Dioqu Jotanın adını səsləndirən azarkeşlərə görə Səudiyyə Ərəbistanı klubu cəzalandırılıb
Səudiyyə Ərəbistanının "Əl-Taavun" klubuna azarkeşlərinin davranışına görə cəza verilib.
Crossmedia.az-ın məlumatına görə, bu barədə "L'Equipe" nəşri məlumat yayıb.
Səudiyyə Ərəbistanı Futbol Federasiyasının İntizam və Etika Komitəsi "Əl-Taavun"un çempionatın VII turunda "Əl-Hilal"a 0:6 hesabı ilə uduzduğu matç zamanı baş verən insidentlə bağlı qərar qəbul edib.
"Əl-Taavun" azarkeşləri qarşılaşma zamanı dəfələrlə mərhum portuqaliyalı futbolçu Dioqu Jotanın adını səsləndiriblər. Tərəfdarlar bununla "Əl-Hilal"ın yarımmüdafiəçisi və Jotanın yaxın dostu Ruben Neveşi təxribata çəkməyə çalışıblar.
Komitənin qərarına əsasən, "Əl-Taavun" Səudiyyə Ərəbistanı çempionatında növbəti iki ev oyununu azarkeşsiz keçirməlidir. Klub həmçinin 23 min avro cərimələnib. Qərar İntizam Reqlamentinin 51-2-ci maddəsinin pozulması kimi qiymətləndirilib və 39-4-cü maddəyə əsasən cəza sərtləşdirilib. Qərar qətidir və apellyasiya şikayəti verilə bilməz.
Neveş matç zamanı təxribata reaksiya verərək əvvəlcə barmağını göyə, daha sonra gözlərinə və tribunaya yönəldib. Bununla azarkeşlərə "Tanrı hər şeyi görür" mesajını çatdırıb.
Qeyd edək ki, Dioqu Jota 2025-ci ilin iyulunda, 28 yaşında İspaniyanın Samora əyalətində baş verən yol qəzasında həyatını itirib. O, qəza zamanı qardaşı Andre Silva ilə birlikdə olub. Araşdırma nəticəsində hadisəyə ötmə zamanı avtomobilin təkərinin partlamasının səbəb olduğu müəyyənləşib. Bundan sonra onun avtomobili yoldan çıxaraq yanıb.
17:42 16.09.2026
Oxunuş sayı: 39