İnternetinizin sürətini bu cür artıra bilərsiniz
Azərbaycanda internet xidmətlərinin qiymətləri ilə yanaşı, abonentlərə təqdim olunan internet sürəti məsələsi də diqqət mərkəzindədir. Qiymət artımı fonunda istehlakçıların ödədikləri məbləğə uyğun xidmət alması vacibdir. Mövcud qaydalara əsasən, qiymət artırıldığı halda minimum internet sürətinin 100 Mbit/s olması nəzərdə tutulur. Provayderin ödənişi tam aldığı halda vəd etdiyi sürəti təmin etməməsi abonentin hüquqlarının pozulması hesab oluna bilər. Belə hallarda vətəndaşların ilk növbədə xidmət aldığı provayderə müraciət etməsi tövsiyə olunur. Problem həll edilmədikdə isə aidiyyəti dövlət qurumuna elektron qaydada şikayət etmək mümkündür.
İKT mütəxəssisi Fərid Kazımov Crossmedia.az-a açıqlamasında bildirib ki, qiymət artımı ilə yanaşı internet sürətinin də müəyyən edilmiş tələblərə uyğun təmin olunması vacibdir:

“Qeyd etməliyəm ki, müvafiq qaydalara əsasən, əgər qiymət artırılıbsa, minimum sürət 100 Mbit/s olmalıdır. Hər hansı bir provayder qiymət artımı fonunda həmin sürəti təmin etmirsə, abonentlər (müştərilər) ilk növbədə aidiyyəti üzrə provayderə müraciət etməlidir. Əgər provayder müəyyən edilmiş məbləği almasına baxmayaraq vəd edilən sürəti vermirsə, vətəndaşlar Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin rəsmi saytındakı xüsusi elektron şikayət bölməsinə daxil olaraq müraciət etməlidirlər. Çünki provayder ödənişi tam alırsa, həmin məbləğə uyğun sürəti də təmin etməyə borcludur. Eyni zamanda nəzərə almaq lazımdır ki, qaydalara görə sürətin ən çoxu 30 faiz aşağı düşməsinə yol verilir; yəni sürət 70 faizdən aşağı olmamalıdır. Məsələn, 100 Mbit/s sürət nəzərdə tutulubsa, pik saatlardakı yükdən asılı olaraq real sürət minimum 70 Mbit/s təşkil etməlidir.”
Zeynəb Həsən
11:00 02.09.2026
Oxunuş sayı: 73