20 Sentyabr Dövlətçilik Salnaməsində
Bəzi tarixlər xalqın yaddaşında yalnız müəyyən hadisələrlə deyil, dövlətçilik yolunda yaratdığı dönüşlərlə yaşayır. Azərbaycan üçün 20 sentyabr belə tarixi günlərdən biridir. Bu tarix dövlətin öz ərazisi üzərində suverenliyinin tam təmin olunmasını, vahid hüquqi və idarəçilik məkanının bərqərar olmasını və yeni dövlətçilik mərhələsinin başlanmasını ifadə edir.
Azərbaycan Respublikası Prezidentinin 19 sentyabr 2024-cü il tarixli Sərəncamı ilə sentyabrın 20-si Dövlət Suverenliyi Günü elan edilmişdir. Bu qərar 2023-cü il sentyabrın 20-də Azərbaycanın bütün ərazisində dövlət suverenliyinin bərpa olunması ilə bağlı tarixi hadisənin siyasi və hüquqi əhəmiyyətini əks etdirir.
Suverenlik yalnız dövlət sərhədlərinin müəyyənliyi deyil. O, dövlətin öz ərazisində Konstitusiyasını və qanunlarını tam tətbiq etmək, dövlət hakimiyyətinin vahidliyini təmin etmək, milli maraqları qorumaq və gələcəyini müstəqil şəkildə müəyyənləşdirmək imkanını ifadə edir.
Bu baxımdan 20 sentyabrı yalnız 2023-cü ilin sentyabrında baş vermiş hadisələrin nəticəsi kimi nəzərdən keçirmək həmin tarixin mahiyyətini məhdudlaşdırardı. 20 sentyabr uzun illər ərzində formalaşmış siyasi, iqtisadi, hərbi və diplomatik proseslərin mühüm nəticəsi olmaqla yanaşı, Azərbaycanın dövlətçilik tarixində yeni mərhələnin başlanğıcını müəyyənləşdirən tarixdir.
Müstəqilliyinin ilk illərində Azərbaycan ciddi siyasi və hərbi sınaqlarla üzləşdi. Ərazilərin işğalı, yaşayış məntəqələrinin dağıdılması, insanların doğma yurdlarından didərgin salınması, tarixi və mədəni irsə vurulan ziyan dövlət qarşısında uzunmüddətli və mürəkkəb vəzifələr yaratdı.
Bütün bu çətinliklərə baxmayaraq, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası dövlət siyasətinin ardıcıl istiqamətlərindən biri kimi qorundu. Bu məqsədin reallaşdırılması üçün yalnız hərbi gücün deyil, güclü dövlət institutlarının, iqtisadi imkanların, müdafiə qabiliyyətinin və beynəlxalq mövqelərin möhkəmləndirilməsi də mühüm əhəmiyyət daşıyırdı.
2020-ci il Vətən müharibəsi bu uzunmüddətli prosesin mühüm mərhələlərindən biri oldu. Azərbaycanın ərazi bütövlüyünün böyük hissəsi bərpa edildi və regionda yeni reallıqlar formalaşdı. Lakin dövlət suverenliyinin ölkənin bütün ərazisində tam təmin edilməsi məsələsi hələ də qarşıda duran əsas vəzifələrdən biri olaraq qalırdı.
2023-cü il sentyabrın 19-da Qarabağ iqtisadi rayonunda baş verən təxribatların qarşısının alınması, qanunsuz silahlı birləşmələrin tərksilah edilməsi və konstitusiya quruluşunun bərpası məqsədilə lokal xarakterli antiterror tədbirlərinə başlanıldı. Təxminən 23 saat davam edən tədbirlər sentyabrın 20-də başa çatdı və Azərbaycan Respublikasının dövlət suverenliyinin tam bərpası təmin edildi.
Bu hadisə Azərbaycanın müasir dövlətçilik tarixində mühüm dönüş nöqtəsi oldu. Ölkənin bütün ərazisində vahid dövlət hakimiyyətinin və hüquqi məkanın təmin edilməsi dövlət idarəçiliyinin bütövlüyünü yeni mərhələyə çıxardı. Konstitusiyanın və qanunların bütün ölkə ərazisində tətbiqi üçün zəruri şərait yarandı.
20 sentyabr bununla bir mərhələnin yekununu, eyni zamanda yeni mərhələnin başlanğıcını ifadə edir.
Çünki suverenliyin bərpası son məqsəd deyil. Əsas məsələ əldə olunmuş tarixi nəticənin dövlətin sosial, iqtisadi, hüquqi və institusional inkişafı ilə möhkəmləndirilməsidir. Suveren dövlət öz ərazisində qanunun aliliyini təmin etməli, dövlət institutlarının səmərəli fəaliyyətini gücləndirməli, vətəndaşların hüquq və azadlıqlarının qorunmasını və iqtisadi dayanıqlığı təmin etməlidir.
Bu baxımdan Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri xüsusi əhəmiyyət daşıyır. Dağıdılmış yaşayış məntəqələrinin yenidən qurulması, yolların və kommunal infrastrukturun yaradılması, enerji və su təminatının bərpası, sosial obyektlərin inşası dövlət suverenliyinin real həyatda özünü göstərən istiqamətlərindəndir.
