Qəbirdən oğurluq edənləri dində hansı cəza gözləyir?
Son dövrlərdə Azərbaycanda qəbiristanlıqlarda məzarların dağıdılması, qəbirüstü əşyaların oğurlanması və digər qanunsuz hallarla bağlı xəbərlər artıb. Son aylarda həm məzarların ətrafındakı əşyaların oğurlanması, həm də qəbirlərə və qəbirüstü abidələrə zərər vurulması ilə bağlı müxtəlif faktlar qeydə alınıb.
Son hadisələr qəbiristanlıqların yalnız dəfn məkanı deyil, eyni zamanda insanların mənəvi və tarixi yaddaşını qoruyan məkanlar kimi mühafizəsi məsələsini yenidən gündəmə gətirib. Belə halların qarşısının alınması, qəbiristanlıqlarda nəzarətin gücləndirilməsi və bu ərazilərə qarşı hörmətsiz davranışların hüquqi və mənəvi məsuliyyətinin diqqətdə saxlanılması aktuallaşır.
İlahiyyatçı Ağa Hacıbəyli Crossmedia.az-a açıqlamasında İslam dinində vəfat etmiş insanlara, qəbir və məzarlıqlara hörmətin mühüm yer tutduğunu bildirib: “Allah Rəsulu Məhəmməd Peyğəmbər bir hədisi-şərifində buyurur ki, qəbirlərə toxunulmazlıq baxımından hətta belə qəbirlərin içərisindəki sümüyü sındırmaq diri insanın sümüyünü sındırmaq kimidir. Yəni toxunmayın ora. Ora nə varsa, oradakı əbədiyyətə köçmüş insanlara aiddir”.

İlahiyyatçının sözlərinə görə, qəbirlərə hörmətsizlik və xüsusilə qəbirdən oğurluq etmək İslam dini baxımından ciddi günah hesab olunur: “Bir hədisi-şərifdə Peyğəmbərimiz əleyhissalam buyurur ki, qəbirləri ziyarət edin, onlar sizə axirəti xatırladar. Yəni bir yönü ilə məqbərələr bizə axirət dərsləri verir, aqibət dərsləri verir, ədəb dərsləri verir. Amma birisi də yaxınlaşıb oradan oğurluq eləyir. Bu, böyük, ikiqat cinayətdir. Yəni ikiqatlı bir günaha girir. Birinci günah ona görədir ki, insan oğurluq eləyib, ikinci günah odur ki, qəbirdən eləyib oğurluğu”.
Ağa Hacıbəyli vurğulayıb ki, İslamda oğurluğun bütün növləri qadağan edildiyi kimi, qəbirlərə və məzarlıqlara ehtiram göstərilməsi də tövsiyə olunur: “Belə bir oğurluq üsulu əlbəttə ki, dində çox şiddətli şəkildə qınanılır və bu işin mütləq əzabı da olacaq. Yəni toxunulmazlıq olan yerə toxunan insan mütləq onun cəzasını, mənəvi olsa da, çəkəcək. Əbədiyyətə köçüb gedən insanları narahat etmək olmaz, onların qəbirinə toxunmaq olmaz, qəbirlərindən heç nə götürmək olmaz. Ziyarət etdiyimiz zaman hətta Fatihə oxuyub, ruhlarına dualar edib gəlməyimiz, bağırmaq, çağırmaq, qəbirstanlıqda ümumiyyətlə ədəbdən kənar işlər görmək dinimiz tərəfindən caiz, yəni icazəli hesab edilməz”.
Nigar Xəlilli
19:15 10.09.2026
Oxunuş sayı: 46