Şəhərlərin “sakit inqilabı”: Memarlıq niyə sadəliyə üz tutur?
Şəhərlərin memarlıq siması zamanla dəyişir və bu dəyişiklik yalnız estetik zövqlərlə deyil, urbanizasiya, funksionallıq və müasir yaşayış tələbləri ilə də bağlı olur. Son illərdə mürəkkəb və avanqard memarlıq həllərindən daha sadə, funksional və minimalist üsluba keçid xüsusilə nəzərə çarpır. Yeni yanaşmada binaların xarici görünüşü ilə yanaşı, məkanın səmərəli istifadəsi, rahatlıq və şəhər mühitinə uyğunlaşma da əsas meyarlara çevrilir. Bu tendensiya müasir şəhərlərin memarlıq dilinin necə dəyişdiyi və gələcəkdə hansı istiqamətdə formalaşacağı məsələsini gündəmə gətirir.
Crossmedia.az-a açıqlamasında uzman psixoloq-psixoterapevt Səbinə Bayramova insanların sadə və minimalist məkanlara marağının artmasını yalnız estetik zövqlə izah etməyin düzgün olmadığını bildirib. O qeyd edib ki, insanların yaşadığı və işlədiyi məkan beynin gündəlik qəbul etdiyi stimulların miqdarına təsir edir:
“Həddindən artıq əşya, vizual qarışıqlıq, səs-küy və nizamsızlıq diqqətin bölünməsinə və psixoloji yorğunluq hissinin artmasına səbəb ola bilər. Buna görə də sadə, funksional və nizamlı məkan bir çox insan üçün daha rahat və idarəolunan hiss edilə bilər. Xüsusilə müasir insanın onsuz da çoxsaylı informasiya və rəqəmsal stimullarla qarşılaşdığını nəzərə alsaq, fiziki mühitdə sadəlik bir növ “zehni fasilə” funksiyası daşıya bilər. Minimalizm burada sadəcə az əşyanın olması deyil; işıq, səs, şəxsi məkan, funksional planlaşdırma və məkan üzərində müəyyən nəzarət hissinin olması da vacibdir”, - deyə psixoloq bildirib.
Səbinə Bayramova fiziki mühitlə psixoloji rifah arasındakı əlaqəyə dair elmi araşdırmaların da mövcud olduğunu diqqətə çatdırıb: “Məsələn, 2022-ci ildə Building and Environment jurnalında dərc olunan sistematik icmal 33 ölkədə aparılmış 133 tədqiqatı təhlil edib və iş mühitində işıq, səs-küy, hava keyfiyyəti və digər fiziki xüsusiyyətlərin stress, diqqət, əhval-ruhiyyə və digər psixi sağlamlıq göstəriciləri ilə əlaqəli olduğunu göstərib. 2023-cü ildə aparılmış başqa bir sistematik icmal isə 14 mindən çox məqalə arasından seçilmiş 55 ofis tədqiqatını təhlil edib. Nəticələr məkanın təşkili, şəxsi məkan və məxfilik, təbii elementlər və daxili mühitin xüsusiyyətlərinin psixoloji rifah, məhsuldarlıq və iş məmnuniyyəti ilə əlaqəli ola bildiyini göstərib”.
Psixoloq vurğulayıb ki, minimalist məkanın hər bir insanı mütləq daha xoşbəxt etdiyini söyləmək elmi baxımdan doğru deyil: “İnsanların məkanla bağlı ehtiyacları fərqlidir. Bəzi insanlar açıq və sadə mühitdə daha rahat hiss etdiyi halda, digərləri daha çox şəxsi əşya, rəng və dekorasiyanın olduğu məkanda özünü təhlükəsiz və rahat hiss edə bilər. Psixoloji baxımdan əsas məsələ yalnız məkanın minimal və ya maksimalist olması deyil, həmin məkanın insanın ehtiyaclarına, fəaliyyətinə və nəzarət hissinə uyğun olmasıdır”.
O əlavə edib ki, müasir memarlıqda sadəliyin artmasını həm estetik tendensiya, həm də insanların daha az vizual və fiziki yüklənmə, daha çox funksionallıq, rahatlıq və şəxsi nəzarət axtarışı ilə əlaqələndirmək mümkündür”.
