Minilliklərin sirri üzə çıxır: Yardımlıda insan skeleti tapıldı
Yardımlı rayonunda aparılan arxeoloji qazıntı zamanı gənc insana məxsus olan sümüklər aşkarlanıb.
Bu barədə Crossmedia.az Milli Elmlər Akademiyası (AMEA) Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə professor və doktoru, dosent Anar Ağalarzadə məlumat verib.
O qeyd edib ki, əsasən Yardımlıda aparılan arxeoloji qazıntılar nəticəsində qədim dəfn ənənələri haqqında təsəvvür əldə etmək mümkündür:
"Yardımlı rayonunun yüksək dağlıq ərazilərində arxeoloji qazıntılar zamanı qədim dəfn adətlərinə dair yeni faktlar üzə çıxarılıb. Ögü kurqanlarında aparılan tədqiqatlar nəticəsində insan qalıqları, saxsı qab fraqmentləri və ritual xarakterli əşyalar aşkarlanıb. Tapıntıların bölgədə Son Tunc və Erkən Dəmir dövründə yaşamış tayfaların həyat tərzi və inancları barədə mühüm məlumat verəcəyi gözlənilir. 12 nəfərlik arxeoloji heyət Ögü kurqanında qazıntı işlərinə avqustun sonlarından başlayıb. Əkin sahələrinin arasında yerləşən abidənin üst qatında, təxminən 40 santimetr dərinlikdən sonra insan skeleti və saxsı qab fraqmentləri üzə çıxıb".
Professor bildirib ki, qazıntıların əsas məqsədi yüksək dağlıq ərazidə yaşamış, qədim tayfaların dəfn mədəniyyətlərini öyrənmək, eyni zamanda onların istehsal təsərrüfatını, sənətkarlıq və məişət həyatını araşdırmaqdır.
Ilkin tapıntılar kurqanın e.ə. IX-X əsrlərdə də istifadə olunduğunu göstərir. Arxeoloqlar mərkəzi kameraya doğru irəlilədikcə daha qədim dəfnlərin üzə çıxacağını istisna etmirlər.
Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Antropologiya İnstitutun aparıcı elmi işçisi, antropoloq Dmitriy Kiriçenko deyir ki, ilkin nəticələrə görə aşkarlanan sümüklər cavan insana aiddir: "Ola bilər cavan qadın sümükləridir. Tam dəqiqini qazıntılar sona çatandan sonra bilərik. Sümükləri və kəlləni bərpa edəcəyik. Bu insanın dişində diş daşı və fiziki stressmarkerləri olduğunu qeyd edə bilərik. Bu əlamətlər insanın dağ zonasında çox hərəkət etməsini göstərir".
Ögü kurqanı yüksək dağlıq ərazidə tədqiq olunan ilk iri ölçülü kurqan kimi də diqqət çəkir. Ətrafda bu tipli daha 10-a yaxın kurqan qeydə alınıb.
Kurqanın örtüyündən tapılan yalnız insan qalıqları deyil. Daşdan hazırlanmış əmək aləti və ritual xarakterli olduğu ehtimal edilən nazik daş lövhə də tədqiqatçıların diqqətini çəkib. Nəticələrin bölgənin Son Tunc və Erkən Dəmir dövrü mədəniyyətinə dair yeni elmi məlumatlar ortaya çıxaracağı gözlənilir.
Qeyd edək ki, ərazidə, həcmindən və aşkar ediləcək artefaktların təyinatından asılıb olaraq arxeoloji qazıntılar hələ bir müddət davam edəcək.
15:05 04.09.2026
Oxunuş sayı: 65