Həyat sığortasında ödənişlər kəskin şəkildə artıb
Bu ilin ilk 7 ayında Azərbaycanda həyat sığortası bazarında həm toplanan sığorta haqları, həm də müştərilərə edilən ödənişlər artıb. Azərbaycan Mərkəzi Bankının məlumatına görə, həyat sığortası üzrə yığımlar 9,2 faiz artaraq 580 milyon manata yaxınlaşıb, ödənişlər isə 31,8 faiz yüksələrək 495,7 milyon manata çatıb. Nəticədə toplanan hər 100 manat sığorta haqqının 85,5 manatı müştərilərə ödənilib ki, bu da ötən ilin eyni dövründəki 70,8 manatlıq göstəricidən xeyli yüksəkdir.
Azərbaycan Sığortaçılar Assosiasiyası Crossmedia.az-ın sorğusuna cavab olaraq bildirib ki, son illər ölkədə sığorta sektorunda ciddi, davamlı və dayanıqlı inkişaf dinamikası müşahidə olunur: “Ötən 5 ilə nəzər salsaq, ümumi bazar böyüməsində müşahidə olunan aktivliyi aydın şəkildə görə bilərik. Belə ki, yerli sığorta bazarında 2021-ci ildə 16%, 2022-ci ildə 18%, 2023-cü ildə 26%, 2024-cü ildə 10%, 2025-ci ildə isə 11% ümumi böyümə qeydə alınıb. Sevindirici haldır ki, müvafiq böyümə və inkişaf tendensiyası cari ilin dövri icmallarında da davam etməkdədir. Azərbaycan Mərkəzi Bankının ən son açıqladığı və 2026-cı ilin yanvar-iyul aylarını əhatə edən sığorta icmalına baxsaq görürük ki, yerli sığorta bazarı ötən 7 ay ərzində 1 milyard 6 milyon 400 min manat sığorta haqqı təmin etməklə 7,3% böyüyüb. Analoji artım sığorta ödənişlərində də qeydə alınıb. Belə ki, cari ilin ötən 7 ayını əhatə edən hesabat dövründə baş vermiş sığorta hadisələrinə görə vətəndaşlara ümumilikdə 671,4 milyon manat sığorta ödənişi edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 30%-ə yaxın çoxdur”.
Assosiasiyanın məlumatına görə, hesabat dövrünün nəticələri sığorta bazarında həyat sığortası seqmentinin aparıcı mövqeyini qoruduğunu göstərir: “Həm sığorta yığımlarında, həm də ödənişlərdə ən yüksək artım dinamikası məhz bu sığorta sinfində qeydə alınıb. Müvafiq hesabat dövrünə aid nəticələrə daha dərindən nəzər yetirdikdə görürük ki, istər yığımlarda, istərsə də ödənişlərdə ən yüksək artım dinamikası həyat sığortası sinfinin payına düşür. Bu dövr ərzində həyat sığortalarında yığımlar 9,2%, ödənişlər isə 31,8% artıb. Həyat sığortaları ümumi sığorta bazarı üçün hər zaman lokomotiv rolunu oynayıb. Ötən dövrlərin hesabat nəticələrinə də nəzər salsaq görərik ki, ən böyük yığım və ödənişlər də məhz bu sığorta sinfinin payına düşür. Həyat sığortası sinfində yığım və ödənişlərin artmasının başlıca səbəblərindən biri vətəndaşlarda sığorta vərdişlərinin tədricən formalaşması ilə bağlıdır. Artıq 6-cı ildir ki, Azərbaycan Mərkəzi Bankı, Azərbaycan Sığortaçılar Assosiasiyası və İcbari Sığorta Bürosunun birgə əməkdaşlığı ilə ölkədə genişmiqyaslı sığorta maarifləndirməsi işləri aparılır”.
Qurum bildirir ki, həyata keçirilən maarifləndirmə və təbliğat tədbirləri vətəndaşların sığorta sahəsində məlumatlılığının artmasına və risklərin daha düzgün idarə olunmasına müsbət təsir göstərir: “Apardığımız maarifləndirmə və təbliğat işləri vətəndaşlarda sığorta məlumatlılığı formalaşdırmaqla onlarda risk fərqindəliyi yaradır və nəticə etibarilə risklərin düzgün idarə olunması üçün onları sığorta xidmətlərindən istifadəyə təşviq edir. Dünya təcrübəsində də qəbul edilən reallıq ondan ibarətdir ki, müasir dövrdə risklərin idarə olunmasında və maliyyə sabitliyinin təmin olunmasında ən mühüm vasitələrdən biri məhz sığorta xidmətləridir”.
Nigar Xəlilli
16:50 01.09.2026
Oxunuş sayı: 47