Mükəmməllik arzusu karyeranı tükəndirir
Karyera qurarkən daha yaxşı nəticə göstərmək, səhvlərdən qaçmaq və özünü daim inkişaf etdirmək istəyi bir çox insan üçün motivasiya mənbəyidir. Lakin yüksək nəticə gözləntisi müəyyən həddi keçdikdə insan üçün inkişaf vasitəsindən daha çox psixoloji təzyiqə çevrilə bilər. Xüsusilə iş həyatında hər səhvi uğursuzluq kimi qəbul etmək, görülən işdən heç vaxt razı qalmamaq və özündən daim daha artığını tələb etmək zamanla həm iş prosesinə, həm də insanın emosional vəziyyətinə təsir göstərə bilər.
Mükəmməlliyyətçilik də məhz bu ziddiyyətli xüsusiyyəti ilə diqqət çəkir. Bir tərəfdən intizam, məsuliyyət və yüksək standartlar insanı daha yaxşı nəticələrə sövq edə bilər. Digər tərəfdən isə qeyri-real gözləntilər, səhv etmək qorxusu və özünə qarşı sərt münasibət karyera yolunu davamlı stress mənbəyinə çevirə bilər. Bəs mükəmməl olmaq istəyi hansı məqamda insanın inkişafına mane olmağa başlayır?
Mövzu ilə bağlı psixoloq Nərmin Mirzəyeva Crossmedia.az-a açıqlamasında bildirib:
“Mükəmməlliyyətçilik, insanın özünə və başqalarına qarşı həddindən artıq yüksək tələblər qoyduğu, bu tələbləri qarşılamaqla bağlı narahatlıq keçirdiyi və tələblər qarşılanmadıqda isə yetərsizliklə özünü günahlandırdığı bir vəziyyəti ifadə edir. Həyatın digər sahələrində olduğu kimi karyera sahəsində də mükəmməlliyyətçiliyin təsirləri müəyyən formada ortaya çıxır.
Mükəmməlliyyətçilik karyera üzərində ikili təsirə malikdir. Bir yandan kontrolun əldə olması, daha düzgün və dəqiq formada iş rejiminə sahib olmaq, hər dəfə daha yaxşı fəaliyyət göstərmək karyera yolunda bir çox şəxslər üçün avantaj kimi görünə bilir, amma arxa planda bunların ortaya çıxması və davamlı olması nəticəsində yaşanan stres səviyyəsi də yüksək olur. Mükəmməlliyyətçi şəxslər özlərinə başqalarınınkından qat-qat yüksək hədəflər qoyur. İş həyatında səhvlərin həyatın təbii bir hissəsi olduğunu və gec-tez hər kəsin səhvə yol verdiyini qəbul etmək istəmirlər; nəticədə, səhvləri uğursuzluq kimi qiymətləndirirlər.
Mükəmməlliyyətçi fərdlərdə karyera ilə bağlı stress daha yüksəkdir; bunun səbəbi odur ki, onlar öz davranışlarını sərt və güzəştsiz şəkildə təhlil edib tənqid etməyə meylli olduqları üçün yüksək və qeyri-real hədəflər müəyyən edirlər. Nəticədə, onlar öz fəaliyyətlərindən, hətta uğurlu cəhdlərindən belə razı qalmaya bilərlər.
Həmçinin, daha yaxşı olmaq və ətrafdakı şəxslər tərəfindən təqdir edilmək üçün atılan addımlar bir nöqtədən sonra tükənmişliyə səbəb olur. Karyera həyatında hər addımında “daha yaxşı”, “mükəmməl” olmağa çalışan şəxslərdə qərar verməkdə çətinlik yaranır, hər qərarı üçün ətrafdakılardan müsbət rəylər gözləməyə başlayır, işi etmək sanki ağır yük daşımağa bənzəyir və bir müddətdən sonra bu yükün ağırlığı ilə artıq işləri sonraya saxlamağa başlayırlar.
Mükəmməlliyyətçi insanlar üçün bunu qəbul etmək çətin ola bilər, amma heç nə mükəmməl deyil və axtardığınız o “mükəmməl” şey əslində heç vaxt mövcud olmayıb. Bir düşünün: əgər bu yolun sonunda — yəni daim möhtəşəm olmağa çalışdığınız və bəlkə də əksər insanların sərf etdiyindən qat-qat artıq enerji xərclədiyiniz o yolda — mükəmməllik var olsaydı, indiyə qədər onu tapmazdınızmı?
Unutmayın ki, karyera yolunuzda atdığınız hər bir addım dəyərlidir. Bunu nəzərdən qaçırmamalı, özünüzü və ya səylərinizi heç vaxt kiçiltməməlisiniz. Nailiyyətlərin dəyərini bilməyi unutmayın; özünüzü təbrik etməyi və mükafatlandırmağı da əldən verməyin”.
Zeynəb Həsən
20:37 22.09.2026
Oxunuş sayı: 51