Ankara Universitetində Əhməd Ağaoğlunun barelyefi və auditoriyası açılıb
Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Ankara Universitetinin Hüquq fakültəsində Azərbaycan və Türkiyənin ictimai və mədəni həyatında mühüm rol oynamış, hüquqşünas, yazıçı, jurnalist və fikir adamı kimi türk dünyasının düşüncə həyatına dəyərli töhfələr vermiş Əhməd Ağaoğlunun xatirəsinə həsr olunmuş barelyefin və auditoriyanın açılışı keçirilib.
Crossmedia.az xəbər verir ki, tədbirdə Ankara Universiteti prorektoru professoru Orhan Uzun, Azərbaycanın mədəniyyət nazirinin müavini Fərid Cəfərov, Azərbaycanın Türkiyədəki Səfirliyi, TÜRKSOY, Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbərliyi, alimlər, ziyalılar, yerli azərbaycanlılar iştirak ediblər.
Ankara Universitetinin prorektoru Orhan Uzun, universitetin dekanı professor İbrahim Ermenek, Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov, Azərbaycanın Türkiyədəki Səfirliyinin müşaviri Füzuli Məcidli, "Əhməd Ağaoğlu Araşdırmar Mərkəzi" İctimai Birliyinin sədri, Ağaoğlular nəslinin nümayəndəsi Nigar Axundova, ədibin nəticəsi, İstanbulda yaşayan Əhməd Ağaoğlu çıxış edərək Azərbaycan Mədəniyyətinin beşiyi Şuşada doğulan Əhməd Ağaoğlunun öz ideyaları, əsərləri və mübarizəsi ilə Azərbaycanın milli oyanışına, Türk dünyasının ictimai və mədəni inkişafına, təhsil, hüquq, mətbuat, maarifçilik anlayışlarının güclənməsinə böyük töhfələr verdiyini, Türkiyədə hüquq təhsilinin və modernləşmə hərəkatının inkişafına öncülük etdiyini, qadın hüquqları və milli kimlik məsələlərində qabaqcıl fikirlər irəli sürdüyünü qeyd ediblər. Çıxışçılar Prezident İlham Əliyevin Əhməd Ağaoğlu haqqında fikirlərinə yer verərək, Ağaoğlunun milli oyanış hərəkatının ön sıralarında yer alan vətənpərvər ziyalı və müsəlman Şərqində modernləşmənin qətiyyətli müdafiəçisi olduğunu qeyd ediblər.
Bildirilib ki, Əhməd bəy Ağaoğlunun ən böyük xidmətlərindən biri milli kimliyi müasirlik, təhsil, hüquq və azad düşüncə ilə bir arada nəzərdən keçirməsi idi. 1924-cü ildə Türkiyə Cümhuriyyəti Konstitusiyasının hazırlanmasında mühüm rol oynayan Ağaoğlu, 1925-ci ildə Ankarada “Ankara Ədliyyə Hüquq Məktəbi” adı ilə yaradılan Türkiyə Cümhuriyyətinin ilk hüquq məktəbinin təsisçilərindən olaraq, universitetdə müəllim kimi də çalışıb. Natiqlər bir vaxtlar Əhməd bəy Ağaoğlunun qurucusu olduğu fakültədə, binanın qarşısında ədibin barelyefinin açılışının mühüm hadisə olduğunu qeyd ediblər.
Sonra Əhməd bəy Ağaoğlunun barelyefinin açılışı olub. Barelyef Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin sifarişi ilə hazırlanıb.
Tədbirdə Ankara Universitetinin tələbələri tərəfindən Əhməd bəy Ağaoğluna həsr olunan bədii kompozisiya təqdim edilib.
İştirakçılar təmir edilən Əhməd bəy Ağaoğlu auditoriyası ilə də tanış olublar. Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə yenidən qurulan auditoriyada Əhməd bəy Ağaoğlunun Azərbaycan və Türkiyə dövrünü əhatə edən fəaliyyətinə, həyat və yaradıcılığına dair məlumatların yer aldığı guşələr yaradılıb. Auditoriyada görkəmli ziyalının elmi, hüquqi, publisistik və ədəbi irsini əks etdirən müxtəlif nəşrlər də nümayiş etdirilir. (AZƏRTAC)
11:08 19.09.2026
Oxunuş sayı: 45