olmaq istəyirik? Kimə çatmaq istəyirik? Bu tədbirdən sonra nə dəyişəcək?
Əgər tədbirin konkret məqsədi, mesajı və nəticəsi yoxdursa və həmin mesaj lazım olan auditoriyaya çatmırsa, düşünürəm ki, ona böyük enerji və resurs sərf etməyin mənası yoxdur.
Yeni mərhələdə diaspor fəaliyyətinin əsas istiqamətlərindən biri isə məncə, Azərbaycanı və azərbaycanlını sadəcə siyasi hadisələr üzərindən deyil, insanlarımızın öz xüsusiyyətləri ilə tanıtmaq olmalıdır - dürüstlüyümüzü, qonaqpərvərliyimizi, etibarlılığımızı, mədəniyyətimizi və insanlarla münasibətimizi göstərmək.
Çünki uzunmüddətli olaraq ölkə haqqında ən güclü təsəvvürü bəzən bir tədbir və ya bir şüar yox, həmin ölkədən olan bir insanla qurulan real münasibət yaradır.
-Siz insanlara yeni ölkəyə uyğunlaşmaq və orada özlərini cəmiyyətin bir hissəsi kimi hiss etməkdə kömək edən layihələr həyata keçirirsiniz. Xaricdə yaşayan azərbaycanlı gənclərin inteqrasiyası üçün hansı addımlar daha vacibdir?
-Mən düşünürəm ki, hər bir insan getdiyi yerə özü ilə öz mədəniyyətini, dünyagörüşünü, və unikal bacarıqlarını gətirir. Bunları kənara qoymaq lazım deyil. Əksinə, həmin bacarıqlardan istifadə edərək yaşadığın ölkəyə və şəhərə necə töhfə verə biləcəyini düşünmək lazımdır.
Hər şey ilk növbədə hörmətdən başlayır - yaşadığın yerə, onun insanlarına, dilinə və ətrafındakı cəmiyyətə hörmətlə yanaşmaqdan.
Bəzən müşahidə edirəm ki, yeni gələn insanlar yaşadıqları ölkə haqqında daim mənfi danışırlar. Əgər hansısa problemi görürsənsə və ya nəyisə bəyənmirsənsə, əlbəttə, bunu düşünmək və tənqid etmək olar. Amma bununla bağlı heç bir şey etməmək əvəzinə, cəmiyyətin bir hissəsi kimi həmin proseslərdə iştirak etmək daha vacibdir.
İnteqrasiya evdə oturmaqla, yalnız öz dilində danışan və öz ölkəndən olan insanlarla ünsiyyətdə olmaqla baş vermir. Mütləq şəkildə öz “bubble”ından çıxmaq, müxtəlif insanlarla tanış olmaq, əlaqələri genişləndirmək, yaşadığın ölkənin dilini öyrənmək və həmin cəmiyyətin bir hissəsinə çevrilmək lazımdır.
Məncə, əsas məsələ sonda “mən bu ölkəyə necə uyğunlaşım?” sualından “mən bu cəmiyyətə nə verə bilərəm?” sualına gəlib çıxmaqdır. Çünki hər bir insanın özünəməxsus bacarığı və gətirə biləcəyi bir dəyəri var.
Əsas məsələ onu cəmiyyətlə paylaşa bilməkdir.
-Gələcəkdə Azərbaycan diasporunun daha güclü və təsirli olması üçün hansı yeni təşəbbüslərin həyata keçirilməsini istərdiniz? Xaricdə yaşayan azərbaycanlılara və Azərbaycandakı gənclərə hansı mesajı vermək istərdiniz?
-Azərbaycan diasporunun daha güclü və təsirli olması üçün artıq yeni təşkilat və ya yeni qurum yaratmağa ehtiyac yoxdur. Düşünürəm ki, kifayət qədər təşkilatlar yaradılıb və müxtəlif işlər görülüb. Əsas məsələ mövcud imkanları necə birləşdirə və daha effektiv istifadə edə biləcəyimizdir.
Çünki bütün bunların fonunda hələ də bəzən birlikdə deyil, ayrı-ayrılıqda hərəkət edirik. Digər icmalarla müqayisədə Azərbaycan icmasının həmrəyliyi o qədər də güclü deyil,
Bunun üçün ilk növbədə daha uzunmüddətli düşünmək lazımdır. Təkcə bu günü və özümüzü yox, gələcəkdə xaricdə yaşayacaq övladlarımızı, yaxınlarımızı və bizdən sonra gələcək insanları düşünməliyik. Özümüzə sual verməliyik: “Bu gün mən nə edə bilərəm ki, sabah məndən sonra gələn üçün daha rahat və yaxşı şərait olsun?”
Çünki bəzən biz yalnız bugünkü maraqlarımızı düşündüyümüz üçün strateji addımlar ata bilmirik. Halbuki illərlə, böyük çətinliklərlə qurulan bir imic bir insanın düşünülməmiş davranışı nəticəsində bir anda zədələnə bilər. O insanın davranışının nəticəsini isə bəzən təkcə özü yox, bütün millət daşıyır.
Mənim xaricdə yaşayan azərbaycanlılara mesajım budur ki, bizim kifayət qədər yaxşı, istedadlı və təşkilatlanmağa potensialı olan insanlarımız var. Gəlin, şəxsi maraqlarımızı qorumaqla yanaşı, ümumi məsələlərdə bir nöqtədə və bir məqsəd ətrafında birləşə bilək. Bu məqsədlərdən biri də Azərbaycanın xaricdəki müsbət imicini qorumaq və yüksəltmək, digəri isə bunun üçün real və aktiv işlər görməkdir.
Azərbaycandakı gənclərə isə demək istərdim ki, xaricə getmək özü-özlüyündə məqsəd olmamalıdır. Bəzən insanlar “hamı gedir, mən də getməliyəm” düşüncəsi ilə qərar verirlər. Sonra isə görürlər ki, xaricdə həyat düşündükləri və onlara vəd edildiyi qədər asan deyil.
Ona görə belə bir qərar verməzdən əvvəl özünüzə sadə bir sual verin: “Mən niyə getmək istəyirəm?” Əgər buna aydın cavabınız yoxdursa və əsas səbəb sadəcə başqalarının getməsi, qonşunun, qohumun və ya tanışın xaricdə olmasıdırsa, bəlkə də bu, kifayət qədər güclü səbəb deyil. Azərbaycanda qalaraq da uğurlu karyera qurmaq, yaxşı mütəxəssis olmaq və özün üçün dəyərli həyat yaratmaq mümkündür.
Əgər xaricə gəlirsinizsə, gəldiyiniz ölkəyə hörmət etməyi, onun insanlarını, mədəniyyətini və qaydalarını öyrənməyi də qəbul etmək lazımdır. Harada yaşamağımızdan asılı olmayaraq, həm öz kimliyimizi qorumaq, həm də yaşadığımız cəmiyyətə hörmət və töhfə vermək mümkündür.
Nigar Xəlilli
15:00 06.10.2026
Oxunuş sayı: 72