Ağdamda sınaq imtahanı keçirməyə kimlər niyə imkan vermir? - narazılıq artır
Ağdamda fəaliyyət göstərən “Zəfərə Doğru” Tədris Mərkəzi bu il öz kursunun şagirdlərinə sınaq imtahanlarının keçirilməsi ilə bağlı problem yaşayıb. Redaksiyamıza daxil olan şikayətdə qeyd olunur ki, Müstəqil Qiymətləndirmə Mərkəzi kursun Bərdədə filialının olduğunu əsas gətirərək Ağdamda imtahan keçirməyə icazə vermir. Maraqlıdır nə üçün kursun şagirdləri Ağdamda, öz yaşadıqları rayonda kurs ola-ola Bərdəyə getməlidir?Ağdamda olan kursda sınaq imtahanının keçirilməsi nə üçün məqsədəuyğun deyil?
Məsələ ilə bağlı “Zəfərə Doğru” Tədris Mərkəzinin rəhbəri Fidanə Məmmədova Crossmedia.az-a açıqlamasında bildirib ki, mərkəz sınaq imtahanlarının məhz Ağdamda təşkil olunmasını istəyir:
“Bildiyiniz kimi, artıq 4 ildir ki, Ağdamda fəaliyyət göstəririk və 5-ci tədris ilimizə qədəm qoyuruq. Bu illər ərzində kifayət qədər yüksək ixtisaslı kadrlarımız, uğurlu tələbə və məzunlarımız olub. Şagirdlərimiz ali məktəblərə qəbul olunublar. Hətta bu il bir şagirdimiz 656 bal toplayaraq Tibb Universitetinin “Müalicə işi” fakültəsinə daxil olub. Ümumilikdə isə uğur qazanan şagirdlərimizin sayı kifayət qədər çoxdur. Biz bu sınaq imtahanlarının regional olaraq məhz öz mərkəzimizdə keçirilməsini istəyirik. Mövzu ilə bağlı Müstəqil Qiymətləndirmə Mərkəzinə müraciət etsək də, Bərdədə filialın olduğunu əsas gətirərək imtahan keçirməyimizə icazə vermədilər. Ötən illərdə Bərdə regional mərkəzi ilə əməkdaşlıq etsək də, bu proses bizim üçün müəyyən çətinliklər yaradır".
F.Məmmədova qeyd edib ki, məlum olduğu kimi, Qarabağda yenidənqurma işləri gedir, məktəblər açılır və əhalinin sayı artdıqca sınaq imtahanlarına olan tələbat da getdikcə yüksəlir: "Bizə müraciət edənlərin sayı çoxdur. Şagirdlərin Bərdəyə getməsindənsə, bu imtahanların Ağdam rayonunda — öz kursumuzda keçirilməsi daha məqsədəuyğundur. Məhz bu səbəbdən OTK imtahanlarının öz mərkəzimizdə təşkil olunmasını xahiş edirik”.
Zeynəb Həsən
15:49 09.09.2026
Oxunuş sayı: 45