Putin niyə məhz indi İlham Əliyevə zəng etdi? – Bakı-Moskva münasibətlərində yeni siqnal
Azərbaycan-Rusiya münasibətlərində son dövrdə qarşılıqlı dialoqun və siyasi təmasların intensivləşməsi iki ölkə arasında əlaqələrin normal məcrada davam etdiyini göstərir. Münasibətlərdə zaman-zaman müəyyən fikir ayrılıqları və mübahisəli məsələlər meydana çıxsa da, tərəflər qarşılıqlı əlaqələrin qorunub saxlanılmasında və mövcud məsələlərin dialoq yolu ilə müzakirəsində maraqlı görünür. Rusiya prezidenti Vladimir Putin bu gün İlham Əliyevə zəng edib. Telefon danışığı zamanı Azərbaycan və Rusiya liderləri ikitərəfli əlaqələri intensivlişdirmək barədə razılığa gəliblər.
Hazırda Azərbaycan və Rusiya arasında münasibətlər qarşılıqlı səfərlər, siyasi dialoq, iqtisadi və digər sahələrdə əməkdaşlıq, eləcə də dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə qarşılıqlı hörmət prinsipləri əsasında davam edir. Rusiya və Azərbaycan prezidentlərinin Bişkekdə görüşü, ardınca Rusiya prezidentinin Azərbaycan Prezidentinə telefon zəngi də tərəflər arasında birbaşa siyasi kommunikasiyanın qorunduğunu göstərən mühüm məqamlar kimi qiymətləndirilir.
Milli Məclisin deputatı Aydın Mirzəzadə Crossmedia.az-a açıqlamasında Azərbaycan-Rusiya münasibətlərinin normal və mehriban qonşuluq münasibətləri səpkisində davam etdiyini bildirib. Deputat qeyd edib ki, təyyarə qəzası ilə bağlı Azərbaycanın Rusiya qarşısında müəyyən məsələləri qaldırmasına baxmayaraq, sonrakı proseslər münasibətlərin davamına təsir göstərməyib: “Azərbaycanla Rusiya münasibətləri onsuz da normaldır və bizim normal, mehriban qonşuluq münasibətlərimiz vardır. Məlum təyyarə qəzası məsələsində, əlbəttə ki, Azərbaycan müəyyən məsələləri Rusiya dövləti qarşısında qaldırdı. Rusiya rəhbərinin sonradan verdiyi cavab Azərbaycanı qane etdi. Kompensasiya ödənildi, bunun qəsdən edilmədiyi bildirildi”.
A.Mirzəzadənin sözlərinə görə, iki ölkə arasında münasibətlər qarşılıqlı səfərlər və suverenliyə, ərazi bütövlüyünə hörmət əsasında davam edir: “Yenə də bizim münasibətlərimiz normal qonşuluq münasibətləri səpkisində davam edir. Vaxtaşırı səfərlər edilir, tərəflər bir-birinin suverenliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşır”.
Deputat dövlətlər arasında müəyyən məsələlərin müzakirə edilməsinin normal olduğunu vurğulayıb, həmçinin qeyd edib ki, Rusiya və Azərbaycan prezidentlərinin Bişkekdə görüşü və Rusiya prezidentinin Azərbaycan Prezidentinə zəngi tərəflər arasında davamlı dialoqun olduğunu göstərir: “Əlbəttə, dövlətlər arasında müəyyən məsələlərin müzakirəsi ola bilər. Bir müddət əvvəl Rusiya və Azərbaycan prezidentlərinin Bişkekdə görüşü və bugünkü Rusiya prezidentinin Azərbaycan prezidentinə zəngi göstərir ki, tərəflər daim dialoqdadırlar. Müzakirə ediləcək məsələlər var”.
A.Mirzəzadə hesab edir ki, fikir ayrılıqlarının müzakirə olunması və tərəflərin mövqelərini ortaya qoyması da yaxşı münasibətlərin göstəricisidir: “Bir-birimizi başa düşmək, əməkdaşlıq sahələrini müəyyənləşdirmək, fikir ayrılığı olan məsələlər barəsində mövqelərimizi ortaya qoymaq yaxşı münasibətlərin göstəricisidir. Müəyyən məsələlərdə, əlbəttə ki, biz başqa mövqelərdəyik. Amma bununla belə, suverenliyimizə hörmət və daimi dialoqda olmaq Azərbaycan-Rusiya münasibətləri üçün xarakterik bir məsələdir”.
Nigar Xəlilli
16:15 07.09.2026
Oxunuş sayı: 71