Memar Aysel Hüseynova memarlıqda avanqard və mürəkkəb formalardan daha sadə, funksional və minimalist yanaşmalara keçidin yalnız moda dəyişikliyi kimi qiymətləndirilməsinin düzgün olmadığını bildirib. Onun sözlərinə görə, bu dəyişiklikdə iqtisadi, texnoloji, sosial və şəhərsalma ilə bağlı bir sıra amillər rol oynayır:
“Müasir şəhər həyatının tempi və insanların məkanla bağlı gözləntiləri dəyişib. İnsan artıq yalnız vizual olaraq təsirli bina deyil, eyni zamanda rahat, funksional, enerjiyə qənaət edən və uzunmüddətli istifadə üçün əlverişli məkan istəyir. Buna görə də memarlıqda forma özlüyündə məqsəd olmaqdan çıxaraq funksiyanın, istifadəçi ehtiyaclarının və məkanın keyfiyyətinin ifadə vasitəsinə çevrilir”, - deyə memar bildirib.
Aysel Hüseynova iqtisadi və ekoloji amillərin də bu prosesdə mühüm rol oynadığını qeyd edib: “Mürəkkəb konstruktiv həllər və dekorativ elementlər tikinti və istismar xərclərini artıra bilər. Sadə həndəsə, rasional planlaşdırma, təbii işıqdan və ventilyasiyadan səmərəli istifadə, enerji effektivliyi və materialların düzgün seçilməsi isə daha dayanıqlı memarlıq yaratmağa imkan verir. Bu baxımdan minimalizm sadəcə estetik seçim deyil, müəyyən mənada resurslardan məsuliyyətli istifadə prinsipidir”.
Memarın sözlərinə görə, texnologiyanın inkişafı da müasir memarlığın dilinə təsir göstərir. “Əvvəllər yalnız avanqard görünən bir çox formalar bu gün rəqəmsal layihələndirmə və yeni tikinti texnologiyaları vasitəsilə daha asan həyata keçirilə bilir. Maraqlıdır ki, bunun nəticəsində memarlıq bəzən daha mürəkkəb forma yaratmaq əvəzinə, texnologiyanı görünüşdə sadəliyin arxasında gizlətməyə başlayır. Mənim üçün ən vacib məsələ isə budur: sadə memarlıq mütləq bəsit memarlıq demək deyil. Əksinə, yaxşı minimalist memarlıq çox ciddi düşünülmüş nisbətlər, işıq-kölgə münasibəti, material seçimi, insan miqyası və funksional əlaqələr üzərində qurulur. Fasadın sakit görünməsi onun arxasında mürəkkəb bir memarlıq düşüncəsinin olmadığı anlamına gəlmir”, - deyə Aysel Hüseynova vurğulayıb.
Şəhər mühitinə təsir baxımından bu dəyişikliyin də əhəmiyyətli olduğunu bildirən memar qeyd edib ki, həddindən artıq fərqli və bir-biri ilə rəqabət aparan binalar şəhər məkanında vizual xaos yarada bilər: “Sadə və kontekstlə əlaqəli memarlıq isə küçə, meydan, həyət və digər ictimai məkanlarla daha bütöv münasibət qura bilir. Lakin burada da balans vacibdir. Şəhərləri yalnız eyni tipli, standart və bir-birinə bənzəyən minimalist binalardan ibarət etmək düzgün yanaşma olmaz”.
Aysel Hüseynova əlavə edib ki, memarlığın əsas məqsədi yalnız gözəl bina yaratmaqla məhdudlaşmır: “Memarlıq insanın məkanla münasibətini formalaşdırır. İnsan binanı yalnız görmür; onun içində hərəkət edir, işığı, səsi, materialı, miqyası və atmosferi hiss edir. Buna görə də mən hesab edirəm ki, müasir memarlığın gələcəyi “avanqard və ya minimalizm” seçimindən daha çox, forma, funksiya, insan təcrübəsi və şəhər kontekstinin düzgün balansında olacaq. Yəni biz sadəliyə doğru gedirik, amma bu sadəlik düşüncənin sadələşməsi deyil. Əksinə, yaxşı memarlıqda mürəkkəblik çox vaxt formadan çıxarılaraq düşüncənin özünə keçir”.
Nigar Xəlilli
18:30 03.10.2026
Oxunuş sayı: 50