Qərbi Azərbaycan İcması Ermənistandakı Alban xristian irsini araşdıracaq
Qərbi Azərbaycan İcmasında indiki Ermənistan ərazisində, tarixi Zəngəzur, Dərələyəz və Göyçə gölü hövzəsində yerləşən alban xristian irsinin araşdırılması məqsədilə işçi qrup yaradılıb.
Crossmedia.az xəbər verir ki, icmanın məlumatına görə, qrup kilsə, sövmə, xaçdaş və monastırların tarixini, memarlıq və epiqrafik xüsusiyyətlərini, eləcə də onların mənsubiyyəti məsələsini arxiv sənədləri və digər ilkin mənbələr əsasında araşdıracaq.
İcma bildirib ki, Azərbaycan elmi mühitində XVI–XIX əsrlər Alban katolikosluğu ilə bağlı sənədlərin tamamilə məhv edildiyi barədə fikir yayılıb. Bununla yanaşı, bir sıra ölkələrin arxiv və əlyazma fondlarında Alban katolikosları və həmin dövrün dini-ictimai tarixi ilə bağlı çoxsaylı sənədlərin qorunduğu qeyd edilib.
Bildirilib ki, həmin materialların bir hissəsi artıq nəşr olunub, lakin müxtəlif fondlara səpələnmiş sənədlərin sistemli şəkildə axtarılması və vahid elmi bazada toplanması yeni yaradılan işçi qrupunun əsas vəzifələrindən biridir. İcmanın məlumatına görə, hazırda bu mövzuda onun əlində yüzlərlə sənəd mövcuddur.
İcma həmçinin sentyabr ayında xarici diplomatların Gəncəsər monastır kompleksinə səfərini xatırladaraq, mədəni irs məsələsinin diplomatik gündəmdə yer aldığını bildirib.
Qərbi Azərbaycan İcması indiki Ermənistan ərazisindəki çoxqatlı dini-mədəni irsin, o cümlədən Qafqaz Albaniyasının orta əsr abidələrinin deportasiya olunmuş azərbaycanlıların varisləri kimi öz irsinin tərkib hissəsi olduğunu hesab etdiyini açıqlayıb.
İcma qeyd edib ki, bu mövqenin beynəlxalq elmi mühitdə əsaslandırılması üçün mənbələrə söykənən və müstəqil şəkildə yoxlanıla bilən tədqiqatların aparılması vacibdir. Bildirilənə görə, araşdırmalar deportasiya olunmuş əhalinin təhlükəsiz və ləyaqətli qayıdışının tarixi-mədəni əsaslarının sənədləşdirilməsinə də xidmət edəcək.
11:57 22.09.2026
Oxunuş sayı: 43