İran ABŞ-lə razılaşma üçün əsas şərtini açıqladı
İran prezidenti Məsud Pezeşkian ABŞ və İsraillə müharibə fonunda ölkəsinin güzəştə getməyəcəyini bildirib.
Crossmedia.az xəbər verir ki, Pezeşkian bunu BMT Baş Assambleyasının iclasında çıxışı zamanı deyib.
O, ABŞ Prezidenti Donald Trampın razılaşma əldə olunmayacağı təqdirdə İranı “məhv etmək” hədəsinə cavab olaraq bildirib ki, sanksiyalar, təzyiqlər və təhdidlər qarşısında İran xalqının müqaviməti daha da artacaq.
Pezeşkian eyni zamanda münaqişənin diplomatik yolla həllinə hazır olduqlarını vurğulayıb. Onun sözlərinə görə, hər hansı razılaşma ABŞ-nin İran gəmilərinin mühüm su yolu olan Hörmüz boğazından istifadəsinə mane olan blokadanın aradan qaldırılmasını da nəzərdə tutmalıdır.
“Hamının Hörmüz boğazından faydalanması, lakin bizim oraya çıxışımızın məhdudlaşdırılması mümkün deyil”, - deyə İran prezidenti bildirib.
Qeyd edək ki, Pezeşkianın çıxışı başlayan zaman ABŞ nümayəndə heyəti zalı tərk edib. ABŞ tərəfindən məsələ ilə bağlı dərhal açıqlama verilməyib.
04:47 24.09.2026
Oxunuş sayı: 51