5 il sonra döyüş meydanında robotlar olacaq
Rusiya-Ukrayna müharibəsi müasir hərbi texnologiyaların döyüşlərin gedişinə təsirini açıq şəkildə göstərən münaqişələrdən biridir. Pilotsuz sistemlər, robotlaşdırılmış texnologiyalar, süni intellekt və uzaqmənzilli silahların inkişafı müasir müharibələrdə canlı qüvvənin rolunu və döyüş meydanının ənənəvi anlayışlarını dəyişir.
Ekspertlərin fikrincə, gələcək illərdə texnologiyaların daha sürətli inkişafı döyüş meydanlarında insan faktorunun müəyyən sahələrdə texniki və robotlaşdırılmış vasitələrlə əvəzlənməsinə səbəb ola bilər.
Mövzu ilə bağlı hərbi ekspert Şair Ramaldanov Crossmedia.az-a açıqlamasında bildirib ki, Rusiya-Ukrayna müharibəsi ən müasir üsul və texnologiyalardan istifadə olunan müharibələrdən biridir:
“Texnologiyaların inkişafı döyüş meydanında canlı qüvvənin müəyyən mənada texniki vasitələrlə əvəzlənməsi prosesinə istiqamətlənib. Ukraynanın şəxsi heyət baxımından müəyyən problemlərlə üzləşməsinə baxmayaraq, ölkə hələ də Rusiyaya müqavimət göstərə bilir və müasir texniki vasitələrin hesabına canlı qüvvə çatışmazlığını müəyyən dərəcədə kompensasiya edir.
Digər tərəfdən, əvvəllər birbaşa canlı qüvvə tərəfindən idarə olunan bir sıra texniki vasitələr artıq robotlaşdırılmış formada istifadə olunur. Bu isə gələcək müharibələrdə canlı qüvvənin əvvəlki qədər böyük əhəmiyyət daşımaya biləcəyini göstərir.
Son dövrlərdə Çində humanoidlərin hazırlanması və bu sahədə aparılan tədqiqatlarla bağlı məlumatları nəzərə alsaq, ola bilsin ki, qarşıdakı 5-10 il ərzində döyüş meydanlarında canlı qüvvədən daha çox robotlaşdırılmış humanoidlərin istifadəsinin şahidi olaq. Necə ki, hazırda süni intellekt vasitəsilə idarə olunan sistemlər döyüş meydanında böyük dəyişikliklərə səbəb olur, gələcəkdə də istər quruda, istər havada, istərsə də dənizdə robotlaşdırılmış və süni intellektlə təmin edilmiş rəqəmsal texnologiyaların istifadəsi daha da genişlənə bilər.
Bununla yanaşı, havadan ballistik raketlərin dəqiq zərbələrlə hədəflərə yönəldilməsi imkanlarının genişlənməsi də döyüşlərdə insan faktorunun və canlı qüvvənin əvvəlki qədər əhəmiyyətli olub-olmaması məsələsini gündəmə gətirir.

Rusiyanın canlı qüvvə baxımından ciddi problemlərlə üzləşəcəyini düşünmürəm. Artıq beşinci ildir ki, müharibə davam edir və Rusiya hələ də rəsmi şəkildə ümumi səfərbərlik elan etməyib.
Bu illər ərzində isə ildən-ilə, hətta aydan-aya yeni texnologiyaların meydana çıxması, inkişaf etdirilməsi və döyüşlərdə tətbiq olunması ilə bağlı məlumatlar əldə edirik. Əvvəllər belə bir fikir mövcud idi ki, əsgərin çəkməsinin dayanmadığı yerdə qələbədən danışmaq olmaz. Lakin mənə elə gəlir ki, müasir dövrdə bu yanaşma artıq əvvəlki qədər özünü doğrultmur.
Müasir müharibələrdə artıq ‘boz zona’ anlayışı mövcuddur. Əvvəllər tərəflər arasında əsasən təmas xətti anlayışından istifadə olunurdusa, indi təmas xətti faktiki olaraq geniş bir zonaya çevrilib. Keçmişdə tərəflər arasındakı məsafə təxminən bir kilometr və ya daha az ola bilirdisə, hazırda boz zonalar bəzən 10 kilometrdən də artıq ərazini əhatə edir.
Yəni döyüşlərin aktiv şəkildə aparıldığı ərazilərin genişlənməsi və təmas xəttinin artıq sadəcə xətt deyil, müəyyən bir zona kimi qəbul olunması gündəmdədir.
Bu baxımdan Rusiyanın şəxsi heyət baxımından çox ciddi problemlərlə üzləşəcəyini düşünmürəm. Ukrayna fonunda Rusiyada belə bir problemin o qədər də ciddi olduğunu görmürük. Şəxsi heyətlə bağlı problem daha çox Ukraynada hiss olunur. Lakin qeyd etdiyim kimi, müasir texnologiyalar həmin çatışmazlığın da müəyyən qədər əvəzlənməsinə imkan yaradır.
Digər tərəfdən, müasir müharibələrdə iqtisadi potensial və logistika da mühüm rol oynayır. Artıq yüzlərlə, hətta minlərlə kilometr dərinlikdə yerləşən hədəflərə zərbə endirmək mümkündür. Yəni müharibə yalnız ön xəttdə və ya qarşıdurma zonasında hiss olunmur, ön xəttdən çox uzaqda yerləşən ərazilər də müharibənin təsirini yaşayır. Bu, müasir müharibələrin yeni xüsusiyyətlərindən biridir.
Əlbəttə, Rusiyanın insan itkiləri var, ölənlər, həlak olanlar və yaralananlar mövcuddur. Bütün bunlar şəxsi heyətə və canlı qüvvəyə təsirsiz ötüşmür. Bu baxımdan prosesin gələcəkdə nəzərə alınmalı olan demoqrafik və insan resursları ilə bağlı tərəfləri də mövcuddur.
Lakin yenə də düşünmürəm ki, Rusiyada canlı qüvvə baxımından ciddi problem yaranacaq. Digər tərəfdən, Şimali Koreyadan Rusiyaya hərbi qüvvələrin göndərilməsi ilə bağlı müxtəlif məlumatlar var. Mən düşünürəm ki, bu, yalnız Şimali Koreya ilə məhdudlaşmaya bilər, digər ölkələrdən də müxtəlif formalarda insan resurslarının cəlb olunması mümkündür.
Necə ki, Ukrayna tərəfində muzdlular iştirak edir, digər tərəfdən də xarici qüvvələrin iştirakı şəxsi heyət və canlı qüvvə baxımından müəyyən təsir göstərən amil kimi qiymətləndirilə bilər.
Ümumilikdə, Rusiya-Ukrayna müharibəsinin gedişatı və nəticələri bu gün bəlkə də canlı qüvvənin sayından daha çox tərəflərin hansı texnologiyalara, hansı texnoloji və silah imkanlarına malik olması ilə müəyyənləşir. Eyni zamanda, həmin texnologiyaları idarə edən heyətin peşəkarlıq səviyyəsi də böyük əhəmiyyət daşıyır.
Bu baxımdan Rusiya-Ukrayna müharibəsinin gedişatında canlı qüvvənin sayını və ya canlı qüvvə çatışmazlığını yeganə və əsas faktor kimi qəbul etmək düzgün olmaz. Müasir yanaşmalar və müasir müharibələrin nəticələri göstərir ki, texnoloji üstünlük, silah imkanları, logistika, iqtisadi potensial və bu vasitələri idarə edən peşəkar heyət getdikcə daha mühüm rol oynayır”.
Zeynəb Həsənli
20:50 05.09.2026
Oxunuş sayı: 49