Böyük Qayıdış isə bu prosesin mühüm sosial nəticələrindən biridir. İnsanların öz doğma yurdlarına qayıtması təkcə yaşayış məkanlarının bərpası deyil, uzun illər davam edən məcburi köçkünlük dövrünün başa çatması və həmin ərazilərdə həyatın yenidən canlandırılması deməkdir.
Qarabağda və Şərqi Zəngəzurda görülən işlərin mahiyyəti yalnız yeni tikililərin yaradılması ilə məhdudlaşmır. Qarşıda duran əsas vəzifələrdən biri müasir şəhər və kənd mühitinin formalaşdırılması, təhlükəsiz və dayanıqlı yaşayış şəraitinin yaradılması, iqtisadi fəallığın artırılması və insanların davamlı məskunlaşmasının təmin edilməsidir.
20 sentyabrın digər mühüm məqamı Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərinin tarixi statusu ilə bağlıdır. Bu şəhərlər Azərbaycanın tarixində, mədəni irsində və ictimai yaddaşında xüsusi yer tutur. Onların yenidən ölkənin vahid idarəçilik və hüquq sisteminə daxil olması suverenliyin bərpasının konkret nəticələrindən biri kimi qiymətləndirilir.
2023-cü il oktyabrın 15-də Xankəndi, Xocalı, Xocavənd və Ağdərədə Azərbaycan Dövlət Bayrağının ucaldılması həmin prosesin mühüm simvolik ifadələrindən biri oldu. Dövlət bayrağının bu şəhərlərdə dalğalanması Azərbaycanın dövlət rəmzlərinin həmin ərazilərdə bərpası ilə yanaşı, dövlət hakimiyyətinin və hüquqi məkanın bütövlüyünü də ifadə etdi.
Xocalının adı isə Azərbaycan xalqının yaddaşında xüsusi ağrı və tarixi ədalət anlayışları ilə bağlıdır. Xocalı faciəsinin qurbanlarının xatirəsi Azərbaycan cəmiyyətinin milli yaddaşında mühüm yer tutur. Bu gün Xocalının bərpası və gələcəkdə burada həyatın yenidən qurulması həm də həmin yaddaşın qorunması baxımından əhəmiyyətlidir.
Xocavənd və Ağdərə də zəngin tarixi və mədəni irsi, coğrafi mövqeyi və iqtisadi potensialı ilə diqqət çəkən ərazilərdir. Bu məkanlarda aparılan bərpa və quruculuq işləri gələcəkdə onların sosial və iqtisadi həyatının yenidən formalaşmasına xidmət edən mühüm istiqamətlərdən biridir.
20 sentyabr həm də bu nəticənin hansı tarixi və mənəvi məsuliyyət bahasına əldə edildiyini xatırladır. Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda həyatını itirmiş şəhidlərin xatirəsi, qazilərin fədakarlığı və hərbi qulluqçuların xidməti bu tarixin mənəvi əsasını təşkil edir.
Bu baxımdan Dövlət Suverenliyi Günü yalnız keçmiş hadisələrin xatırlanması üçün deyil, dövlətçilik qarşısında duran yeni vəzifələrin dərk edilməsi üçün də əhəmiyyətlidir. Tarixdə qazanılan nəticələrin qorunması və inkişaf etdirilməsi hər bir nəsilin üzərinə düşən məsuliyyətdir.
20 sentyabr Azərbaycan üçün həm nəticə, həm də məsuliyyət anlayışını özündə birləşdirir. Ərazi bütövlüyünün bərpası dövlət suverenliyinin tam təmin olunması ilə tamamlandısa, yeni mərhələ bu suverenliyin güclü institutlar, dayanıqlı iqtisadiyyat, sosial rifah, təhlükəsizlik və qanunun aliliyi ilə möhkəmləndirilməsini tələb edir.
2025-ci ilin Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan edilməsi də dövlətçilik və suverenlik anlayışlarının ölkənin müasir inkişafında xüsusi əhəmiyyət daşıdığını göstərən mühüm addımlardan biri olmuşdur.
Bu gün 20 sentyabrın mahiyyəti barədə düşünərkən əsas sual yalnız Azərbaycanın hansı tarixi nəticəyə nail olması deyil, bu nəticənin gələcək üçün hansı imkanlar yaratmasıdır. Suverenlik dövlətə öz inkişaf istiqamətini müəyyənləşdirmək imkanı verir. Bu imkanın davamlı nəticəyə çevrilməsi isə dövlət institutlarının gücü, iqtisadi inkişaf, cəmiyyətin həmrəyliyi və gələcək nəsillər qarşısında məsuliyyətlə bağlıdır.
20 sentyabr Azərbaycan dövlətçiliyinin yaddaşında yalnız tarixi qələbənin səhifəsi kimi deyil, dövlət suverenliyinin məsuliyyət və inkişaf mərhələsinin başlanğıcı kimi də yaşamalıdır.
Bu əlamətdar gün münasibətilə bütün Azərbaycan xalqını Dövlət Suverenliyi Günü münasibətilə təbrik edir, ölkəmizin ərazi bütövlüyü və dövlət suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edir, qazilərimizə və Vətənin müdafiəsində xidmət göstərmiş hərbçilərimizə minnətdarlığımızı bildiririk.
20 Sentyabr Dövlət Suverenliyi Günü mübarək!
Günay Məmmədli
YAP Yasamal rayon “Moskva pr. 67” ünvanı (ADSEA) üzrə ərazi partiya təşkilatının sədri
15:50 20.09.2026
Oxunuş sayı: 55