Ermənistan Aİ-yə üzv olacaq? Rusiyadan cavab gəldi
Ermənistanın Avropa İttifaqına üzvlüyü ölkənin suveren hüququdur.
Crossmedia.az xəbər verir ki, Rusiyanın baş nazir müavini Aleksey Overçuk bu barədə açıqlama verib.
Overçukun sözlərinə görə, Ermənistanın Aİ-yə üzvlüyü ilə bağlı qərar Yerevanın öz işidir və bu, ölkənin suveren hüququ hesab olunur. O bildirib ki, Ermənistanın Avropa İttifaqı ilə yaxınlaşması halında Rusiyanın təqdim etdiyi bəzi güzəştlər itirilə bilər.
“Ermənistanın Aİ-yə üzvlüyü məsələsi Ermənistanın öz işidir. Onlar necə qərar versələr, elə də olacaq. Bu, onların suveren hüququdur. Bizim hüququmuz isə Ermənistanın Aİ ilə yaxınlaşacağı təqdirdə itirə biləcəyi güzəştlərlə bağlı məsələləri həll etməkdir”, – Overçuk deyib.
Xatırladaq ki, sentyabrın 1-də Rusiya Prezidenti Vladimir Putin Qırğızıstanda keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində Ermənistanın Baş naziri Nikol Paşinyanla görülüb.
Putin Ermənistanın Avropa İttifaqına doğru irəliləməsini Yerevanın suveren seçimi adlandırıb və Moskvanın Ermənistan xalqının istənilən qərarına hörmətlə yanaşdığını bildirib.
Bununla yanaşı, Rusiya Prezidenti Ermənistanın eyni vaxtda həm Aİ, həm də Avrasiya İqtisadi İttifaqının üzvü olmasının mümkün olmadığını qeyd edib.
09:57 03.09.2026
Oxunuş sayı: 49