Tramp CNN, MS NOW və Politico-nu Ağ Evdən QOVDU
ABŞ Prezidenti Donald Tramp CNN, MS NOW və Politico-nun Ağ Evə girişinin qadağan ediləcəyini açıqlayıb.
Crossmedia.az xəbər verir ki, Donald Tramp bu barədə Truth Social hesabında paylaşım edib.
Tramp sözügedən media qurumlarını administrasiyası haqqında “saxta xəbərlər” yaymaqda ittiham edib və onların fəaliyyətini “uydurma və yalan” məlumatların yayılması kimi qiymətləndirib. O, digər media qurumlarının da oxşar məhdudiyyətlərlə üzləşə biləcəyini bildirib.
ABŞ Prezidenti daha sonra jurnalistlərin Ağ Evdə bu media qurumlarına tətbiq ediləcək qadağanın səbəbləri ilə bağlı suallarını cavablandırarkən qərarın ayrı-ayrı materialla deyil, onların son illərdəki ümumi yayım siyasəti ilə bağlı olduğunu deyib.
CNN açıqlamasında Ağ Evdə fəaliyyət göstərən jurnalistlərini dəstəklədiyini və hökumətin media fəaliyyətinə mane olmaq hüququnun olmadığını bildirib. Politico da öz növbəsində ABŞ Konstitusiyasının Birinci Düzəlişi ilə qorunan hüquqlarını müdafiə edəcəyini açıqlayıb.
ABŞ-da mətbuat azadlığını müdafiə edən təşkilatlar Trampın qərarını tənqid edərək, media qurumlarının onların yaydığı materiallara görə Ağ Evə girişdən məhrum edilməsinin hüquqi mübahisələrə səbəb ola biləcəyini bildiriblər.
Məlumata görə, Trampın paylaşımından sonra CNN, MS NOW və Politico-nun əməkdaşları bir müddət Ağ Ev ərazisində fəaliyyətlərini davam etdiriblər və qadağanın praktiki olaraq necə tətbiq ediləcəyi dərhal aydın olmayıb.
12:06 19.09.2026
Oxunuş sayı: 42