Xalq yazıçısı: Şarovski Rus Dram Teatrında bir era idi
Azərbaycan teatr sənətinə ağır itki üz verib. Görkəmli teatr xadimi, rejissor və Xalq artisti Aleksandr Şarovski 78 yaşında vəfat edib. Şarovski 50 ilə yaxın fəaliyyət göstərdiyi Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında uzun illər baş rejissor kimi çalışıb və bu müddətdə 50-dən çox tamaşaya quruluş verib.
Crossmedia.az xəbər verir ki, xalq yazıçısı Natiq Rəsulzadə Aleksandr Şarovskinin vəfatı ilə bağlı Crossmedia.az-a açıqlamasında onunla uzun illər yaradıcılıq münasibətində olduğunu və Şarovskinin Azərbaycan teatrında xüsusi yeri olduğunu bildirib: “Mən onunla uzun illər boyu ünsiyyətdə olmuşam. Çünki mənim də pyeslərim tamaşaya qoyulub. Ondan çox yaxşı mülahizələr eşitmişəm, lazım olan fikirləri öyrənmişik. Şarovski Rus Dram Teatrında bir era idi. Yəni bir era idi. O da getdi”.
Natiq Rəsulzadə qeyd edib ki, Aleksandr Şarovski özündən sonra böyük sənət mirası qoyub və onun yetişdirdiyi aktyor və rejissorlar sənət yolunu davam etdirirlər: “Amma getdi deyəndə, o, özündən sonra böyük miras qoyub. Bir çox rejissorlar, aktyorlar onun şagirdləridir. Onlar indi Şarovskini əvəz edir. Eyni zamanda, Şarovskinin teatrda yeri görünür. Buna baxmayaraq, o yeri onun şagirdləri tutur. Güman edirəm ki, onun çox istedadlı, çox gözəl bir kollektiv qoyub getməsi böyük əhəmiyyət daşıyır. O kollektiv onun işini böyük uğurla davam etdirəcək”.
Xalq yazıçısı Şarovskinin yaradıcılığında tamaşaların tamaşaçıya təsir göstərməsinə xüsusi önəm verdiyini vurğulayıb: “Bir yaradıcı şəxsiyyət, insan kimi çox gözəl bir insan idi. Biz bir yerdə çalışmışıq. Mən burada rejissor idim, onun tamaşası da səhnəyə qoyulmuşdu. Şarovski o zaman rejissora və mənə çox maraqlı sözlər demişdi, təkliflər vermişdi ki, tamaşa daha da təsirli olsun. Onun yaradıcılığında ən yadda qalan odur ki, o həmişə çalışıb tamaşaları təsirli olsun. Eyni zamanda, elə müəlliflərdən də yapışıb ki, onların əsərləri tamaşaçını silkələyir, düşünməyə çağırır. Heyif, böyük itkidir. Şarovskidən bir epoxa getdi Azərbaycan teatrında. Allah rəhmət eləsin!”
Nigar Xəlilli
15:42 09.09.2026
Oxunuş sayı: 54