Kosmosda 10 gün sağ qalan canlılar müəyyən edilib
Avropa Kosmik Agentliyinin 2007-ci ildə keçirdiyi eksperiment zamanı minlərlə tardiqradın kosmik vakuumda 10 gün sağ qala bildiyi müəyyən edilib.
Crossmedia.az bu barədə ˝Unian˝a istinadən xəbər verir.
Bu mikroskopik canlıların fövqəladə davamlılığını təmin edən mexanizm isə hazırda sağlam insan hüceyrələrinin şüa terapiyası zamanı qorunması üçün araşdırılır.
2007-ci il sentyabrın 14-də Foton-M3 kapsulunun xarici hissəsində yerləşən Biopan-6 platformasında təxminən 3 min tardiqrad kosmik vakuuma buraxılıb. Canlılar heç bir skafandr və hermetik qoruma olmadan 258-281 kilometr yüksəklikdə 10 gün ərzində kosmos şəraitində qalıb. Sentyabrın 26-da kapsul Qazaxıstana enib.
TARDIS adlanan eksperiment zamanı tardiqradların vakuuma qarşı yüksək davamlılığı üzə çıxıb. Yalnız vakuum və qaranlıq şəraitində saxlanılan canlıların böyük hissəsi sağ qalıb. Vakuumla yanaşı ultrabənövşəyi şüalanmaya məruz qalan qrupun isə 68 faizi yenidən aktivləşə bilib. Tam Günəş radiasiyasına məruz qalan qrupdan isə yalnız 3 tardiqrad sağ çıxıb.
Alimlərin diqqətini xüsusilə tardiqradlarda aşkarlanan Dsup adlı zülal cəlb edib. Araşdırmalar göstərib ki, bu zülal insan hüceyrələrində rentgen şüalarının yaratdığı DNT zədələnməsini əhəmiyyətli dərəcədə azalda bilər.
2025-ci ildə MIT və Brigham and Women’s Hospital tədqiqatçıları Dsup zülalının sağlam toxumaları şüa terapiyasının zərərindən qoruması imkanlarını araşdırıblar. Siçanlar üzərində aparılan təcrübələrdə ağız boşluğu və düz bağırsaq toxumalarının radiasiya zədələnməsinin azaldığı, şişə qarşı müalicə təsirinin isə qorunduğu bildirilib.
23:10 04.09.2026
Oxunuş sayı: 42