Lavrov: Ermənistan Aİ-yə üzvlük istəyindən tezliklə əl çəkəcək
Rusiya xarici işlər naziri Sergey Lavrov Ermənistanın Avropa İttifaqına üzvlük istəyinin yaxın zamanda aradan qalxacağını bildirib.
Crossmedia.az xəbər verir ki, Armenia Today bu barədə məlumat yayıb.
Lavrov bu fikirləri Şərq İqtisadi Forumunda səsləndirib. O, Avropa İttifaqının öz qərarları nəticəsində iqtisadi üstünlüklərini itirdiyini iddia edib.
“Bizim erməni həmkarlarımız Aİ-yə üzv olmaq istədiklərini deməyə davam edirlər. Əminəm ki, onların bu həvəsi çox tezliklə aradan qalxacaq”, – deyə Lavrov bildirib.
Lavrovun açıqlaması Ermənistanın Aİ ilə inteqrasiya istiqamətində atdığı addımlar fonunda səslənib. Ermənistan parlamenti 2025-ci ilin martında ölkənin Aİ-yə üzvlüyü prosesinin başlanması barədə qanun qəbul edib. Baş nazir Nikol Paşinyan isə avqustun sonunda İrəvanın yaxın vaxtlarda Aİ-yə üzvlük üçün rəsmi müraciət təqdim etməyi planlaşdırdığını açıqlayıb.
Bununla yanaşı, Ermənistan hazırda Avrasiya İqtisadi İttifaqının üzvüdür. Rusiya rəsmiləri dəfələrlə Aİ və Aİİ üzvlüyünün eyni vaxtda mümkün olmadığını bildiriblər.
09:38 03.09.2026
Oxunuş sayı: 52