Türk sivilizasiyasında mədəni irsin və biomüxtəlifliyin qorunmasına dair dəyirmi masa təşkil olunub
Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində Türk Mədəniyyəti və İrsi Fondunun təşkilatçılığı ilə “Türk sivilizasiyasında mədəni irsin və biomüxtəlifliyin qorunması: Ortaq ənənələrdən birgə fəaliyyətə” adlı dəyirmi masa təşkil olunub.
Crossmedia.az xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi və COP29-un prezidenti Muxtar Babayev Hirkan meşələrinin təbii irsimizin mühafizəsində əməkdaşlığın nə dərəcədə vacib olduğunu qeyd edib. Onun fikrincə, bu qədim ekosistem artıq qonşu ölkələrlə paylaşılan transsərhəd UNESCO Ümumdünya irsi obyektinin tərkib hissəsidir. Bu ərazinin qorunması elmin, mühafizə olunan ərazilərin idarə edilməsinin vacibliyini aydın göstərir.
COP29-un yüksəksəviyyəli iqlim çempionu, Milli Məclisin deputatı Nigar Arpadarai əsrlər boyu türk xalqlarının bir-biri ilə və təbiətlə sıx bağlı şəraitdə yaşadığını qeyd edib: "Ənənələr bizə xatırladır ki, təbiət sadəcə istifadə olunası resurs deyil, o, irsimizin bir hissəsidir. Bu gün bu ortaq irs bizə türk dövlətləri arasında əməkdaşlığı gücləndirmək üçün mühüm imkan yaradır",- deyə N.Arpadarai əlavə edib.
Qazaxıstanın “International Green Technologies and Investment Projects Center” QSC-nin İdarə Heyətinin sədri Saken Kalkamanov öz növbəsində deyib: "Landşaftı məhv edərək və ekosistemi itirərək biz onunla bərabər tarixi yaddaşımızın da bir hissəsini itiririk".
Milli Məclisin Ailə, qadın və uşaq problemləri komitəsinin sədri Hicran Hüseynova Türk Dövlətləri Təşkilatı, TÜRKSOY və Türk Mədəniyyəti və İrsi Fondu çərçivəsində UNESCO-nun irs siyahısına daxil edilmiş ümumi təbii abidələrin və mədəni irs nümunələrinin qorunması istiqamətində mühüm addımlar atıldığını qeyd edib.
Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəhbəri Səbinə Hacıyeva əsrlərlə ölçülən zəngin tariximizin işğal dövründə böyük zərər gördüyünü və bunun böyük faciə olduğunu diqqətə çatdırıb. "Tarix boyu mədəni irs münaqişələrin və fəlakətlərin ilk qurbanlarından biri olub. Münaqişələr abidələrin dağıdılması, qarət edilməsi və qanunsuz aparılmasından əlavə, həm də ənənələri pozur, icmaları zəiflədir, insanları öz tarixinə və bir-birinə bağlayan mədəni kimliyi və yaddaşı təhlükə altına alır", - deyə S.Hacıyeva bildirib.
Milli Məclisin deputatı Fariz İsmayılzadə Türk dövlətləri arasında siyasi, iqtisadi, sosial və humanitar sahələrdə böyük inteqrasiya, dialoq və əməkdaşlığın mövcud olduğunu deyib. Deputat ekoloji problemlər, texnoloji çətinliklər, həmçinin mədəniyyət abidələrinin dağıdılmasına qarşı birgə səylərin genişləndirilməsinin vacibliyini qeyd edib.
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin üzvü Aytac Əlisultanlı İçərişəhərdə aparılan konservasiya və bərpa layihələri elmi araşdırmalar, memarlıq və texniki qiymətləndirmələr əsasında, yerli və ekoloji tikinti materiallarından, eləcə də müasir materiallardan istifadə edilməklə yüksək keyfiyyət standartlarına uyğun həyata keçirildiyini bildirib. "Lakin binaların düzgün şəkildə bərpa və konservasiya edilməsi kifayət deyil. Əsas məsələ bundan sonra başlayır – binalara düzgün funksiya vermək, onların fəaliyyətini təmin etmək və ömrünü uzatmaq, gələcək istifadənin onların tarixi kimliyinə və dəyərlərinə xələl gətirməməsinə nail olmaq lazımdır", - deyə İdarə Heyətinin üzvü diqqətə çatdırıb.
Abidələr və Tarixi Yerlər üzrə Beynəlxalq Şuranın (ICOMOS) Türkiyə Milli Komitəsinin və ICOMOS-un Sualtı Mədəni İrs üzrə Beynəlxalq Komitəsinin üzvü Ceyda Öztosun sahilyanı mədəni irsi iqlim böhranından qorumaq üçün onun dəyərlərini anlamağın mühümlüyünü qeyd edib. Onun sözlərinə görə, arxeoloji abidələr, tarixi qalalar, şəhər divarları, tarixi sahil yaşayış məskənləri, dəniz infrastrukturu, sualtı mədəni irs və qeyri-maddi mədəni irs bu dəyərlərə daxildir.
17:14 10.09.2026
Oxunuş sayı: 43