Litva səmasında naməlum obyekt aşkarlanıb
Litva hava məkanında pilotsuz uçuş aparatı ola biləcəyi ehtimal edilən naməlum obyekt aşkarlanıb.
Crossmedia.az xəbər verir ki, “Lrt” bu barədə məlumat yayıb.
Məlumata görə, səhər saatlarında səmada naməlum obyektin aşkarlanmasından sonra Litva qırıcıları havaya qaldırılıb. Bununla yanaşı, Vilnüs hava limanının nəzarət edilən hava məkanı müvəqqəti olaraq bağlanıb.
Daha sonra obyektin müşahidə zonasından yoxa çıxdığı və artıq təhlükə yaratmadığı bildirilib. Hazırda obyektin yerə düşüb-düşmədiyini müəyyənləşdirmək üçün axtarış aparılır.
Litvanın Milli Böhranların İdarə Edilməsi Mərkəzinin rəhbəri Vilmantas Vitkauskas bildirib ki, obyektin pilotsuz uçuş aparatı olması dəqiq deyil. Onun sözlərinə görə, obyektin bəzi göstəriciləri dronlar üçün xarakterik olan sürətdən xeyli aşağı olub.
Vitkauskas bunun hər hansı anomaliya və ya quşların miqrasiyası ilə bağlı ola biləcəyini də istisna etməyib.
Qeyd edək ki, sentyabrın 15-də NATO qırıcısı Litvanın hava məkanında dronu vurmuşdu.
17:32 03.10.2026
Oxunuş sayı: 49